Arif Hacılı: "Polis ata yurduma basqın edib"

Arif Hacılı:

24-05-2019 17:52 / Bu xəbər 1109 dəfə oxundu

Bu gün Zaqatalada bir qrup polis əməkdaşı Müsavat başqanı Arif Hacılının ata yurduna gəlib. 

Bu barədə Arif Hacılı sosial şəbəkədə məlumat yayıb. 

"Sözdə islahatdan danışanlar əməldə ölkəni vətəndaş qarşıdurmasına sürükləyir. Bütün qırmızı xətləri aşıblar. İndi də polis Zaqatalada ata yurduma basqın edib", - deyə Arif Hacılı feysbuk səhifəsində yazıb.

Partiyasının mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, bu gün axşam saatlarında iki polis maşını ilə gələn 7-8 nəfər polis əməkdaşı darvazanı zor gücünə açaraq Müsavat başqanı Arif Hacılının ata yurduna daxil olublar: ""Polis əməkdaşları qonşulardan əvvəl Vaqif Hacıbəylinin, daha sonra isə Mustafa Hacıbəylinin harada olduğunu soruşublar. Onlara hər ikisinin Bakıda olduğu söylənilib. Polis əməkdaşları Zaqatalada Müsavatın yerli təşkilatının iclası planlaşdırıldığını və buna imkan verilməyəcəyini bildiriblər. Bundan sonra polis əməkdaşları Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Soltanova zəng edərək, iclasın keçirilməsinə imkan verilməyəcəyini deyiblər və buna cəhd olunacağı təqdirdə həbslə hədəlyiblər".

Müsavatın mətbuat xidməti bildirir ki, sabah Zaqatalada Müsavatın yerli təşkilatının iclası keçiriləcək və partiyanın 9-cu qurultayına nümayəndələr seçiləcək: "İclasın Zaqatala rayonunun Tala kəndində - Hacılı qardaşlarının ata evində keçirilməsi planlaşdırılır. Polisin siyasətə və siyasi partiyaların daxili işlərinə qarışması qadağandır. Hakimiyyət Müsavatın yerli təşkilatının qərargahını əlindən aldığı üçün iclaslar müsavatçıların evlərində keçirilir. Bir sıra rayonlarda olduğu kimi, hakimiyyət Zaqatalada da partiyanın fəaliyyətinə qanunsuz əngəl törədir".