Arif Hacılı: “10 mart yeni bir başlanğıcdır”

Arif Hacılı: “10 mart yeni bir başlanğıcdır”

05-03-2018 00:46 / Bu xəbər 2601 dəfə oxundu

"Bütün xalqın toparlanmasına nail olmalıyıq"

Müsavat başqanı Arif Hacılı müxalifət qüvvələrinin martın 10-na təyin etdiyi ümumxalq mitinqi ilə bağlı çağırış edib.

Bu barədə A.Hacılı Feysbuk hesabında yazıb. 

O, müxalifətin təşkil etdiyi mitinqi ümumxalq mitinqi adlandırıb və hər kəsin iştirakını vacib sayıb: "Azərbaycan müxalifətinin birlikdə təşkil edəcəyi Ümumxalq mitinqi barədə qərar verildi. Uzun fasilədən sonra hüquqi dövlət, azad cəmiyyət uğrunda mübarizədə real siyasi qüvvələr 10 mart günü bir araya gələcək. Bu uğurumuzu inkişaf etdirməliyik. Hakimiyyəti xalqın iradəsinə zidd olaraq zəbt etmiş, Azərbaycanın problemlərinin həlli yolunda əsas problemə çevrilən rejimə qarşı mübarizədə bütün xalqın toparlanmasına nail olmalıyıq". 

Müsavat başqanı 10 mart mitinqinin yeni bir başlanğıc olduğunu qeyd edib: "10 mart yeni bir başlanğıcdır. 10 mart zülmə qarşı böyük xalq hərəkatının, eyni zamanda hakim zümrənin sonunun başlanğıcı da ola bilər. Bu isə hər kəsin fəallığından, fədakarlığından asılıdır. 10 mart günü hər kəsi Məhsul stadionuna gəlib vətənin zalımların zülmündən xilas olması uğrunda mübarizə tariximizin iştirakçısı olmağa çağırıram. Öz taleyini özün həll etmək haqqın uğrunda mübarizəyə qoşul! 
Özünü və vətənini xilas et! 
Bu vətən bizimdir!”

Milli Şura fevralın 28-də növbədənkənar prezident seçkiləri öncəsi birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat Partiyası və ReAL hərəkatına müraciət edib.

Müraciəti Milli Şuranın sədri Cəmil Həsənli "Facebook” səhifəsində yayıb. 

Müraciətdə deyilir ki, Milli Şura növbədənkənar prezident seçkilərini boykot edib və müxalifəti birgə mitinq keçirməyə çağırır. 

Müsavat Partiyası mitinqdə iştirakla bağlı qərar verib. 

Arqument.Az