Arif Hacılı və İsa Qəmbər prokurorluğa çağırıldı

Arif Hacılı və İsa Qəmbər prokurorluğa çağırıldı

24-02-2017 14:44 / Bu xəbər 2280 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. 

Müsavat Partiyasının mətbuat departamentindən verilən xəbərə görə, prokurorluqdan Müsavat Partiyasına bununla bağlı rəsmi çağırış vərəqələri göndərilib. 

Çağırış vərəqələrində bildirilir ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə vermək üçün fevralın 27-də saat 10:30-da Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunurlar. Çağırışda istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu da qeyd edilib. 

Müsavat Partiyasının mətbuat departamenti bildirir ki, partiyanın artan nüfuzu, bütün məsələlərdə nümayiş etdirdiyi prinsipial mövqe, eləcə də mühacir müsavatçıların Avropada keçirdiyi aksiyalar hakimiyyətin narahatçılığına səbəb olub. Bu səbəbdən hakimiyyət dairələri müxtəlif bəhanələrdən istifadə edərək partiyanı və onun rəhbərliyini təzyiq altında saxlamağa çalışır. Bu çağırış son dövrlərdə hakimiyyətin Müsavata və partiyanın rəhbərliyinə qarşı artan təzyiqlərinin tərkib hissəsidir”.(bastainfo.com)