Arif Hacılı Azərbaycan xalqını təbrik etdi

Arif Hacılı Azərbaycan xalqını təbrik etdi

31-12-2016 01:45 / Bu xəbər 1305 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Arqument.Az-a daxil olan təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik edirəm. 2017-ci ildə hər kəsə uğurlar arzulayıram.

1988-ci ildə başlanan Azərbaycanın Xalq Hərəkatı uzun illərdən bəri xalqımızın bir arzu, əlçatmaz bir istək kimi qəlblərində gəzdirdiyi müstəqillik, azadlıq, Bütöv Azərbaycan məfkurəsinin qabarıq şəkildə üzə çıxmasına səbəb oldu. Erməni təcavüzünə qarşı ərazi bütövlüyümüz uğrunda apardığımız ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə güneyli soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı. 1989-cu il dekabr ayının 31-də əsrlər boyu bizi ayıran sərhəd məftillərinin sökülməsi Arazın hər iki tərəfində yaşayan həmvətənlərimizin bir-birinə qovuşması, tarixi ərazilərimizin birləşməsi istəyini nümayiş etdirən ciddi adımlardan biri oldu. İndi bu gün xalqımızın ən əziz bayramlarından biridir. 1992-ci ildən həmin gün Əbülfəz Elçibəyin təşəbbüsü, Milli Məclisin qəbul etdiyi qanuna əsasən Dövlət bayramı – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

31 dekabr bütün dünyada yaşayan soydaşlarımızın Həmrəylik Günü bayramıdır.

Qarşıdan həm də yeni 2017 -ci İl gəlir. Hər şeydən göründüyü kimi 2017-ci il xalqımız üçün çətin bir il olacaq. 1993-cü ildən hakimiyyətdə olan Əliyevlər rejiminin apardığı səriştəsiz və xalqın mənafelərinə zidd siyasət nəticəsində ölkə ağır siyasi və iqtisadi böhrana daxil olub. Bu illər ərzində Qarabağ problemi də daxil olmaqla Azərbaycanın heç bir qlobal problemi həll olunmayıb. Yarıtmaz iqtisadi siyasət nəticəsində dövlət büdcəsi 3 dəfə azalıb, xalqın güzəranı pisləşib, cəmiyyətdə təbəqələşmə hədsiz dərəcədə dərinləşib. Yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayanların sayı durmadan artır. Kiçik və orta biznes fəaliyyəti faktiki olaraq dayanır. Ölkəmiz korrupsiyanın həcminə, siyasi və vicdan məhbusların sayına görə dünyanın lider dövlətlərindən biri olaraq qalır.

Azərbaycanın xilası, xalqımızın bütün dünyada nüfuzunun, dövlətimizin təsir imkanlarının artması, Qarabağ problemi də daxil olmaqla bütün problemlərimizin aradan qaldırılması hər kəsin vətənpərvərliyindən, fədakarlığından asılıdır. 2017-ci ildə xalqımızın bu problemlərin həlli, layiqli həyat, azad cəmiyyət, fiiravan Azərbaycan uğrunda daha fədakar mübarizə aparacağına inamımız böyükdür.

Əziz həmvətənlər!

Bayramlarınızı bir daha təbrik edir, hər kəsi layiqli gələcəyimiz naminə birliyə, həmrəyliyə çağırıram”.

Arqument.Az