Arif Hacılı ATƏT-in müşahidə missiyasının rəhbəri ilə görüşüb

Arif Hacılı ATƏT-in müşahidə missiyasının rəhbəri ilə görüşüb

21-01-2020 16:36 / Bu xəbər 1054 dəfə oxundu

Yanvarın 21-də Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı Seçki Müşahidə Missiyasının rəhbəri Piter Teyler ilə görüşüb.

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb.

"Tərəflər seçkilərin monitorinqi məsələsində ATƏT-in müşahidə missiyası ilə Müsavat Partiyası arasında əməkdaşlıq edilməsinə dair ətraflı müzakirə aparıb”, - məlumatda deyilir.

ATƏT-in müşahidə missiyası görüşlə bağlı hələ məlumat yaymayıb.

Bu il yanvarın 7-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyasının açıldığını elan edib.

İsveçli diplomat, səfir Peter Teylerin rəhbərlik etdiyi missiyaya 12 ekspert daxildir.

Yanvarın 14-də onlara ölkə boyunca yerləşdiriləcək 30 uzunmüddətli müşahidəçi qoşulub. Digər 350 qısamüddətli müşahidəçi isə birbaşa seçkilərə gələcək.

Missiya parlament seçkilərinin ATƏT öhdəliklərinə, digər beynəlxalq standartlara, demokratik seçkilərin keçirilməsi üzrə öhdəliklərə və milli qanunvericiliyə nə dərəcədə uyğunluğunu qiymətləndirəcək.

Müşahidəçilər namizədlərin qeydiyyatını, seçkiqabağı təşviqatı, seçki administrasiyasının və müvafiq dövlət qurumlarının işini, şikayətlərə baxılmasını izləyir. Müşahidə çərçivəsində missiya həmçinin kampaniyanın KİV-də işıqlandırılmasını izləyir.

Missiya səsvermədən sonrakı gün seçkilərin nəticələrinə dair ilkin və iki ay sonra yekun rəyini yayacaq.

2019-cu il dekabrın 5-də Azərbaycan prezidenti növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Haqq Ədalət Partiyaları seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır.

Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası isə azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bildirib.

Amrikanın Səsi