Çarəsiz dərd... - HEKAYƏ

Çarəsiz dərd... - HEKAYƏ

08-05-2017 00:36 / Bu xəbər 432 dəfə oxundu

Ramin Deko

(hekayə)

Başdan ayağa qara geyinmişdi.

Yas saxlayana oxşayırdı. Donqar, əli qabarlı, tənik dərisində damarları zoğ duran qadın qış geyimləri qoltuğunda vurnuxurdu. Üstündə "Halal mal ətindən hazırlanmış…” nişanı görünməz hala düşmüş qalın karton parçalarını da özüylə daşıyırdı.

Gecələmək üçün bankın qarşısında ayaq saxladı. Pilləkənlərdə yanındakı əşyaları yerbəyer edib, bardaş qurdu. Bu bankı çox yaxşı tanıyırdı. Bir zamanlar oğlu burada gözətçi işləyir, gecələr bankı mühafizə edirdi.


Elə oturan kimi də üzbəüz parkda bərq vuran elektrik dirəyindən yellənən lampalara gözünü zillədi. Sanki gözünü yummadan yuxuya getmişdi.

Bəlkə də işığa bənd olmuşdu…

Bəlkə də xəyalında ölüm ayağında olan oğluyla birlikdəydi, əl-ələ tutub parkda gəzişirdilər. Axı hərdən oğlundan xəlvət gecələri bu parka gəlib onu izləyir, salamat olduğundan əmin olduqdan sonra bir az aralı olan evinə qayıdar, həyatda sağ qalan yeganə varlığı olan oğlunun yolunu gözləyərdi. Ta ki, banka hücum olunan o məlum gecəyə qədər…

Hər gün olduğu kimi mühafizəçilərin qəfildən yaxınlaşıb qışqırması onu özünə qaytardı. "Burda oturmaq olmaz” kəlməsi bu gecə də qadının üzünə sərt şillə kimi çırpıldı.

Yenə hər zamankı kimi doluxsundu, bank işçilərinin üzlərinə baxmadan, bircə söz belə demədən yerindən qalxıb köçünü asta-asta bank binasına bitişik geyim mağazasının qarşısına daşıdı. Yenidən əşyalarını yerə səliqəylə düzdü, karton parçalarını yerə yavaşca qoydu, bir ucunu bir neçə dəfə qatlayıb yastıq şəklinə saldı. Qış geyimlərini yaxınlıqdakı köşkün arxasında gizlətdi. Sonra yenidən yarı uzanmış halda parkdakı lampalara gözünü zillədi. Sanki yarıda qalmış filmini izləməyə başladı.

Ağlamaqdan, gözlərini ovuşdurmaqdan kirpikləri yoxa çıxmışdı. Ona görə də gözünün qırpılması sezilmirdi.

Baxışları bir nöqtəyə millənmişdi, yoldan ötənlərə, onu acı-acı süzənlərə diqqət yetirmirdi. Sanki öz rahat yuvasında uzanıb oğlunun yolunu gözləyirdi. Әrazini yad adamlardan qoruyan gözətçi də ona yaxınlaşıb bir söz demirdi.

Artıq iki aya yaxındı ki, bu küçə də, o gözətçi də bu qadına öyrəncəliydi.

"Daha gecdi, bir azdan səhər açılacaq”, – qadın donquldandı və başını kağız yastığa qoydu. Gözünü yumdu. Elektrik dirəyindən yellənən lampalar geniş və paltarları kimi qara bənizini ağardırdı. Közərən işıqlar kipriksiz göz qapaqlarının üstündə sayrışır, beynindəki fikirlərlə birləşib onu yatmağa qoymurdu. Arxasını parka çevirdi. Yorğan əvəzi üstünə sərmiş gödəkcənin süzülmüş hissələri işıqda parıldayırdı.

Bir azdan dərin yuxuya getdi. Yeri rahat idi, daha heç nə onu incitmirdi.

Ən əsası isə xəstəxanada yatan oğlu bu gecə də evlərinin satılıb onun müalicəsi üçün xərcləndiyini bilməyəcəkdi…

24saat.org