Ali Məhkəmə vəkilin şikayətini təmin etmədi

Ali Məhkəmə vəkilin şikayətini təmin etmədi

07-02-2017 15:55 / Bu xəbər 1523 dəfə oxundu

Ali Məhkəmə fevralın 7-si vəkillikdən uzaqlaşdırılan Əlayif Həsənovun Vəkillər Kollegiyasına iddiası üzrə aşağı məhkəmələrin qərarlarından verilən şikayəti təmin etməyib.

Şikayətə Rahib Nəbizadənin sədrlik etdiyi məhkəmə heyəti baxıb.

Ə.Həsənov çıxışında vəkillikdən kənarlaşdırılmasının qanunsuz olduğunu bildirib. O, həmçinin kollegiya üzvlüyündən çıxarılmaqla ayrı-seçkiliyə məruz qaldığını deyib.

Ə.Həsənov məhkəmədən aşağı instansiyanın qərarlarının ləğvini istəsə də, onun tələbi rədd edilib. O, milli məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bəyan edib.

Qeyd edək ki, Ə.Həsənov hazırda xaricdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili olarkən Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı. Kollegiya öz qərarını vəkilin məhkum edilməsi ilə əsaslandırmışdı.

Ə.Həsənovun məhkum edilməsi ilə bağlı məhkəmə hökmü var idi. Həmin hökm Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın şikayəti əsasında çıxarılmışdı.

Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş N.Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını bildirmişdi. Üstəlik, hüquq müdafiəçisi bildirirdi ki, həmin qadın onu döyüb. N.Hüseynova buna görə vəkili məhkəməyə vermiş, onun barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə hökm çıxarılmasına nail olmuşdu.

Əlayif Həsənov vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi sifariş olduğunu deyib.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
 
mənbə: azadliq.org