""Alma" desəm gələcəkdin, "alma" dedim, gəlmədin"

24-09-2016 14:14 / Bu xəbər 5243 dəfə oxundu

Arqument.Az gənc şair İlqar Kamilin şeirini təqdim edir: 

İlqar Kamil

Gözlərimi qapatdım ki, gizlənəsən, ağlayaq,
"Alma" desəm gələcəkdin, "alma" dedim, gəlmədin.
Hanı birgə əl sallayıb, öpəcəkdik qürubu,
Axşam düşdü, ay göründü, su duruldu, 
gəlmədin...

Söylə indi kainatın hansı məhbəsindəsən?
Söylə görüm bulud varmı, yağış varmı orda da?
Heç olmasa, ay insafsız, əllərin də yoxdur ki, 
Axşam-axşam darıxanda adam tuta, təsbeh kimi oynada.

Heç unuda bilmədim ki, gözlərinin rəngini.
O qədər çox sevərdim ki, saçına gül düzməyi.
Indi mənim dünya boyda bağlı ayaqqabım var,
Səndən sonra tərgitmişəm ayaqyalın gəzməyi.

Üstüm-başım, ev-eşiyim, sər-səliqəm, səhmanım,
Nə gülməsi, nə qəh-qəhə, əcəb ağıllanmışam.
Aya da vaxt ayırıram, günəşə də yetirəm,
amma yenə dolmur zaman, 
Sən gedəli bom-boşam...

Hamı, hamı, uşaq-böyük, hamı məndən razıdır.
Gecələrin sükutunu pozmaq nədir, bilmirəm.
Axşam düşdü, salam-məleyk, ən birinci evdəyəm,
Küçələrdə veyil-veyil gəzmək nədir, azmaq nədir, bilmirəm...

Sən gedəli əməllicə düzəlmişəm, gördüyün,
Məni pozan sən imişsən, hamı belə danışır.
Bircə sənin o gözlərin, o gözlərin olmaya,
Xəyalıma gələn kimi bütün nizam qarışır.

Hər şey, her şey qaydasında amma belə qəribə.
Günlər gəlir-keçir, gedir, yadda qalmır amma ki.
Sən gedəli...
necə deyim, qoy lap düzün deyim də, 
Sənsiz adam olmaq olur,
Sənsiz olmur amma ki...