"Ancaq Azərbaycanda "Qadın qul bazarı" var" - REPORTAJ

10-11-2017 00:24 / Bu xəbər 696 dəfə oxundu

"Bu soyuqda dizlərim torpağa qoyub 1000 dəstə göy bağlayıram, əvəzində 12 manat alıram”

Bunu Toplum.Tv-yə "parnik"lərdə günəmuzd çalışaraq xəstə həyat yoldaşını və 15 yaşlı qızını dolandıran Fəridə Məmmədova deyib.

Fəridə Məmmədova səhərin mərkəzindən xeyli uzaqda yerləşən "Xəyal” bazarındakı "Qadın qul bazarı”nda dayanan müxtəlif yaş qruplarından olan qadınlardan, sadəcə, biridir. 

Bazardakı kənd qoxusu ilə 7 xanımın səs-küyü bir-birinə qarışıb. Buranı digər bazarlardan fərqləndirən əsas cəhəti nə qiymət ucuzluğu, nə də məhsullarının keyfiyyətidir. Bazarın özəlliyi sübh tezdən buraya yığışan müxtəlif yaş qrupundan olan qadınların iş üçün toplanmasıdır. 

"Çörəkpulu üçün bir-birinə ağır ifadələr işlədirdilər" 

Çəkinərək yaxınlaşmaq istədiyim qadınların iş üçün alovlu şəkildə mübahisəsini görəndə geriyə necə qayıtmaq barədə düşündüm. Axı çörəkpulu üçün bir-birinə ən ağır ifadələr işlədən bu qadınlarla indi hansı dildə danışa bilərdim.

"Prezidentin yolu buradan düşəndə bizi gizlədirlər"

Bir az müşahidə etdikdən sonra onlara yaxınlaşdım. Telefonla qurdalandığımı görən və sarı saçları süpürgəni xatırladan 40 yaşlı bir xanım mənə tərəf gəlməyə başladı. 

Yaxınlaşıb: "Niyə bizi çəkirsən? Görmürsən ki, abrımıza qısılıb bir küncdə gizlənirik?", - dedi. Bu sual məni azca ürəkləndirdi. Sonradan adının Zəminə olduğunu öyrəndiyim xanıma jurnalist olduğumu dedim. 

"Mən utanmalıyam, yoxsa məni işsiz qoyanlar?!"

Ona məni maraqlandıran onların mübahisəsi yox, burada - "Qul bazarı"nda dayanmaları olmasını izah etmişdim ki, bir dəri, bir sümük olan 58 yaşlı digər bir qadın uca səslə dedi: "Prezidentin yolu buradan düşəndə bizi gizlədirlər. Mən çörəkpulu üçün bu soyuqda bütün ağır işləri görürəm. Əvəzində isə 10 manat alıram. Mən utanmalıyam, yoxsa məni işsiz qoyanlar?!”

Mən sual verməyə macal tapmamış müsahibim əlavə etdi ki, saat 6-dan burada dayanıb, amma hələ bir nəfər yaxınlaşıb ona iş təklif etməyib: "Kimə gedim deyim ki, mənə 1 manat çörəkpulu ver? Saatladır gözləyirəm, amma yaxınlaşan adamlar da məni saymayıb cavan gəlinlərə tərəf gedirlər. Oğlum da yoxdur ki, gedib işləyə, bizi dolandıra, yoldaşım isə xəstədir”. 

Əlləri qabar və çat-çat olan bu qadın 15 yaşında qızını oxutmaq üçün buradakı təhqirdolu baxışları sinəyə çəkir. 

"Dünyanın heç bir yerində qadınlar belə alçaldılmır"

Yoldaşının pensiya alıb-almadığını soruşanda isə cavab verdi ki, bunu sadəcə, hər il arzu edir: "Çörəkpulunu güc-bəla ilə tapırıq, yoldaşımın pensiya almasını isə hər il sadəcə, niyyət edirik. Çünki xəstəliyi ilə  bağlı ona pensiya verimir. Pensiyanı düzəltmək üçün pul lazımdır. Dünyanın heç bir yerində qadınlar belə alçaldılmır. Ancaq Azərbaycanda qadın qul bazarı var”.

Rəngli gözlərindən kədər axan 27 yaşlı Aytən isə 2 övladını saxlamaq üçün burada olduğunu, amma hər dəfə bura gələndə alçaldığını hiss etdiyini dilə gətirir: "5 manat da əlavə qazansam, mənə bəs edir. Qar yağanda burada dayanmaq da mümkün olmur”.

"İranda soruşdular ki, doğurdan, Azərbaycanda "Qadın qul bazarı" var?"

Adını demək istəməyən uca boylu, digərlərinin yanında daha gümrah və yaşından dəfələrlə görünən qadın isə deyir: "Hər gün gəlmirəm bura. Ancaq işdən çıxanda gəlib dururam. Çünki işdə aldığım məvacib bəs eləmir". 
 
50 yaşlı Gülbəz xanım isə bu bazarın varlığından utandığını dilə gətirir: "İrana müalicəyə gedəndə məndən soruşdular ki, bəs doğurdan, Azərbaycanda qadın qul bazarı var? Deməyə utandım ki, mən də orada dayanıram. Elə bil ki, nəsə günah iş görürük. Zəhmətimizlə çörəyimizi qazanmağa dayanırıq. Saatlarla soyuq daşın üstündə otururam ki, bir nəfər gəlib məni işə aparacaq”. 

Azərbaycanda 8 ildir ki, "Qadın qul bazarı" mövcuddur. Bu qadınlar da 8 ildir ki, mütəmadi olaraq "Qadın qul bazar”ına  gəlirlər. Maaşı stabil olan iş tapmağı istəsələr də, 150 manata dolana bilmədiklərindən gileylənirlər...

Ofelya Ramilqızı
Toplum.Tv