Aranlı sakinləri: Mal-qaranı harda otaraq?

Aranlı sakinləri: Mal-qaranı harda otaraq?

29-04-2018 15:50 / Bu xəbər 3705 dəfə oxundu

Onlar uzun illərdir ki, kənddəki hektarlarla örüş sahələrindən istifadə edə bilmirlər

"O sahələr kəndlilərə örüş yeri kimi verilmişdi. Uzun illər idi ki, kəndlilər mal-qarasını orda otarırdı. Saxta sənədlər düzəldib, 400 hektar yerin çox hissəsini paralayıb satıblar. İndi örüş sahələrimizə yaxın düşə bilmirik”.

İmişlinin Aranlı kənd sakinləri Meydan TV-yə danışırlar ki, əhaliyə məxsus olan kənddəki 400 hektar örüş yerinin 380 hektarı zəbt olunub. Onların sözlərinə görə, kənddəki keçmiş Lenin adına kolxoz üzrə 1996-2003-cü illərdə həyata keçirilən torpaq islahatı zamanı 380 hektar ərazi qanunsuz olaraq dövlət fondunda saxlanılıb. Sonrakı vaxtlarda həmin yerdən istifadə ilə bağlı qəbul edilən qərarlar mülki mübahisəyə, əhalinin etirazına səbəb olub. Halbuki, islahat vaxtı kənd sakinləri bu yerin örüş-otlaq sahəsi kimi onların ümumi istifadəsində saxlanılması üçün pay torpaqlarının bir hissəsindən könüllü imtina ediblər. Bu təklif ümumi yığıncaqda bəyənilib. Rayonun İslahat Komissiyasının sədri, İmişli rayon icra hakimiyyətinin keçmiş başçısı Vidadi Məmmədov kəndlilərə söz verib ki, sənədləşmə təklifə uyğun olaraq aparılacaq. Ancaq adambaşına düşən pay torpağı azaldılsa da, sonradan kəndlilərə məlum olub ki, sözügedən torpaq sahəsi dövlət fondunda saxlanılıb.

Hər yeri zəbt edib

Kənd sakini İsmayıl İbayev: "Torpaq islahatı vaxtı əyintilərə yol verilməsində ayrı-ayrı vəzifəli şəxslərin maraqları olub. Onlar vəzifələrindən, qulluq mövqelərindən sui-istifadə edərək ümumxalq əmlakına tamah salıb. Belələrindən biri - Şakir Hüseynov 1996-97-ci illərdə kənddə ən gözəgəlimli yeri uzun müddətə icarəyə götürmə adı ilə ələ keçrib. Həmin vaxt kolxoz sədri işləyən bibisi oğlu Yavər Əliyevin köməyi ilə kolxozun silos quyularının panellərini daşıyıb böyük bir mal-qara ferması tikib. Kolxozun iri və xırdabuyuzlu heyvanlarını qohum-əqrabalarının adına əmlak payı kimi sənədəşdirməklə bu təsərrüfata gətirib, anbarda olan taxıl məhsullarını "heyvan yemi” kimi mənimsəyib. Elə bu fakta görə keçimiş kolxoz sədri cinayət məsuliyyətinə cəlb edilib, Şakir Hüseynov isə hamıya bəlli olan yolla əməllərini istintaqda ört-basdır etdirib”.

Kəndlilərin deməsinə görə, ələ keçirilən sahə sənədlərdə 80 hektar göstərilsə də, faktiki 120 hektardan çox olub. Buna görə Şakir Hüseynov onun 100 hektarını çox hissəsini kənddə, ümumiyyətlə, rayonda yaşamayan bir adama 100 min manata satıb. Dövlət əmlakı üzərində bazarlığın, bu qədər torpaq sahəsinin bir adamın mülkiyyətinə verilməyinin sirri kəndlilərə hələ də məlum deyil.

"Şakir Hüseynov həmin ərazidən özünə daha 15 hektar saxlayıb və burada yeni maldarlıq təsərrüfatı yaratmaq iddiasındadır, qanunsuz yolla otlaq sahəsini şumlayaraq orada əkin işləri aparır. Bununla kifayətlənməyərək əhalinin ümumi istifadəsində olan 380 hektarlıq örüş-otlaq sahəsinin 20-25 hektarını da ələ keçirməyə cəhd göstərir və onun hər belə cəhdi əhalinin ciddi etirazı ilə qarşılanır” – adının açıqlanmasını istəməyən kənd sakini belə deyir.

"Alçali”, "Köbürlü” əraziləri kəndlilərin əlindən çıxıb

Kəndlilər düşünür ki, bu sahəyə dair sənəd, vaxtilə Şakir Hüseynovun ərazidən özünə saxladığı torpağın sənədidir. Üstəlik o, özbaşına kollektor çəkməklə əhalinin örüş sahəsindən istifadəsinə maneələr yaradır. İsmayıl İbayev sözünə davam edir:

"Şakir Hüseynov bələdiyyə sədri işlədiyi vaxt vəzifəsindən, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və yaxın qohumlarının adına sənədləşdirməklə bələdiyyə torpaqlarının bir hissəsini ələ keçirib. Vaxtilə kolxozun daşdan tikilən "Sahə damı”nın yaxınlığında 4-5 hektar da bələdiyyə torpağı saxlayıb, Hacırüstəmli kəndinin yaxınlığında yerləşən, 20 hektar ərazini əhatə edən "Alçalı”dan polisdə işləyən oğlunun adına 4 hektar ayırıb, kənd daxilindən və "Köbürlü” deyilən ərazidən bir neçə hektar torpağı öz adına sənədləşdirməklə ələ keçirib. Bunlardan əlavə, kənddə yaşayan müxtəlif şəxslərin adına yurd yeri götürüb”.

Torpaqlar kəndlilərə qaytarılsın

Sakinlərin iddiasına görə, Şakir Hüseynov Aranlı bələdiyyəsinin sədri olduğu vaxtlarda kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət tərəfindən ayrılan subsidiyanı mənimsəmək üçün saxta sənədlər tərtib və təqdim etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Sakinlər dəfələrlə ümumxalq əmlakından hər kəsin istifadə etməsinə və bərabər pay almasına şərait yaradılması, kənddə və ona bitişik ərazidə yerləşən dövlət və bələdiyyə torpaqlarının monitorinqinin aparılması, yerli icra və bələdiyyə orqanları adından qəbul edilən qanunsuz qərarların ləğv edilməsi, ələ keçirilən ümumxalq əmlakının kəndlilərə qaytarılması üçün prezidentə müraciət ediblər. Hətta bir neçə dəfə aksiya da keçiriblər.

Aranlının 5 min nəfər civarında əhalisi var. İnzibati ərazisi rayondakı başqa kəndlərə nisbətən böyükdür. Kənddə inzibati binalar, xəstəxana, mədəniyyət klubu var. Kəndlilərin əsas əziyyəti örüşlə bağlıdır. Hər səhər sübhdən kəndlilər həyətlərindən çıxardıqları mal-heyvan sürülərini harda otaracaqlarını bilmirlər.

Bizlik deyil 

Meydan TV müxbiri Şakir Hüseynovla əlaqə yarada bilməsə də, İmişli Rayon İcra Hakimiyyətindən və Aranlı bələdiyyəsindən münasibət öyrənməyə çalışıb. İcra hakimiyyətindən bildirilib ki, Aranlıdakı örüş sahələrinə görə illərdir davam edən mübahisələrin quruma aidiyyəti yoxdur:

"Düzdür, sakinlər dəfələrlə icra hakimiyyətinə də müraciət ediblər, ancaq onlara bildirilib ki, bu məsələlər məhkəmə ilə yoluna qoyulur. Torpaq islahatları aparılarkən rayonun rəhbərliyi tamam başqa adamlar idi”.

Aranlı bələdiyyəsindən də eyni cavab verilib. Bildirlib ki, keçmiş bələdiyyə sədri və qohumları ilə bağlı mübahisənin onlara aidiyyəti yoxdur və sakinlər hesab edirlərsə Şakir Hüseynovun sənədli torpağı onlara məxsusdur, zəbt olunub, bunu məhkəmə ilə həll etməlidilər.

Etiraz edənlər cərimələniblər 

Əslində kəndlilər məhkəməyə də müraciət ediblər. Məhkəmə örüş sahəsinə dair kəndlilərin iddia etdiyi kimi, vaxtilə tərtib olunmuş saxta sənədlərə əsaslanaraq kəndlilərin iddialarını təmin etmir. Nəticədə kənddə qarşıdurmalar yaranır. Onlar etiraz əlaməti olaraq bir neçə dəfə şəxsi təsərrüfatlarımızdakı iribuynuzlu heyvanları kənd bələdiyyəsinin inzibati binası önünə toplayıblar. "Hətta bizim gözümüzü qorxutmaq üçün aksiyada iştirak etmiş bir neçə sakini məhkəməyə aparıb, hər birinə 50 manat cərimə də kəsiblər” – sakinlər deyir.