"Arif Alışanov 15 yaşlı qızların başına oyun açıb, sonra öldürən adamdır''

23-05-2018 19:09 / Bu xəbər 3000 dəfə oxundu

Məhkəmədə qalmaqal düşüb, təqsirləndirilənlər zaldan çıxarılıb

"Arif Alışanov 340 hektar torpağa görə bələdiyyəyə 7 milyon pul verib...”, - "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun əmlakını ələ keçirməkdə, onu və yaxınlarını öldürməyə cəhddə ittiham olunan Şücaət Əkbərov mayın 23-də məhkəmədə bildirib.

Bu cinayət işi üzrə həbs olunan Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Məhkəmədə Arif Alışanovun sürücüsü Hacı Babayev dindirilib. Sürücü də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, onu da öldürməyə cəhd göstəriblər.

Ş.Əkbərovun vəkili Alışanovun sürücüsünə xatırladıb ki, iki il ərzində onun adına 33 torpaq sahəsi alınıb. H.Babayev bildirib ki, o, yalnız sənədə imza atıb, başqa heç nədən xəbəri yoxdur. Onun adına alınan torpaq sahələrinin pulunu isə A.Alışanov ödəyib:

"Torpaqların alınmasını da Şücayətdən Arif müəllimin özü istəyirdi”.

A.Alışanovun bacısının həyat yoldaşı Vidadi Cəfərov, qardaşı Habil Alışanov bu iş üzrə şahid qismində tanınıblar. Dediklərinə görə, birgə təsərrüfat yaratmaq, bu məqsədlə Şamaxıda torpaq sahələri, texnika almaq üçün onlar da AzTV rəhbərinə pul veriblər. V.Cəfərovun sözlərinə görə, o, 200 min verib, amma nə alınan torpaqlarla, nə də texnika ilə maraqlanıb:

"Mən ona inanırdım”.

V.Cəfərovun dindirmə zamanı təqsirləndirilən şəxslərin ünvanına təhqiramiz ifadə işlətməsi qalmaqal yaradıb. Təqsirləndirilən Ş.Əkbərov ona təhqirlə cavab verib və əlavə edib:

"Hacı Məmmədov sizin yanınızda heç nədir. Arif Alışanov 15 yaşlı qızların başına oyun açıb, sonra da öldürən adamdır”.

Hakim V.Cəfərovu zaldan çıxarıb.

AzTV sədrinin qardaşı, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəis müavini Habil Alışanov da birgə təsərrüfat qurmaq üçün 200 min verdiyini bildirib.

AzTV-nin işçisi Camal Nəbiyev dindirilən zaman məhkəmədə yenidən gərginlik yaşanıb. Nəticədə təqsirləndirilən şəxslər öz məhkəmələrindən uzaqlaşdırılıblar. Proses onlar olmadan davam etdirilib.

"Mən AzTV-nin işçisiyəm. Ancaq Arif Alışanovun özünün müəyyən işlərində iştirak edirəm. 2014-2015-2016-cı illərdə mənim yanımda Şücayətə ümumilikdə təxminən 2 milyon yarım manat pul verilib. Onun aldığı torpaqlar, texnika – hamısı bizim idi. AzTV-nin işçisiyəm, lakin boş vaxtlarım olanda öz təsərrüfatımıza nəzarət edirdim. Bilirsiz, mən o ailənin içiyəm. Ona görə öz təsərrüfatımız deyirəm. Mənim adıma torpaq olmayıb, amma başqa şeylər olub”, - şahid Camal Nəbiyev bildirib.

İttihamda yazılıb ki, Şücayət Əkbərov Alışanovun puluyla alınan 5 milyon manatdan çox dəyərdə əmlakı ələ keçirmək üçün onu və onunla birlikdə Şamaxıya gələn yaxınlarını öldürmək istəyib, bu məqsədlə plan qurub.

Şücayət Əkbərovun həyat yoldaşı Səlimə Sadıqova da AzTV sədri və onun yaxınlarından hüquq-mühafizə orqanlarına, məhkəməyə şikayət edib. Bildirir ki, Alışanovun göstərişilə onun əmlaklarını zorla əlindən alıblar. Onu təzyiq altında, zor gücünə notariat kontoruna aparıb, əvəzi ödənilmədən əmlaklarını başqalarının adına alqı-satqı ediblər. Sonradan həmin əmlaklar Alışanovun yaxınlarının adına keçirilib. Məhkəmədə məlum olub ki, notariat kontorunda Səlimə Sadıqovanın əmlakının alıcısı qismində çıxış edənlər sırasında AzTV-nin işçisi, Alışanovun şəxsi işlərini gördüyünü də etiraf edən Camal Nəbiyev də olub. O da sonradan həmin əmlakı AzTV sədrinin bacısı qızının adına keçirib.

Camal Nəbiyev iddia edib ki, o əmlaklar Səlimə Sadıqovanın deyildi, Alışanovun pulu ilə alınmışdı. Bu zaman Şücayət Əkbərov onun yalan danışdığını bildirib və tərəflər arasında qarşılıqlı təhqirlər başlayıb. Hakim Şücayət Əkbərovun məhkəmə zalından çıxarılmasına qərar verib. Daha iki təqsirləndirilən – Zöhrab Şirinov və Qoçalı Cəbiyev də onunla birlikdə çıxarılıb. Məhkəmə təqsirləndirilən şəxslər olmadan davam etdirilib.

Məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşı Rövşən Camalov da ifadə verib. O bildirib ki, bir nəfər idarəyə gəlib və A.Alışanovun öldürüləcəyi barədə məlumat verib: "Müsabi Namazov idi. Rəis mənə dedi ki, onu dinləyim. Danışdı, gördüm ciddi məsələdir, onu rəisin yanına apardım. Orada dedi ki, 600 min manat müqabilində Arif Alışanovu öldürməyi təklif ediblər, silahlar alınıb və s. Bu, bizə inandırıcı gəlmədi. Ona telefon nömrələri verdik, dedik ki, get, gör silahlar həmin yerdədirsə, bizə xəbər ver”.

Polis əməkdaşının sözlərinə görə, M.Namazov onlarla mütəmadi əlaqə saxlayıb. Günlərin birində uyğun vaxtda əməliyyat keçirilib və maşında silahlar tapılıb.
İttihama görə, Müsabi Namazov da Ş.Əkbərovun yaratdığı dəstənin üzvü olub, lakin sonradan imtina edib və polisə hadisə haqda məlumat verib. Ona görə də cinayət məsuliyyətindən azad olunub.

Bu iş üzrə məhkəmə mayın 25-də davam edəcək.

Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov CM-nin 178 (dələduzluq), 29.120 (qəsdən adam öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunurlar.

Meydan