"Aqrolizinq" ASC-nin filialları özəlləşdirilir

20-12-2018 12:51 / Bu xəbər 1513 dəfə oxundu

Prezident İlham Əliyev dekabrın 19-da kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman verib. 

Fərmanda bir sıra məqamlar öz əksini tapıb.

Sənədin girişində yazılıb ki, son 14 ildə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirib güzəşt tətbiq edilməklə istehsalçılara lizinqə verib və ya satıb. Bu Cəmiyyət 2004-cü il oktyabrın 23-də yaradılıb.

Bəhs edilən fərmanda isə qeyd edilir ki, hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə ehtiyac yaranıb. Habelə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

7 faizlə kreditlər...

Fərmanın birinci bəndində Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası təsdiq edilib. Orada yazılıb ki, hər bir müvəkkil kredit təşkilatından ötrü müəyyən edilən kredit xəttinin maksimum həcmi (limit) 5 milyon manatdır.

Kreditlərin həddi, müddəti və faizlərinə gəldikdə isə, burada bir neçə bənd öz əksini tapır. Onlarda, əsasən, 5 min manatdan (mikrokreditlər) tutmuş 1 milyon manata qədər olan kreditlərdən bəhs edilir. Sonucu kənd təsərrüfatı istehsal vasitələrinin alınmasından ötrü verilir. Güzəştli mikrokreditlərdə müddət 2 il, irihəcmli kreditlərdə 5 ildir.

Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc müqaviləyə uyğun olaraq sonra verilir.

«Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır»,- sənəddə yazılır.

«Aqrolizinq» ASC-nin əmlakı hesablanacaq

Prezidentin fərmanında «Aqrolizinq» ASC-nin əmlakının hesablanmasından da bəhs edilir.

Sənədə əsasən, cəmiyyətin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsi təşkil olunmalı və məlumat Əmlak Məsələləri Dövlət Komitəsinə verilməlidir.

Bütün öhdəliklər yerinə yetirildikdən sonra isə cəmiyyətin vəsaiti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına köçürülməlidir.

Özəlləşdirmə...

Daha sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirməlidir.

Fərmana görə, Kənd Təsərrüfatı Nazirliyi innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərə almaqla, aqrar sahədə güzəşt olacaq texnikalarla bağlı təkliflərini 3 ay müddətində prezidentə təqdim etməlidir

Habelə, beynəlxalq nüfuzlu məsləhətçi şirkət cəlb etməklə, aqrar sahəyə dövlət dəstəyinin konsepsiyası, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının layihəsi də həmin vaxta dövlət başçısına verilməlidir.

Fərmanla Nazirlər Kabineti, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin də üzərinə bir sıra vəzifələr qoyulub.///azadliq.org