ANS-in kollektivi Heydər Əliyevə müraciət etdi

ANS-in kollektivi Heydər Əliyevə müraciət etdi

17-05-2017 15:52 / Bu xəbər 2338 dəfə oxundu

"Sizə rəhmət olsun! Ruhunuzu narahat etdiyimizə görə üzr istəyirik. Amma başqa çıxış yolumuz qalmadı. Özünüz bizə dəfələrlə tapşırmışdınız ki, bir çətinliyə düşsək, sizə müraciət edək. İndi məhz o zamandır".

Qapadılmış ANS telekanalının kollektivinin mərhum prezident Heydər Əliyevə müraciətində belə yazılır.

Kollektiv keçmiş prezidentə "ulu öndərimiz", "mənəvi liderimiz" deyə xitab edir və qeyd edirlər ki, hazırda ən çətin günləri yaşayırlar:

"10 aydan artıqdır ki, keçmiş Sovetlər Birliyinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Vətənpərvərliyini, təmizliyini, dəqiqlik və halallığını nümunə göstərdiyiniz, yüksək qiymətləndirdiyiniz, fəxr etdiyiniz, fiziki ömrünüzün sonunda son söz demək üçün seçdiyiniz kanalı terrorçuluğa dəstəkdə günahlandıraraq bağlayıblar".

Kollektiv yazır ki, ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdikləri dövlət qurumları da onlara yalnız sükutla cavab verirlər: 

"Həmişə özümüzə dost və qardaş, demokratik azadlıqların təminatçısı hesab etdiyimiz, səs verdiyimiz prezidentə səsimiz gedib çatmır. Beynəlxalq qurumların Azərbaycanda inkişaf və vicdanlı informasiya modeli saydığı qurumun bağlanması onu milyon manatlarla borcla üz-üzə qoyub. Sizin bizə ilk müstəqil televiziya və radio binasının inşası üçün təklif verib ayırdığınız, prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin martında tikintisinə başladığımız layihənin mənzərəsi bu gün miskin bir xarabalığı xatırladır".

"SƏHV YALNIZ QƏBİRİSTANLIQDA OLMUR"

Kollektiv ANS-in 25 illik keçmişindən məhrum edildiyini, otaqlarının qapılarının hüquq-mühafizə orqanlarının əmri ilə möhürləndiyini yazırlar.

"Biz heç vaxt terrorçu olmamışıq, bunu siz hamıdan yaxşı bilirsiniz. Əksinə, Azərbaycanın məruz qaldığı terror aktlarını lentə ala, tarixə köçürən ANS olub", - deyə yazan kollektiv səhvlərinin olduğunu da əlavə edir.

"Siz özünüz də həmişə deyərdiniz ki, "səhv yalnız qəbiristanlıqda olmur". Amma bu səhvlərin heç biri cinayət deyil. İş olan yerdə səhvin də, anlaşılmazlığın da olması təbiidir. Biz sizin yolunuzla gedirik. Bundan sonra da öz yolumuzu dəyişmək niyyətimiz yoxdur".

ANS telekanalının kollektivi bundan əvvəl yardım məqsədilə ölkə başçısına da müraciət etmişdi.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə ötən il iyulunun 15-də dövlət çevrilişinə cəhddən sonra ANS-in efirində həmin hadisələrdə adı hallanan Fethullah Gülen-in müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia etmişdi. Həmin ayın 18-i saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırmışdı.

Şura daha sonra ANS-ə 2013-cü ildə verilmiş lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmişdi. Məhkəmə də iddianı təmin edib. Üstəlik, Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

ANS rəhbərliyi həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.

ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.
 
Azadliq Radiosu