"ARDNF Moskvadakı əmlak biznesindən 86 milyon dollar itirib"

04-06-2019 11:24 / Bu xəbər 1316 dəfə oxundu

"ARDNF Moskvadakı əmlak biznesindən 86 milyon dollar itirib".

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu feysbukda yazıb.

O bildirib ki, Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən və dəyəri 3269 milyon Rusiya rublu təşkil edən "Qalereya Aktyor” ofis-ticarət mərkəzinin 1 illik icarəsindən ötən il ərzində cəmisi 66628 dollar qazanc əldə edilsə də, hətta az olmasına baxmayaraq (ayda 5500 dollar) ondan Fonda heç nə çatmayıb, bütün qazanc xərcə silinib: 

"Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən "Qalereya Aktyor” ofis-ticarət mərkəzini 2012-ci ildə satın alıb. 2018-ci ilin 31 dekabr tarixinə olan məlumata görə, adı çəkilən ünvanda yerləşən "Qalereya Aktyor” ofis-ticarət mərkəzini bazar dəyəri 86 milyon dollaradək azalaraq 47,1 milyon təşkil edib". 

Ekspert deyib ki, "Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşi: ""Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin cəmləşdiyi ərazidir". 

"Bina "Tverskaya” küçəsi və "Strastnoy” bulvarın kəsişməsində, "Kreml” və "Qızıl meydan”ın yaxınlığındadır. Teatr binası kimi 1881-ci ildə istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kvadratmetr təşkil edir. Neft Fondu bu binanı alanda iddia edirdi ki, əmlak illik icarə haqqı 9,6 milyon ABŞ dolları olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilir. Amma ötən il Neft Fondu bu bunanın icarəsində 66 min dollar, ayda 5.500 dollar qazanıb ki, onu da təmir xərcləri adı siliblər və hətta bu məbləğ də Fonda çatmayıb", - ekspert qeyd edib.

"ARDNF-nin 216 milyon dollarlıq ziyanı"

Ekspert digər statusunda qeyd edib ki, son 2 ildə Neft Fondu "VTB" şirkətinin səhmlərinə etdiyi yatırıma görə, məzənnə dəyişikliyindən yaranan fərq nəzərə alınmadan 216 milyon dollaradək zərərə düşüb.

Onun sözlərinə görə, zərərin miqdarı 2017-ci ildə 159,2 milyon dollar, 2018-ci ildə 56,8 milyon dollar olub.

"ARDNF Londondakı əmlakdan 57,35 milyon funt sterlinq itirib".

Qubad İbadoğlu yazır ki, ARDNF Londondakı əmlakdan 57,35 milyon funt sterlinq itirib. Fondun əmlakın icarəsindən əldə etdiyi qazancın cəmisi 5,83 faizi büdcəyə köçürülüb.

O vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondu Londonun "West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini 2012-ci ilin dekabrında alıb: "Hazırda bu əmlakın bazar dəyəri 120 milyon funt sterlinq təşkil edir. Bu o deməkdir ki, Fondun aktivi 57,35 milyon funt sterlinq və ya dolların hazıkı məzənnəsi ilə 121 milyon dollar azalıb, yəni Fondun sahibi olduğu əmlak dəyərinin üçdə birinə qədərini itirib. Bununla yanaşı narahatçılıq yaradan başqa səbəb odur ki, ötən il Fondun Londondakı ofis kompleksindən əldə etdiyi 34,74 milyon funt sterlinqin yalnız 5,83 faizi və ya 2,02 milyon funt sterlinqi büdcəyə köçürülüb. Büdcəyə bu qədər az məbləğdə vəsaitin köçürülməsini Fond kompleksdə təmir işləri ilə əlaqələndirir".

"Baxmayaraq ki, əmlak müqaviləsi bağlanandan sonda Fondan bildirmişlər ki, Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir. Burada 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunmuş və "A” tipli ofis binaları sinfinə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11 018 kvadratmetr təşkil edən bina 2023-cü ilə kimi illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5 faiz olmaqla HSBC bankına icarəyə verilmişdir. Qeyd edilən bank hal-hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir. Bəs, görəsən, mərkəzdə yerləşən və 11 018 kvadratmetr sahəsi olan binadan qazanc niyə bu qədər azdır", - ekspert vurğulayıb.

"Daşınmaz əmlakda dəyərsizləşən və pis idarə olunan neft pulları"

"Hesablamalar göstərir ki, Dövlət Neft Fondunun əmlaka birbaşa sərmayədən 60 milyon dollardan çox zərərə düşüb", - Qubad İbadoğlu bildirir. 

O qeyd edib ki, Neft Fondunun açıqlamasına görə, daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır: "Əslində bu sahədə siyasət düzgün qurularsa və şəffaf olarsa buna nail olmaq mümkündür. Dünyanın bır sıra şirkətləri əmlakdan böyük qazanclar əldə etdiyi halda Azərbaycan Dövlət Neft Fondu sahibi olduğu ofis binalarına investisiyalardan bütövlükdə itkilərə məruz qalıb. Xüsusilə də böyük itkilər Neft Fondunun Londonda və Moskvada sahib olduğu əmlakın yenidən qiymətləndirilməsində üzə çıxıb. Belə ki, bu iki əmlakın alış qiyməti ilə hazırkı bazar dəyəri arasında 205,5 milyon dollar fərq yaranıb".

"Hesablama Palatasının rəyində bildirilir ki, 2018-ci il 31 dekabr tarixinə Neft Fondunun daşınmaz əmlak portfeli 2 142 392 602 ABŞ dolları təşkil edib. Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 47,4 %-i birbaşa investisiyaların, 2,7 %-i borc fondlarına edilən investisiyaların, 34,5%-i fond investisiyaların və 15,4 %-i müştərək investisiyaların payına düşüb. Daşınmaz əmlaka bir başa investisiya həcmlərinin xüsusi çəkisinin digər subportfellərlə müqayisədə daşınmaz əmlak portfelində daha yüksək (47,4%) olmasına baxmayaraq gəlirlik faizi əhəmiyyətli dərəcədə aşağı olub", - iqtisadçı yazıb. 

O hesab edir ki, neft gəlirlərinin uğursuz idarəçiliyinin bir göstəricisi də əmlak bazarında sərmayələrdən zərərlərdir: "Əslində əmlak bazarına investisiyalardan itkilər çox nadir hallarda qeydə alınır, təbii ki, Dövlət Neft Fondunun bu bazardakı əməliyyatlarından qazananlar da vardır, amma onun nə Fonda, nə də xalqa dəxli var, qazananlar, xüsusilə də törəmə müəssisələrin sahibləri barədə məlumatlar hələ də ictimaiyyətdən gizli saxlanılır".