''Arif Alışanovdan 5 milyonun mənbəyi niyə tələb olunmur?''

''Arif Alışanovdan 5 milyonun mənbəyi niyə tələb olunmur?''

26-09-2017 18:59 / Bu xəbər 1256 dəfə oxundu

Təqsirləndirilən şəxsin qızı: ''İstintaq birbaşa Alışanovun iradə və istəyinə uyğun olaraq cəngəllik qaydaları ilə aparılır''

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etmək və sui-qəsddə ittiham edilən Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva  Baş prokurorunun müavini Rüstəm Usubova müraciət edib.

Meydan TV-nin məlumatına görə, C.Tağıyeva müraciətində bildirib ki, ailəsinin üzləşdiyi qanunsuzluğun, zülm və haqsızlığın arxasında ölkənin yüksək vəzifəli məmurlarından biri, AzTV sədri Arif Alışanov dayanır:

"O, uzun illərdən bəri biznes münasibətlərində olduğu atam Sücayət Əkbərovu, guya "onun həyatına qəsdə cəhd etmə” kimi saxta ittihamla 9 ay əvvəl həbs etdirib. Vəzifəsindən sui-istifadə edən A.Alışanov, keçmiş iş yoldaşı və dostu Respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi Kamal Talıbovun əli ilə atama Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri üzrə əsassız, qərəzli, sifarişli və tamamilə qurama cinayət işi açılmasına nail olub. AzTV sədri ilə isti münasibətləri olan müstəntiq K.Talıbov hazırda ictintaqı birtərəfli və qərəzli aparır, digər şəxslərdən atamın əleyhinə həqiqətə uyğun olmayan ifadələr alır, bunlarla yanaşı həm də prosesin gedişindən şikayət etməməsi üçün ona hədə-qorxu gəlir, əks-təqdirdə iki dəfə ürək əməliyyatı keçirmiş və səhhətində ciddi problemlər olan atamı tibbi yardımsız qoyacağı ilə hədələyir". 

"Atamın həbsi cinayət hadisəsi ilə əlaqədar deyil”

C.Tağıyeva deyir ki, Ş.Əkbərov həbsə qədər iş adamı olub, Şamaxı rayonunda torpaq alqı-satqısı ilə bağlı broker fəaliyyəti göstərib. AzTV sədri ilə tanışlıqdan sonra 6-7 il ərzində onun Şamaxı ərazisində bəyənib-istədiyi torpaq sahələrinin (istintaq

A.Alışanovun təxminən 5 milyon manatlıq torpaq aldığını təsdiq edir) alınıb sənədləşdirilməsində kömək edib:

"Təbii ki, bunun üçün müqavilə razılaşmasına uyğun olaraq müəyyən zəhmət haqqı da alıb. A.Alışanov özü, ailə üzvləri və bəzi xüsusi qonaqları ilə dəfələrlə Şamaxıdakı evimizdə olub, məni bir müddət AzTV-də işləməyimə səbəbkar olub, atamı özünə dost saydığını deyib. Hətta istənilən vaxt bizim rayondakı daşınmaz əmlaklarımızı da yaxşı qiymətə almağa hazır olduğunu bildirib. Bəs indi necə olur ki, Alışanov belə yaxın münasibətdə olduğu bir adamı "sui-qəsddə” və "dələduzluq”da ittiham edib tutdurur? Cavabım belədir, atamın həbsi cinayət hadisəsi ilə əlaqədar deyil.

Sadəcə olaraq uzun illər atamla dostluq edən Alışanov Arif Nizam oğlu atama olan 860 min manat borcunu qaytarmamaq və atamdan 1 milyon 300 min manat dəyərində aldığı torpaq sahəsinin dəyərini ödəməmək və atama və yaxınlarına məxsus 2 milyon manat dəyərində əmlaklarımızı əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə guya ona qarşı cinayət törədilməsi barədə sünü subutlar təşkil etdirməklə vəzifəsinin ona verdiyi nüfuzundan istifadə etməklə onu şərləyib tutdurub. Nəyə görə belə hesab edir ki, onun bu ölkədə törətdiyi saysız-hesabsız qanunsuzluqlar və özbaşınalıqlar cəzasız qalacıqdır?” 

"Əmlaklarımız mənimsənilib”

Təqsirləndirilən şəxsin qızı daha sonra yazır:

"Sizə bildirirəm ki, Alışanov və onun göstərişi əsasında hərəkət edən istintaqçılar təkcə atam Ş.Əkbərovu şərləyərək həbs etməklə kifayətlənməyiblər, atamın həbsindən dərhal sonra hərəkətə keçərək əmlaklarımızın ehtimal edilən cinayət yolu ilə əldə edilən pulla əldə edilib-edilməməsini istintaq və ya məhkəmə qaydasında müəyyən edilməsini gözləmədən və əmlakların götürülməsi barədə hər hansı prosessual sənədləşmə aparılmadan atama, keçmiş arvadına, qızına və qohumlarına məxsus təxmini 2 milyon manat dəyərindən çox olan daşınar və daşınmaz əmlaklarını hədə-qorxu yolu ilə qızı Nigarın və bacısı qızı Nilufərin əvəzsiz olaraq müküyyətlərinə keçirtdirmişlər. Bu işdə xüsusi canfəşanlıq göstərən müstəntiq K.Talıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, əməliyyat-axtarış tədbirləri zamanı bizdən və başqa şəxslərdən götürülmüş daşınar və daşınmaz əmlakların mülküyyət hüquqlarını təsdiq edən "Çıxarışları” və nəqliyyat vasitələrinin "Texniki pasportlarını” qanunsuz olaraq bu iş üzrə zərərçəkmiş kimi tanıdığı AzTV sədri A.Alışanova verib. Bu qanunsuz əməliyyat Şamaxı rayon Polis İdarəsində aparılıb. Yəni bizim ailə üzvlərimizi, eləcə də başqa qohumlarımızı zorla polis idarəsinə gətizdirərək, ora dəvət olunmuş notarius vasitəsilə sonradan bu əmlakları A.Alışanovun, onun ailə üzvlərinin, bacısı uşaqlarının və başqa qohum-əqrabasının adına keçiriblər. Biz notariusda sərbəst şəkildə deyil, rayon polis şöbəsində hədə-qorxu, zorakılıq və təzyiq altında mülküyyətimizin AzTV sədrinin qızı Nigar Alışanovanın, sürücüsü Hacı Babayevin, qohumu və AzTV-nin əməkdaşı Camal Nəbiyevin və tanımadığımız digər şəxslərin adlarına keçirilməsi barədə yazılmış etibarnaməyə imza atmışıq. Göründüyü kimi, bizim əmlaklar cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin özündən və yaxınlarından alınıb heç bir prosessual sənədləşmə tərtib edilmədən, saxta alqı-satqı aparılmaq yolu ilə əvəzsiz olaraq A.Alışanovun, onun qızının və digər qohumlarının adlarına keçirilib, faktiki olaraq bu əmlaklar A.Alışanovun mülküyyətlinə verilib. Burada daha bir kobud qanun pozuntusu ondan ibarətdir ki, anam Səlimə Sadıqova üç il əvvəl atamdan ayrılıb və məhkəmə ilə ona düşən əmlakı alaraq ayrıca təsərrüfat olub. Lakin buna baxmayaraq, Alışanovun istintaq qrupu atamın ayağına yazdığı saxta cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda anamın da Çuxuryurdda 20 il əvvəl tikilmiş evini və torpağını əlindən alıb əvəzsiz olaraq AzTV sədrinin bacısı qızı Nilufər Cəfərovanın adına keçiriblər. Bundan başqa Arif Alışanov bizim anamın "Aqrolizinq” ASC ilə bağladığı müqavilə əsasında götürülmüş və dəyəri tam ödənilməmiş traktorları, transfarmatoru, Çuxuryurd və Mədrəsə kəndlərindəki həyətyanı sahədə və fermada saxlanılan yüzlərlə toyuq və hinduşkanı, 200 baş xirda buynuzlu heyvanlarımızı, anbardakı tonlarla taxılımızı, 46 baş iribuynuzlu mal-qaranı ata malı kimi ələ keçirib talan etməklə onlarca insanı çörəksiz qoyub. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi " Aqrolizinq” ASC özünün 18 avqust 2017-ci il tarixli məktubu ilə Pretenziya göndərərək, lizinqdlə götürülmüş ödəniş haqqını tələb edir. Bu Alışanov tərəfindən özbaşınalıq deyilmi?”

5 milyon manat pulun mənbəyini tələb etmirlər

Rüstəm Usubova ünvanlanmış məktubda deyilir ki, sadalanan faktlar, eləcə də müstəqil hüquqi ekspertiza onu sübut edir ki, vəzifə mövqeyindən sui-istifadə edərək başqa vətəndaşların toxunulmaz mülkiyyətini qanunsuz olaraq ələ keçirmiş AzTV sədri Arif Alışanov, onun qızı Nigar Alışanova, yaxın qohumları Nilufər Cəfərova və

Camal Nəbiyev cinayət törədiblər: "Tərəfimizdən dəfələrlə Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və CPM-nin 204.1-ci maddələrinin tələblərinə uyğun olaraq həmin şəxslər tərəfindən aşkar cinayət törədilməsi barədə Şamaxı və Samux rayon prokurorlarına, Respublika prokuroruna və müstəntiq K.Talıbova rəsmi müraciətlər və teleqramalar göndərmişik. Şamaxı, Suraxanı rayon prokurorları və Respublika Prokurorluğu hesab edirlər ki, vətəndaşın əmlaklara olan hüquqları əvəzsiz olaraq hədə-qorxu və ya aldatmaqla ələ keçirilib talan olunduğu halda CM ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi mövcud deyildir və əmlakımızı talan etmiş şəxslərin əməllərə üzrə işlərə mülkü məhkəmə icraatı qaydasında məhkəmələr baxmalıdır. Müstəntiq K.Talıbov bütün daşınar və daşınmaz əmlaklarımızın prosessual sənədləşmə aparılmadan əlimizdən alınmasına və bu barədə rəsmi sənədlərimiz olmasına baxmayaraq hesab edir ki, bizə maddi ziyan dəyməyib. Lakin

A.Alışanova münasibətdə aylıq gəlirinin 1.800 manat olduğu halda onun zərər kimi tələb etdiyi 5 milyon manat pulun mənbəyini tələb etmir. Heç bu pulların Alışanov tərəfindən atama verilməsini sübut edən sənədlər də istintaqa təqdim olunmayıb. Yəni istintaq birbaşa Alışanovun iradə və istəyinə uyğun olaraq cəngəllik qaydaları ilə aparılır".

C.Tağıyeva bildirib ki, bundan əvvəl dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də, heç bir nəticəsi olmayıb: "Ona görə də məcburiyyət qarşısında qalıb yenidən Sizə müraciət etmək istəyirəm. Çünki atam hal-hazırda xəstədir, onu Kürdəxanı İstintaq Təcridxanasında müalicəsiz saxlayırlar, beləcə onun məhv olmasına şərait yaradırlar. 

Sizdən xahiş edirəm ki, atam Əkbərov Şücaət Allahverdi oğlunun azadlığa çıxarılmasına, Arif Alışanov və onun qohum-əqrabası tərəfindən qanunsuz olaraq ələ keçirilmiş əmlakımızın geri qaytarılmasına, ailəmizə küllü məbləğdə maddi zərər vurmuş Alışanovlar dəstəsinin cinayət məsuliyyətinə cəlb olunmasına və bizə vurulmuş zərərin ödənilməsinə yardımçı olasınız" .

Ş.Əkbərovun vəkilləri Bəxtiyar Hacıyev və İmamqulu Həsənov bildiriblər ki,onlar müdafiə etdikləri şəxsin ev dustaqlığına buraxılmasını istəyirlər. Vəkillər deyiblər ki, əgər yerli məhkəmə bu tələbi yerinə yetirməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər. 

Meydan TV Arif Alışanovdan münasibət öyrənə bilməyib. Rəhbərlik etdiyi "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-dən bildirilib ki, istintaq gedir və bu haqda heç nə deyə bilməzlər.