Alimlər müzakirə etdi: Bu sözlər necə yazılmalıdır?

Alimlər müzakirə etdi: Bu sözlər necə yazılmalıdır?

19-01-2017 02:10 / Bu xəbər 1755 dəfə oxundu

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunun elektron akt zalında "Saytların dil mənzərəsi” adlı mətbuat konfransı keçirilib.

Arqument.az xəbər verir ki, institut rəhbərliyinin keçirdiyi tədbirə dilçi alimlər və media rəhbərləri də dəvət edilmişdilər.

Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, İnstitutun daxilində Monitorinq şöbəsinin yaradılması, "qaynar xətt”in fəaliyyətə başlaması və digər tədbirlər institutun bu sahədə təsir imkanlarını genişləndirməyə və dilin təbliği, qorunması və inkişafında aktiv iştirakını şərtləndirməyə hesablanıb.

Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə davamlı şəkildə monitorinqlərin aparıldığını, regionlarda dil situasiyasının öyrənilməsi ilə bağlı işlər görüldüyünü deyib və hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dil xüsusiyyətləri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verib. O bildirib ki, artıq Nərimanov rayonunda dil xüsusiyyətlərinin monitorinqi başa çatıb: "Yanvar ayının axırı mətbuat konfransı keçiriləcək və nəticələr ictimaiyyətə açıqlacaq".

Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov "Qaynar xətt”ə daxil olan müraciətlərin dildə baş verən hazırkı proseslərə adekvat olmadığını vurğulayıb: "Biz "Qaynar xətt”ə daha çox müraciətin daxil olacağını proqnozlaşdırırdıq. Görünür, ya jurnalistlərimiz dili həddən artıq yaxşı bilirlər və müraciətə heç bir ehtiyac görmürlər, ya da ana dili normalarına laqeydlik düşündüyümüzdən daha çoxdur”.

Dilin inkişafında medianın öndə getdiyini vurğulayan Ş.Məmmədov son aylar bu sahədə müəyyən uğurların olduğunu bildirib: "Həm televiziyaların, həm də elektron medianın ana dili normalarına əməl etməsi sahəsində müəyyən irəliləyişlər var. Əlbəttə ki, bunda Monitorinq şöbəsinin ardıcıl monitorinqlərinin, nəticələrin ictimaiyyətə açıqlanmasının və müzakirələrin də rolu danılmazdır”.

Dil normalarının hazırda heç də mükəmməl olmadığını, çatışmazlıqları etiraf edən Ş.Məmmədov bu tədbirin də medianın çox rastlaşdığı problemləri aradan qaldırmaq üçün təşkil edildiyini diqqətə çatdırıb: "Alimlər ana dilinin qaydalarını mükəmməl bilsələr də, dillə canlı ünsiyyət baxımından jurnalistlər daha öndədirlər. Dilçilik İnstitutunun da proseslərin önündə gedə bilməməsinin səbəbi bu qurumun məhz elmi tədqiqat müəsisəsi olmasıdır. Ancaq biz çətinlikləri müzakirə etməyə və Elmi Şuranın qərarı ilə prosesə dərhal reaksiya verməyə hazırıq ki, ən azı invariantlıq aradan qalxsın, alınma sözlərin qəbulunda nizam yaransın”.

Media nümayəndələri müəyyən dil normalarının mövcud olmaması səbəbindən yaranan problemlərin həllində AZƏRTAC-ın nümunə götürülməsi barədə bir müddət öncə Dilçilik İnstitutunun rəsmi açıqlamasının tənqidi ilə müzakirələrə başladılar. İlk olaraq qeyd edildi ki, Dilçilik İnstitutu sayt adlarının yazılışında normalar konkretləşmədiyi üçün qəzet adlarına tətbiq edilən normanın sayt adları üçün də keçərli olduğunu açıqlayıb: "Ancaq biz AZƏRTAC-da bu tələbin qorunduğunu görmürük. Belə ki, qəzet adları üçün təsbit edilən normanı sayt adlarına da aid ediriksə, onda "The Washington Post”, "The New York Times” deyil, "Vaşinqton Post”, "Nyu York Tayms” yazılmalıdır. Dilçilik İnstitutunun problemin həlli üçün nümunə olaraq göstərdiyi dövlət agentliyi bu normaları qorumursa, onda istər-istəməz, belə normaların mövcudluğu sual altına düşür. Yaxşı olar ki, Dilçilik İnstitutu AZƏRTAC-la ciddi işləsin və bu dövlət agentliyi bir nümunəyə çevrilsin".

Ş.Məmmədov cavab olaraq bildirdi ki, bu adların yazılış qaydası ilə bağlı normalar mövcuddur və xüsusilə Azərbaycan əlifbasında olmayan hərflərlə adların yazılması yanlışdır: "AZƏRTAC-ın keçid dövrü üçün nümunə olaraq götürülməsi barədə Dilçilik İnstitutunun rəyi olmayıb. Bu, bizim keçmiş əməkdaşımızın irəli sürdüyü təşəbbüs idi. Yəni mediaya nümunə göstərəcəyimiz bir sayt adını rəsmi olaraq çəkməmişik, hər bir media qurumu dil normalarına özü riayət etməlidir. Amma əlbəttə, biz çalışacağıq ki, AZƏRTAC nümunəyə çevrilsin, çünki saytlar içərisində normaları ən çox qoruyan AZƏRTAC-dır".

Nazirliklərin rəsmi saytlarında nazirin adının yazılmasında böyük hərflərdən istifadə məsələsinə də bir daha aydınlıq gətirildi. Dilçi alimlər birmənalı olaraq normaların qorunmasını vacib saydılar: "Çox tez-tez təsadüf edilən pozuntulardan biri də nazirlik və nazir adının yazılışında özünü göstərir. Nazirlik adları böyük, nazirin adında isə təmsil etdiyi nazirliyin adı böyük, vəzifə isə kiçik yazılmalıdır – məsələn, Xarici İşlər naziri, Fövqəladə Hallar naziri və s. Dil normalarına görə, yalnız 3 vəzifə böyük hərflə yazılır: Prezident, Baş nazir və Milli Məclisin Sədri. Bu adlar da yalnız xüsusiləşəndə böyük hərflə verilir”.

Azərbaycan dilinin normalarına uyğun olaraq, bu vaxta qədər orfoepiya qaydasının xarici dildə olan abreviaturlara tətbiqi məsələsi də ciddi müzakirə edildi. Media təmsilçiləri OPEK, YUNESKO və s. abreviaturların vaxtilə dil normasına uyğun qəbul edildiyini, indi isə bu prinsipin pozulduğunu xatırlatdılar: "Biz abreviaturun özünün də dilə qəbulunda orfoepiya prinsiplərinə sadiq qalırıqsa, onda, məsələn, SOCAR adına bu qayda niyə tətbiq olunmur? Yaxud bu qaydadan imtina ediriksə, bu da açıqlanmalıdır ki, anlaşılmazlıqlar davam etməsin”.

Dilşilik İnstitutunun rəhbərliyi və alimlər bu səpkidə olan çoxsaylı problemlərin həlli istiqamətində ən qısa müddətdə müzakirələr aparıb, qərarları elan edəcəklərini açıqladılar.

Müzakirələr media nümayəndələri və dilçi alimlərin təklifləri ilə davam etdi.