"Alimentdən yayınan kişinin xaricə çıxışına qadağa qoyulmalıdır”

24-11-2019 14:52 / Bu xəbər 930 dəfə oxundu

"Alimentdən yayınan kişinin xaricə çıxışına qadağa qoyulmalıdır”. 

APA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. 

Komitə sədri keçirdiyi mətbuat konfransında deyib ki, son 14 ildə qadınlar tərəfindən döyülən kişilərlə bağlı onlara 2 dəfə müraciət olunub. 

Hicran Hüseynova dünya təcrübəsindən də danışıb: "Aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir. Məhz bu səbəbdən də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”. 

Komitə sədri hesab edir ki, zorakılıq halları biganəlik ucbatından artır: "Bundan əvvəl qadına qarşı zorakılıq hallarını ailədə bilirdilər. Ona görə də aidiyyatı qurumlar reaksiya verməlidir. Vaxtında qadına dəstək verilsə, elə hallar olmaz”. 

Sığınacaqların vacibliyindən danışan Hicran Hüseynova deyib: "Bizim sığınacaqlar yoxdur ki, zəruri halda uşaqları yerləşdirək. Hansısa müddət o uşaqlar həmin sığınacaqlarda yerləşdirilə, onlara sosial işçilər, psixoloqlar dəstək verə bilər. Dünya ölkələrində elə sığınacaqlar bələdiyyələr tərəfindən yaradılır”.
 
"Uşaqpulu verilsəydi, Azərbaycan ailəsi uçuruma yuvarlanmazdı"

Milli Hüquq evinin rəhbəri Nicat Adıgözəlov Toplum Tv-yə deyib ki, Azərbaycanda Aliment Fondunun yaradılması və icra mexanizmləri barədə 2007-ci ildən daimi müzakirələr aparılır:  "Çünki o vaxtdan  bugünkü ağır problemin ilk əlamətləri görünürdü. Hətta 2011-ci ildə bu məsələyə baxmağın zəruriliyi parlamentdə açıqlandı. Ancaq problem həllini tapa bilmədi. Uşaqpulu verilsəydi, korrupsioner "ünvanlı sosial yardım" tətbiq edilməsəydi, əskiklər fond hesabına doldurulsaydı, məsələ bu qədər dərinləşməz, Azərbaycan ailəsi uçuruma yuvarlanmazdı. Belə bir fond olarsa, dövlət aliment kəsildiyi andan onun ödənilməsini fond hesabına təmin edə, daha sonra aliment verən şəxsdən həmin ödənişi ala bilər”.

Hazırkı qanunvericilik aktlarına görə, məhkəmə valideyndən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, iki uşağa görə qazancın üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancın yarısı miqdarında aliment tutur. Bu məbləğ azaldıla və artırıla bilər. 

Alimentin ödənilməməsi məhkəmə qərarını icra edilməməsidir, bu isə inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə və ya bir aya qədər inzibati həbs cəzası nəticələnə bilir. 

Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsinə əsasən cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.