"Arqument.az" "kartof etirazına" görə bloklanıb?

10-04-2019 15:46 / Bu xəbər 1207 dəfə oxundu

Ələsgər Məmmədli: "Saytın bloklanması hüquqi nihilizm və skandaldır"

Aprelin 8-i axşam saatlarından "Arqument.az”, "Arqument.info” saytına girmək mümkün deyil.

Saytın redaktoru Şəmşad Ağa saytın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bloklandığını iddia edir. Ancaq onlara nə aprelin 8-də, nə də 9-da saytın bloklanması ilə bağlı nazirlikdən və ya məhkəmədən hər hansı bildiriş və ya xəbərdarlıq daxil olmadığını da deyir. Redaktor bu durumda qanunun tələblərinin pozulduğunu qeyd edir. Məsələ bundadır ki, qanunvericiliyə görə, rəsmi qurum bloklanma qərarından öncə 8 saat ərzində sayta müraciət etməlidir.

"Dünən axşamdan (aprelin 8-dən – A.R.) sayta blok qoyuldu, giriş məhdudlaşdırıldı. Biz saytı axşam VPN-lə işlətmişik, xəbər qoymuşuq, yeniləmişik. Amma səhərə yaxın sayta hücumlar təşkil olundu, həddən artıq sürətli idi, qarşısını almaq mümkün deyildi, bazaya müdaxilə edildi və biz saytı VPN-lə də işlədə bilmədik. İndi də sayta girmək mümkün deyil. Saytın server bazasının nə qədər zədələndiyini söyləyə bilmirik. Proqramçılar bununla məşğuldur”, – redaktor söyləyir.

"Kartof etirazına görə bloklanıb”

Şəmşad Ağa sayta müdaxilənin Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərlə bağlı olduğunu ehtimal edir. Onun sözlərinə görə, bu haqda ilk məlumatı "Arqument.az” yerləşdirib.

"Bu qənaətim ondan dolayıdır ki, bəzi saytlar artıq həmin məlumatı çıxarıblar. Məlumatın qaldığı saytlara isə ölkədə çıxış imkanları məhduddur, bloklanıb. Onlara hansı cəzanı tətbiq edəsidirlər?” – redaktor deyir.

Nazirlik nə deyir?

Redaktor sayta girişin əngəllənməsinə aydınlıq gətirmək məqsədilə artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) rəsmi məktubla müraciət etdiyini bildirir.

AzadlıqRadiosu da bu iddialara cavab almaq üçün sözügedən nazirliklə əlaqə saxlamağa çalışsa da, cavab almaq mümkün olmayıb.

Osman Gündüz: "VPN-lə girmək mümkün deyilsə...”

İnternet sahəsində mütəxəssis Osman Gündüz isə baş verənləri rəsmi qurumlarla əlaqələndirməyə tələsmir, o, "VPN-lə belə sayta girmək mümkün deyilsə, bu, bir qədər başqa problemdir” söyləyir.

Onun sözlərinə görə, son zamanlar saytların bloklanması ilə bağlı rəsmi qurumların təqdim etdiyi sənəd olmadıqda provayderlər "özbaşına addım” atmırlar:

"Onlar bunu ənənəyə çeviriblər. Bu, əvvəllər olurdu, kimsə zəng edirdi provayderə, böyük problem yaranırdı. İndi isə qanunvericilik var, NRYTN həm öz təşəbbüsü, həm də təqdimat əsasında saytları bloklaya bilir. Düşünürəm ki, sayta VPN-lə girmək mümkün deyilsə, burda başqa problem də üzə çıxa bilər, texniki problemdən qaynaqlana bilər və s.”

Osman Gündüz araşdırma apardıqdan sonra daha dəqiq fikir söyləmək mümkün olduğunu düşünür.

Ələsgər Məmmədli: "Saytın bloklanması skandaldır”

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli saytın rəsmi qurumlar tətəfindən bloklanmasına əmindir. O, baş verənləri qanunvericiliyin pozulması kimi dəyərləndirir və "heç bir əsas olmadan sayt bloklana bilməz”, - deyə əlavə edir.

Ələsgər Məmmədli

Ekspert yada salır ki, "Arqument.az” saytı bir qədər öncə də bloklanmışdı, yalnız məhkəmə qaydasında açıldı:

"Bu qanunsuzluğa yol verənlər təəssüf ki, cəzalandırılmadılar. İndi təkrar addım atırlar. Üstəlik də tək blok qoyulmayıb, ayrıca sayt DDoS hücumla dağıdılıb, ora VPN-lə də girmək mümkün deyil. Azərbaycanda saytlar daha zəif baza üzərində qurulduğundan güclü müdafiə sistemləri yoxdur və təəssüf ki, DDoS hücumlarla onları çökdürmək mümkündür. Bunu da edən rəsmi dövlət qurumudur, dövlətin vəsaitindən qanunsuz istifadə edən şəxslərdir. Bu, hüquqi nihilizm və skandaldır. Bu skandala yol verən şəxslər mütləq hüquqi məsuliyyət daşımalıdır. Dərhal addım atılmalı, sayta giriş bərpa edilməlidir”.

Ələsgər Məmmədlinin qənaətincə, baş verənlər eyni zamanda vətəndaşın hüquq və azadlıqlarına, kommersiya maraqlarına, eləcə də ifadə azadlığına, informasiyaya çıxış, sərbəst ifadə yaymaq azadlığına zərər vurulmasıdır.

Bəs islahatlar?

Bu hadisə dövlət başçısının ölkədə siyasi, iqtisadi, məhkəmə-hüquq islahatları aparılacağı haqda vədindən bir ay ötməmiş baş verir.

"Bunu dövlət başçısından, hökumətdən soruşmaq lazımdır ki, bir tərəfdən islahat aparırsınız, digər tərəfdən medianın fəaliyyətini məhdudlaşdırırsınız. Bu gün Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. Buna hökumət cavab verməlidir. Mən özüm isə islahat gözləmirəm. Mənim üçün islahatın nəticəsi "arqument.az” saytının bloklanmasıdır”, – Şəmşad Ağa bildirir.

Ələsgər Məmmədli isə baş verənlərdən sonra yalnız bunu deyə bilir: "Deməli, islahat yoxdur, hər şey əvvəlki qaydasındadır”.

"Media Hüquqları” İnstitutunun keçmiş rəhbəri Rəşid Hacılı "Facebook”da yazır: "Kartof əkənlərin etiraz aksiyası fayda verdi. Rüsumu ləğv etdilər. Amma onu işıqlandıran "Arqument.az”ı isə blokladılar. "Arqument.az” kartofçulara haqq işində yardım etdi. Kartofçular bunun fərqində olmadılar. Heç cəmiyyət də bunun fərqində deyil. Jurnalistlər, media belə sıradan çıxarılsa sabah yardımsız qalacağıq”.

Azərbaycanda 2017-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun”a dəyişiklik edilib, icra qurumuna məhkəmə qərarı olmadan elektron resursları bloklamaq hüququ verilib.

Elə həmin il AzadlıqRadiosu, MeydanTV, "Azadlıq” qəzetinin saytları məhkəmə qərarı ilə bloklanıb. Bundan başqa, 2018-ci ildə Gəncənin icra başçısına edilən sui-qəsddən sonra da bəzi saytların bloklanması haqda qərar çıxarılıb.

Yerli və beynəlxalq müşahidəçilər həmin qanunu mürtəce adlandırır və ilk gündən əleyhinə çıxırlar.///azadliq.org