Almaniya Gürcüstan vətandaşlarını deportasiya edir

Almaniya Gürcüstan vətandaşlarını deportasiya edir

24-02-2018 01:22 / Bu xəbər 1164 dəfə oxundu

500 Gürcüstan vətəndaşının ölkədən deport ediləcəyi gözlənilir

Almaniya hökuməti fevralın 20-də Avropaya vizasız səyahət rejiminin qaydalarını pozduğuna görə 65 nəfər Gürcüstan vətəndaşını deportasiya edib. 

Toplum.Tv xəbər verir ki, bu barədə Gürcüstanın bu ölkədəki konsulluğu məlumat yayıb. 

Konsulluğun açıqlamasında deyilir ki, vizasız rejimə əsasən Gürcüstan vətandaşları Avropa ərazisində 180 gün müddətində 90 gündən artıq qala bilməzlər: "Kütləvi deportasiya Almaniya və Gürcüstan hökumətləri arasında vizasız rejimə dair bağlanmış rəsmi razılaşma əsasında aparılır. Almaniyadan sığınacaq istəyən Gürcüstan vətandaşları da deportasiya olunub". 

Gürcüstanın Almaniyadakı baş konsulu İosob Çxıkişvili deyib ki, deportasiya olunanların arasında İslandiya daxil olmaqla, digər ölkələrdən sığınacaq üçün rədd cavabı alanlar da var.

Konsul gürcülərin Almaniyadan növbəti deportasiya dalğasının martın 21-də olacağını söyləyir. 

Almaniyada yaşayan gürcülərin sözlərinə görə, növbəti günlər ərzində 500 gürcünün deportasiya olunacağı təxmin olunur. 

Gürcüstanın xarici işlər naziri Mixayl Canelidze Gürcüstanlı diplomatlarla görüşüb. 

Onlar Avropa İttifaqı ölkələrində sığınacaq axtaran Gürcüstan vətandaşlarının artan sayı ilə bağlı qabaqlayıcı tədbirləri müzakirə edib. 

Gürcüstanın Avropa ilə vizasız rejimi hələ ki sınaq müddətində olduğundan, diplomatlar Gürcüstanın ötənilki ən mühüm uğurunun həyata keçirilməsi prosesinin dondurulmasının qarşısını almaq istəyirlər. 

Məsələ 3 ölkədə - Almaniya, Fransa və İsveçdə daha kəskinlşib. Bu ölkələrdə sığınacaq axtaran, həmçinin cinayət törədən Gürcüstan vətandaşlarının sayı artıb. 

Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatına görə, vizasın rejim tətbiq olunandan (28 Mart, 2017) 10 fevral 2018-ə kimi 226 655 Gürcüstan vətəndaşı vizasız rejimdən istifadə edib. 

Nazirliyin məlumatına əsasən, 2017-ci ilin sentyabrında 238 nəfər Gürcüstan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Bu rəqəm növbəti aylarda artıb. Belə ki, oktyabrda 355, noyabrda 444, dekabrda 522, bu ilin yanvarında isə 745 nəfər olub.

Fatma Babayeva