Arif Alışanova sui-qəsd məsələsi zorla müttəhimin boynuna qoyulub

Arif Alışanova sui-qəsd məsələsi zorla müttəhimin boynuna qoyulub

20-04-2018 17:51 / Bu xəbər 2648 dəfə oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zöhrab Şirinov vəkili tərəfindən ona verilən sualları cavablandırıb.

Z.Şirinov bildirib ki, o, əvvəl Şamaxı rayon Polis Şöbəsində saxlanılıb, sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb: "Mən həmin idarədə olanda evimdə baxış keçirilib. 15 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldım. Bizdə odlu silah olmayıb. Nə də Arif Alışanovu öldürmək barədə heç kəsdə belə bir fikirin olmasını eşitməmişəm. Heç onu öldürmək niyyətimiz belə olmayıb. İdarədə sənədə məcburi qol çəkmişəm”.

Prosesdə Arif Alışanovun vəkili təqsirləndirilən Z.Şirinova sual verən zaman o, cavab verməkdən imtina edib. O söyləyib ki, zərərçəkmiş A.Alışanov məhkəməyə gəlməmiş suallara cavab verməyəcək: "Vəkilin sualları mənə çatmır”.

Təqsirləndirilən S.Əkbərov bildirib ki, A.Alışanovun ona borcu var. O, bu zaman əsəbləşərək A.Alışanovun vəkilini təhqir edib. Məhkəmə S.Əkbərova xəbərdarlıq edib.
Daha sonra digər təqsirləndirilən Aqşin Hüseynov dindirilib. O qeyd edib ki, S.Əkbərovun sürücüsü olub.

Prokuror A.Hüseynova sual verərkən Ş.Əkbərovun müdaxiləsi prosesdə gərginliyə səbəb olub.

Bu zaman təqsirləndirilən Qoçəli Cəbiyevin zalda əyləşən oğlu zərərçəkmiş Dəyanət Cəfərovu (Arif Alışanovun qohumu) təhqir edib və onlar aradında mübahisə yaranıb.

Hakim Q.Cəbiyevin oğlunu məhkəmə zalından çıxarıb.

Prosesdə Ş.Əkbərov, Q.Cəbiyev və Z.Şirinov vəsatət qaldıraraq məhkəmə tərkibinə etiraz edib.

Vətatət təmin edilməyib.

Ş.Əkbərovun vəkili A.Alışanovun məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Hakim bildirib ki, hələ iki zərərçəkmiş var, onlar dindirildikdən sonra digər zərərçəkmişlər də çağırılacaq.

Məhkəmənin növbəti iclası mayın 4-nə təyin edilib.

Report