Alpinistləri axtaran könüllülər: "Axtarışı uzadırlar ki, daha çox pul mənimsəsinlər"

Alpinistləri axtaran könüllülər:

03-01-2018 11:43 / Bu xəbər 4691 dəfə oxundu

"Etiraz edən bir neçə könüllü kampdan qovuldu"

Dekabrın 23-dən Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yola çıxmış 3 alpinist barədə hələ ki heç bir məlumat yoxdur. 

Alpinistlərin axtarışına qoşulan könüllülərin bəziləri Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən polkovnik Şahin Mirzəyevi ittiham edirlər. Onlar bununla bağlı sosial şəbəkələrdə məlumat yayıblar. 

"Çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar"

Fərid Rüstəmzadə feysbukda yazır: "İndi isə gələk orada vicdansızlıq edib camaatın balasının ölüsündən və dirisindən də qazanc götürməyə çalışan daha yüksək rütbəlilərə. Nə qədər ki axtarışlara FHN-nin Quba regional bölümünün rəisi polkovnik Şahin Mirzəyev rəhbərlik edir, heç bir nəticə gözləməyin.

İlk növbədə qərargahda heç bir şərait yaratmamışdı. Hətta uzaq olmasına baxmayaraq, çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar. İşçilərin yedikləri axırıncı günə qədər sadəcə kolbasa-çörək idi. İradlardan sonra əsgərlərə quru əsgər payı paketləri verildi. Buna görə etiraz bildirən bir neçə könüllü kampdan qovuldu".


FHN bəyanat yaydı və... 

Fövqaladə Hallar Nazirliyi isə Qubada itkin düşən alpinistlərin xilasetmə işləri ilə bağlı yeni məlumat yayıb. Yanvarın 2-də yayılmış məlumatda alpinistlərin axtarış işlərinin dayandırıldığı deyilir. Səbəb kimi isə əməliyyatın aparıldığı ərazidə hava şəraitinin kəskin pisləşməsi göstərilir. 

Əməliyyat Qərargahının məlumatında  bildirilir ki, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması  ilə əlaqədar olaraq axtarış-xilasetmə işləri məhdudlaşdırılıb. 

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin qərargah rəisi, polkovnik Şahin Mirzəyev APA-ya deyib ki, hava şəraiti stabilləşən kimi axtarışlar davam etdiriləcək: "Hava şəraiti stabilləşən kimi axtarış-xilasetmə işləri dərhal bərpa olunacaq”.

"FHN istəyir ki, başqası tapmasın"

Könüllülər isə yazırlar ki, Şahin Mirzəyev könüllülərin və Xınalıq camaatına maneçilik törətmək istəyib: "Bunun da iki səbəbi var idi: Birincisi, o, istəyirdi ki, FHN-dən qeyrisi dağçıları tapmasın. Çünki bu, onun fəaliyyətinə "minus” idi. Digər yandan isə axtarışları uzatmaq istəyirdi ki, daha çox pul mənimsəyə bilsin”.

"Şahin Mirzəyev bizə kömək etməyə çalışırdı"

Könüllülərdən bəziləri, məsələn Nurlan Xudazarov ittihamlarla razı deyil: "Deməsəm, böyük bir haqsızlığa göz yumacağam. Dekabrın 26-sı gecə axtarış xilasetmə üçün 7 nəfər heyətlə Xınalığa çatdıq. Xınalıq - Şahyaylağı yolunda qarın hündür və şaxtanın çox olması səbəbilə nəqliyyatın hərəkətinin mümkün olmadığı üçün gecəni Xınalıqda keçirdik (26 dekabrda qrup qayıtmalı idi. Biz 26-sı gecə artıq Ziya Qasımovun zəngi ilə Xınalığa getmişdik). 

Dekabrın 27-i axtarışın ilk günü idi. Bizə havadan FHN-nin helikopteri dəstək verirdi. 27 dekabr axşam saatlarında FHN-nin Quba regional bölməsinin rəisi polkovnik Şahin Mirzəyev və şəxsi heyət Xınalıqda bizə qoşuldu. 28 dekabrda axtarışlara məhz FHN-nin xilasediciləri ilə birlikdə qoşulduq. Şahin Mirzəyev əlində olan bütün səlahiyyətlərdən və mümkün imkanlardan istifadə edib bizə kömək etməyə çalışırdı. Qərargahda çoxalan "turistlər"in sayı ehtimal versiyalarının mətbuata dərhal çıxmasına səbəb oldu. Hansı ki, sonradan bu fərziyyələr öz təsdiqini tapmadı. Hadisə yerindən turistik şəkillər paylaşılmağa başladı. Deyə bilərsiniz ki, ictimaiyyətin də bu ehtimallardan məlumatı olmalıdır. Mən sizinlə razı, amma dağçıların ailələrinin həssasiyyətini də nəzərə almaq lazım idi. Nəticədə, qərara alındı ki, düşərgə yerinə təchizatı tam olan şəxslər buraxılsın və artıq adamlar buradan uzaqlaşdırılsın. Əgər sənin ləvazimatın yoxdursa, sənin orda nə işin var, a kişi!"

"Bəzi könüllülər alpinist adı ilə gəlirlər"

Ş. Mirzəyev bu iddialara da münasibət bildirib: "Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könlüllülər lazımdır”.

"İki nazirlik arasında qeyri-rəsmi problem axtarışa mane olur"

Alpinistlərin axtarışında könüllü şəkildə iştirak edən bir qrup peşəkar dağçı da yanvarın 2-də bəyanat yayıb. Bəyanatda axtarışların gedişatında əhəmiyyətli nöqsanların və etinasızlığın olduğu vurğulanır. Dağçılar bildirir ki, axtarışlar zamanı dövlət qurumlarının aralarındakı qeyri-rəsmi problemlər prosesə mənfi təsir göstərir. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi düşünür.

Bəyanatda deyilir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşları yerində gecələmək üçün ləvazimatlarla təchiz olunmadığından,  yenidən axtarış yerinə qayıdırlar. Bu isə vaxt itkisinə yol açır. Onların fikrincə, ANAMA-nın metal detektorları da axtarış üçün yararlı deyil. 

Peşəkar dağçılar aidiyyəti dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət xarakterli təkliflər də ünvanlayıb. Onlar axtarışlara əsgər-zabit heyəti və xüsusi təyinatlıların cəlb olunmasını, lokatorlardan və  xüsusi detektorlardan istifadənin təmin edilməsi tövsiyyə edir. Həmçinin, qərargahın axtarış yerinə yaxın yerləşdirilməsinin və lazımi maddi-texniki baza ilə təminatın vacibliyini vurğulayır. Dağçılar koordinasiya işinin də qismən onlara verilməsini istəyir.

Onların bəyanatında prosesin siyasiləşdirilməməsi vurğulanır: "Proseslər heç bir halda siyasiləşdirilə, yaxud dövlət qurumları arasında olan narazılıqların ictimailəşdirilməsi məqsədi ilə istifadə oluna bilməz”. 

"Şahin Mirzəyev könüllünü vurmaq istədi"

Könüllülər isə qeyd edirlər ki, Şahin Mirzəyev prosesdən uzaqlaşdırılmalıdır: "Özümün şahidi olduğum bir məsələni yazım. Ayın 30-da bir nəfər adını bilmədiyim könüllü ona etiraz etdiyinə görə Şahin onun üstünə hücum çəkdi, vurmaqla hədələdi. Axtarış üçün yardıma gələn könüllüylə prinsipə girdi. Daha sonra polkovnik həmin könüllünün də içində olduğu bir qrup könüllünün təxliyyəsi üçün helikopter çaırmışdı. Sonra isə NİVa-yla helikopterin düşdüyü meydançaya adam göndərib, helikopteri boş geri qaytarmışdı. Ayın 31-i isə Xınalıq kəndindən olan könüllü dəstə ilə prinsipə düşmüş onlara müxtəlif maneələr göstərməyə çalışmışdı. Bu bir neçə gündə Şahin Mirzəyevin etdiyi özbaşınalıqlar, qanunsuzluqlar, axtarışa göstərdiyi maneələr sayılmaqla bitməz". 

"O məlumatları Ekologiya Nazirliyinin adamları yayıb"

İttihamlarla bağlı xeber365.com saytına danışan Şahin Mirzəyev deyilənləri qəbul etmir. O bildirib ki, son bir həftə ərzində hər gün səhər saat 6-dan axşamacan axtarış ediblər və hər gün Tufandağın zirvəsinə doğru yürüş olub: 

"Bütün yolboyu uçqun olan yerlərdə axtarışlar aparırıq. Qərargahdan Tufandağın başına qalxmaq üçün 7-8 saat vaxt lazımdır. Onların ola biləcəyini güman etdiyimiz bütün yerləri axtarırıq. Öz təcrübəmizə əsasən təxmin edirik ki, harda, hansı istiqamətdə ola bilərlər. Bizə axtarış haqqında heç bir anlayışı olmayan, yoldan keçənlər, yaxınlıqdakı kəndlərdə yaşayanlar da qoşulmaq istəyir. Ancaq biz onları axtarış qrupuna qoşa bilmərik. Çünki bu, bizim işimizə mane ola bilər. Bilməyəcəm ki, itkin düşən alpinistləri axtarım, yoxsa nabələd adamların canının hayına qalım”. 

Şahin Mirzəyev könüllüləri qəsdən axtarışdan uzaqlaşdırmaları ilə bağlı yayılan məlumatların doğru olmadığını söyləyib: "Bir qrup insanın məqsədi ancaq gəlib hansısa dərənin dibində, ya helikopterdə şəkil çəkdirib paylaşmaqdır ki, guya o da axtarışla məşğuldur. Guya dağa çıxmaq istədiklərini deyirlər, amma yarıyoldan qayıdırlar. Onların təhlükəsizliyinə biz cavabdehik. Gedər, uçquna düşər, ona birbaşa mən cavabdehəm. Onların heç bir texniki avadanlığı yoxdur. Gəlib ki, mən adi bir ayaqqabı ilə gedirəm axtarışa. Biz buna necə icazə verə bilərik? Qətiyyən olmaz”.

Ş. Mirzəyev prosesdə yeyinti hallarının olması ilə bağlı yayılan informasiyalara da cavab verib. O, belə bir şeyin mümkün olmadığını söyləyib: "Yalandan yazırlar ki, helikopterin yanacağına pul ayırırlar. Belə şey ola bilməz. Bu, bizim vəzifə borcumuzdur. Bu, bizim gündəlik fəaliyyətimizdir. Şimal regionunda gün ərzində 10-15 dəfə bu cür hadisələr olur. Bəyəm hər hadisə üçün bizə ayrıca pul ayrılır? Əlbəttə, yox. Biz hər ayın axırı bunun üçün əmək haqqımızı alırıq. Helikopter üçün xüsusi aviasiya xidməti var. Yanacağı da onlar verir. Biz sadəcə icraçıyıq. Bizə nə göstəriş verirlər, onu da edirik.

Ş. Mirzəyev barəsində yayılan xəbərlərin Ekologiya Nazirliyinin adamları tərəfindən yayıldığını söyləyib: "Başlarında duran da Rusif Bağırov adlı şəxsdir. Onlar təxribatçıdırlar. Əslində, Ekologiya Nazirliyi belə havada alpinistlərin o istiqamət üzrə getmələrinə icazə verməməli idi. Eynilə, həmin idman klubu buna qarşı çıxmalı idi. Ancaq icazə verilib. Ona görə də belə əl-ayağa düşüb, bizi qaralayırlar. 3 alpinistin həyatına görə onlar məsuliyyət daşıyır, ancaq bizi ləkələmək istəyirlər”.

"Rusif Bağırov ETSN-in əməkdaşı deyil"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova xeber365.com-a açıqlamasında nazirliklə bağlı ittihamlara aydınlıq gətirib:

"Rusif Bağırov ETSN-in əməkdaşı deyil və onun nazirliklə, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Kənddə yaşayan bir adamdır. Bu, cəfəngiyyatdır. Alpinistlərin itkin düşməsi ilə bağlı məlumat alınan ilk gündən etibarən Ekologiya Nazirliyinin həmin ərazini tanıyan əməkdaşları FHN-lə birgə axtarışlarda iştirak edib. Yəni alpinistlərimizin tapılması üçün iki nazirlik əl-ələ verib çalışıb. Ola bilər ki, kimsə iki dövlət qurumunu üz-üzə qoymaq, görülən işlərə kölgə salmaq istəyir və yayılan qeyri-səhih məlumatlar da buna xidmət edir. Əksinə, Ekologiya Nazirliyi bütün qüvvələrini tabe edib könüllü surətdə Fövqəladə Hallar Nazirliyinin qərargah rəisinə ki, bir əldə idarə olunsun. Əsas məsələ kömək etməkdir. Birmənalı şəkildə deyirəm ki, yayılan məlumatlar təəssüf hissindən başqa bir şey doğurmur. Kimsə intriqa məqsədi ilə ola bilsin hardasa məqsədli şəkildə nə isə yazıb, amma rəsmi mətbuatda buna rast gəlməmişik. Bir daha bildirirəm ki, bu, cəfəngiyyatdan başqa bir şey deyil”.

"Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

FHN-nin Əməliyyat Qərargahınən yaydığı məlumatda bildirilir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. Növbəti gün, 27 dekabr 2017-ci ildə səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış işlərinə nazirliyin canlı qüvvə və texnikası, o cümlədən aviasiya dəstəsinin «Mi-17» markalı helikopteri , xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri və peşəkar alpinistlərdən ibarət könüllü dəstə də axtarışlarda iştirak edir.///toplum.tv