ASGA Polşada tədbir keçirdi - FOTO

ASGA Polşada tədbir keçirdi  - FOTO

12-05-2015 12:31 / Bu xəbər 840 dəfə oxundu

Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) eks-prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov, ASGA-nın sədri Səbuhi Abbasov, Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfirinin müşaviri Ülvi Baxşəliyev, ASGA Polşa nümayəndəliyinin sədri Anar Məmmədov, Polşanın nüfüzlü ictimaiyyət nümayəndələri və tələbə gənclər iştirak edirdilər.

Tədbirdən öncə Polşada təhsil alan azərbaycanlı tələbələrin Varşavanın Mərkəzindən səfirliyə doğru VeloTuru reallaşdı. Azərbaycan bayrağı ilə bəzədilmiş velotur iştirakçıları bir neçə kilomet qət etdikdən sonra səfirliyə daxil oldular.

Tədbiri Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov açaraq Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı: "Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan iqtisadiyyatında yeni bir səhifə açıldı. Bütün sahələr inkişaf etməyə başladı. 90-cı illərin əvvəllərində isə Azərbaycanda baş verən hadisələrin fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kim nadiri şəxsiyyət xilas edə bilərdi. Onun ikinci dəfə hakimiyyətə qayıdışı isə məhv olmaq təhlükəsində olan Azərbaycanı xilas etdi. Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”

Daha sonra ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək H.Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan üçün böyük qurtuluş olduğunu dedi: "Heydər Əliyevin həyata keçirdiyi ən önəmli islahatlardan biri də gənclər siyasətinin və proqramının işlənib hazırlanması oldu. Heydər Əliyevin təşəbbüsü ilə ilkin mərhələdə Gənclər Nazirliyinin, Gənclər forumunun və Gənclər gününün təsis edilməsi sağlam gələcəyə hesablanmış bir addım idi. Bu siyasət bugün də davam edir. Cənab Prezidentin təşəbbüsü ilə gənclərin müxtəlif təklif və layihələrinin reallaşdırılması məqsədi ilə 7 istiqamətdə müxtəlif fondlar yaradılmışdır. Bundan başqa Azərbaycan Avropanın strateji tərəfdarı kimi bir çox mühüm, siyasi, iqtisadi və mədəni beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı-2015: Birinci Avropa Oyunlarının Bakıda həyata keçirilməsi buna əyani nümunədir. Erməni lobbisi var gücü ilə çalışaraq İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə maneələr törətməyə çalışırlar. Lakin onlar bir məqamı lazımı səviyyədə qiymətləndirməyiblər. Bugün Azərbaycan gəncliyi informativ və innovativ biliklərinə görə dünyada ön sıradadırlar. Buda imkan verir ki, düşmənin bütün hücumlarını anındaca dəf edək”

Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin təqdimatı isə iştirakçılarda böyük marağa səbəb olub.

Sonra ASGA İdarə heyəti adından Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənova "SÜLH SƏFİRİ” mükafatı təqdim olundu.

Bundan başqa ASGA İdarə heyəti adından Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfirinin müşaviri Ülvi Baxşəliyevaya və ASGA Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədova "FƏXRİ DİLPLOM”lar təqdim oliundu. VeloTurda iştirak edən, Polşada təhsil alan azərbaycanlı gənclərə isə müxtəlif sertifikatlar hədiyyə verildi.

Tədbirin sonunda iştirakçılar ölkəmizin ləziz təamlarını,  milli mətbəxini dadmaq üçün yemək süfrəsinə dəvət olundular.

Qeyd edək ki, "Heydər Əliyev polyakların gözü ilə” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində eyni zamanda Varşavanın mərkəzində "Heydər Əliyev polyakların gözü ilə” və "Bakı-2015: Birinci Avropa Oyunları polyakların gözü ilə” adlı sərginin keçirilməsi də planlaşdırılıb.///xeber1.az