ARDNF iqtisadçının fikirlərinə reaksiya verdi

ARDNF iqtisadçının fikirlərinə reaksiya verdi

06-06-2019 10:21 / Bu xəbər 298 dəfə oxundu

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) əmlak biznesindəki  investisiyaları ilə bağlı müzakirələrə münasibət bildirib.

ARDNF verilən rəsmi açıqlamaya görə fond uzunmüddətli dövrdə özünü doğruldan investisiyalardan gəlir əldə edib: "Ötən ilin nəticələrinə əsasən daşınmaz əmlak portfelinin 2018-ci il üzrə məzənnə fərqi nəzərə alınmadan gəlirliliyi 9,9% təşkil edib. Ümumilikdə daşınmaz əmlak yatırımlarına başlanılandan (2012-ci ildən) 2018-ci ilin sonuna qədər orta illik gəlirlilik məzənnə fərqi nəzərə alınmadan, təxminən, 6,65% olub ki, bunun əsasında da ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu demək mümkündür”.

Sosial şəbəkələrdə və mediada yayılan xəbərlərin əksəriyyəti fondun Londonda və Moskvadakı əmlak biznesindən ziyan etməsi ilə bağlı idi. 

İqtisadçı Qubad İbadoğlunun yazdığına görə fond Londondakı əmlaklarından 57,35 milyon funt sterlinq, Moskvadakı əmlaklarından isə 86 milyon dollar itirib. 

Ekspert deyib ki, Neft Fondu  2 ildə "VTB Bank”ın səhmlərinə etdiyi yatırıma görə məzənnə dəyişikliyindən yaranan fərq nəzərə alınmadan 216 milyon dollaradək zərərə düşüb.

Fond isə investisiyaları uzunmüddətli planladığını və onlardan gəlir əldə edəcəklərini deyib: "ARDNF-nin investisiya strategiyasının mahiyyətinə uyğun olaraq yatırımlar qısamüddətli dövrdə spekulyativ məqsədlər üçün deyil, məhz uzunmüddətli dövr üçün nəzərdə tutulur ki, onların da səmərəliliyinin qiymətləndirilməsində bu amil nəzərə alınmalıdır”.

Fond "VTB Bank”dakı itkiləri üçün isə Rusiya Federasiyasına qarşı tətbiq olunan beynəlxalq maliyyə sanksiyalarını və maliyyə birjalarında bankın səhmləri üzərində əlavə mənfi təzyiqlər yarandığını səbəb kimi göstərib.
 
 

Açıqlamada fonda qarşı qarayaxma kampaniyası aparıldığı deyilib: "Fondun investisiya fəaliyyəti barədə bu sahədə təcrübəsi olmayan, portfel idarə edilməsi sahəsində məlumatsız bəzi şəxslər tərəfindən səriştəsiz "təhlillərin” aparılması, həqiqəti əks etdirməyən məlumatların dəqiqləşdirilmədən ictimaiyyətə çatdırılması fonda qarşı qarayaxma kampaniyasının aparıldığının və qərəzli mövqeyin göstəricisidir”.

Qubad İbadoğlu açıqlamasında Dövlət Neft Fondunun əməliyyatlarından qazananların da olduğunu, amma onların ictimaiyyətdən gizli saxlanıldığını deyib.

ARDNF buna münasibət bildirməyib.

Uğur Fərzəli
toplum.tv