Açıq mənbələrdən foto Baş Prokurorluqdan “MTN açıqlaması”

Açıq mənbələrdən foto Baş Prokurorluqdan “MTN açıqlaması”

22-10-2018 10:55 / Bu xəbər 1215 dəfə oxundu

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında belə yazılır.

Prokurorluq kütləvi informasiya vasitələrində ləğv olunmuş MTN-in həbsdəki bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib".

Açıqlamada bildirilir ki, MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb, istintaqı tamamlanıb. Bakı Hərbi Məhkəməsi sabiq vəzifəli şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natavan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyevi müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edib.

Prokurorluq eyni zamanda sözügedən iş üzrə məhkum olunan iki nəfərin azadlığa çıxdığını təsdiq edib. Ancaq bildirilir ki, həmin iki nəfər cəzasını çəkib bitirdikləri üçün azadlığa buraxılıblar. Söhbət Bakı Hərbi Məhkəməsinin aprelin 23-də verdiyi hökmlə 3 il azadlıqdan məhrum edilmiş Eşqin Əliyev və Anar Şirəliyevdən gedir.

Prokurorluq vurğulayır ki, məhkəmə hökmü verərəkən onların az ağır cinayət törətmələrini, istintaqla yaxından əməkdaşlıq etmələrini nəzərə alıb. Eşqin Əliyevin cəzasının əvvəli 2015-ci il oktyabrın 17-dən, Anar Şirəliyevinki isə 2015-ci il oktyabrın 18-dən hesablanıb.

"Onlar cəza müddətlərinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından azad olunmuşlar", - Baş Prokurorluğun açıqlamasında bildirilir.

Son günlər MTN işinə görə məhkum edilmiş bir neçə sabiq vəzifəli şəxsin həbsdən azad edilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun açıqlamasında adı çəkilənlərdən başqa, MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun da azadlığa buraxıldığı bildirilir.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. Mirəziz Əsgərova 3 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib.

Keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Onunla bağlı istintaq davam edir. Vüqar Mahmudov keçmiş nazirin köməkçisi olmaqla yanaşı, həm də onun əmisi oğludur.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə ittiham olunurlar.

Onlar özlərini təqsirli bilmirlər.