Apelyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib

Apelyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib

30-07-2018 15:51 / Bu xəbər 1452 dəfə oxundu

Sumqayıt Apelyasiya Məhkəməsi "Yüksəliş naminə" qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Elçin Məmmədin şikayətini təmin etməyib. 

Proses hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilib. Məhkəmə iyulun 4-də keçirilsə də məhkəmənin qərarı iyulun 27-də baş redaktora təqdim edilib. 

Bu barədə Turan-a Elçin Məmməd bildirib.

Sumqayıt Şəhər Prokurorluğu 2017-ci ilin noyabrında baş redaktora xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, "Yüksəliş naminə" qəzetində (xəbər portalında) və sosial şəbəkələrdə dərc edilən yazılar respublikada iqtisadi sahədə həyata keçirilən islahatların və tədbirlərin üzərinə kölgə salıb və ictimai rəyi çaşdırmaq məqsədi daşıyıb.

Baş redaktor prokurorluğun xəbərdarlığı ilə bağlı yerli məhkəməyə müraciət edib. Yerli məhkəmə E. Məmmədin müraciətini təmin etməyib. Baş redaktor yerli məhkəmənin qərarından apelyasiya şikayəti verib.

E.Məmməd hesab edir ki, prokurorun rəsmi xəbərdarlığı onların informasiya əldə etmək, məlumat yaymaq hüququnu pozur. Həmçinin gələcəkdə ona və əməkdaşlarına qarşı həbs təhlükəsi yaradır.

"Çünki prokuror xəbərdarlıqda göstərib ki, belə hallar təkrarlanarsa, barəsində daha ciddi tədbirlər görüləcək. Yəni, baş redaktor məhz rəhbərlik etdiyi qəzetdə (xəbər portalında) tənqidi yazılar yazıldığı üçün xəbərdarlıq alıb. Belə çıxır ki, biz respublikada keçirilən islahatlar və tədbirləri, ölkənin siyasi durumunu tərifləməliyik, əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyik. Hesab edirəm ki, prokurorun bu hərəkəti bizə qarşı təzyiqlərdən biridir və bu xəbərdarlıq bizi öz rəyimizi məcburi dəyişdirmək niyyəti güdür", - o qeyd edib.

Elçin Məmməd Apelyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.