Amnesty International Ülvi Həsənlinin əsgərliyə aparılması ilə bağlı petisiya élan etdi

Amnesty International Ülvi Həsənlinin əsgərliyə aparılması ilə bağlı petisiya élan etdi

13-02-2018 18:56 / Bu xəbər 2033 dəfə oxundu

Təşkilat hərbi xidmətə çağırışı onun vətəndaş fəallığı ilə bağlı olduğunu bəyan edib

Azərbaycanlı gənc fəal Ülvi Həsənli sağlamlığında problem olmasına baxmayaraq həqiqi hərbi xidmətə çağırılıb.

Bu barədə hüquq müdafiə təşkilatı olan Amnesty International məlumat yayıb. 

Məlumatda deyilir ki, Ü.Həsənli hərbi xidmət keçmək üçün döyüş bölgəsinə göndərilib.

Təşkilat qeyd edib ki, 2017-ci ilin sentyabrında Ü.Həsənli tibbi müayinə keçdikdən sonra 2019-cu ilə qədər hərbi xidmətdən azad edilib.

Müayinə onda böyrəklərində problem olduğunu və sidik kisəsində daş olduğunu aşkar edib.

Buna baxmayaraq 2017-ci ilin oktyabrında Ü.Həsənli saxlanılaraq, hərbi hissəyə aparılıb.

Ülvi Həsənli özü 2017-ci ilin oktyabrın 26-da, səhər saat 12-də üç hərbçi tərəfindən saxlanılaraq məcburi şəkildə Səfərbərlik Xidmətinə aparıldığını bildirib:

"Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə "Bakı Hərbi Polisinə gedirik”, - dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.

Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Amnesty International hesab edir ki, bu qərar Ü.Həsənlinin vətəndaş kimi fəallığının nəticəsidir.

Bundan başqa təşkilat qeyd edib ki, Azərbaycan hakimiyyəti birinci dəfə deyil ki, hərbi xidmətə çağırışı gənc fəalların təqib olunması üçün istifadə edir. 

Amnesty International uzun müddətdir Azərbaycan hakimiyyətinin insan haqlarının qorunması istiqamətində beynəlxalq öhdəliklərinin yerinə yetirmədiyini qeyd edib və fərqli fikirli insanların təqib olunduğunu, saxtalaşdırılmış ittihamlarla həbsə atıldıqlarını bəyan edib.

Təşkilat Ü.Həsənlinin hərbi xidmətə çağırılması ilə bağlı müdafiə naziri Zakir Həsənovun, Dövlət Səfərbərlik xidmətinin rəisi Arzu Rəhimovun, Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlunun adına müraciətlə bağlı petisiya hazırlayıb və saytında imzalamaq üçün açıq elan edib.