Aqil Ələsgər sərbəst buraxılıb

Aqil Ələsgər sərbəst buraxılıb

01-08-2018 14:46 / Bu xəbər 1810 dəfə oxundu

O, iki gün öncə saxlanılmışdı

Avqustun 1-də saxlanılan "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər sərbəst buraxılıb.

Bu barədə onun rəhbərlik etdiyi saytın jurnalistləri "Facebook”da yazıblar.

Aqil Ələsgər iyulun 30-da saxlanılmışdı. Bu barədə onun həyat yoldaşı Günay Fərəcova məlumat yaymışdı:

"Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də "WhatsApp” mesajlarımıza cavab verdi. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb. Onlar Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb. Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən sonra Xəzər Rayon Polis İdarəsinin 1 saylı polis bölməsində izahat yazdıq. Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik.Aqil Ələsgər jurnalist fəaliyyəti dövründə daima FETÖ terror təşkilatını ifşa edib. Onun araşdırma yazıları və müəllifi olduğu kitablar sözügedən terror təşkilatının ifşasında müstəsna rolu olub. Bu mənada Aqil Ələsgərin yoxa çıxmasında FETÖ-nün rolunun olduğu istisna deyil” - deyə, Günay Fərəcova bildirmişdi.

İyulun 31-də Aqil Ələsgərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel kimi tanınır-red) saxlanıldığı haqda məlumat yayılmışdı.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz "Facebook” səhifəsində xəbər yayaraq məsələni araşdıracağını qeyd etmişdi.

A.Ələsgər "Yeni Çağ” Media Qrupunu 2007-ci ildə yaradıb və həmin vaxtdan da bu qrupa rəhbərlik edir. Qrupun eyniadlı saytı da fəaliyyət göstərir.