Aslan İsmayılov 1 il 6 ay islah işlərinə məhkum edildi

Aslan İsmayılov 1 il 6 ay islah işlərinə məhkum edildi

31-07-2018 18:51 / Bu xəbər 2369 dəfə oxundu

Səbail Rayon Məhkəməsi hüquqşünasla bağlı qərarını elan etdi

İyulun 31-də Səbail Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu 1 il 6 ay müddətinə islah işlərinə məhkum edib.

"Xəmsə” şadlıq sarayının sahibi, "Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənli xüsusi ittiham qaydasında məhkəməyə verib və Aslan İsmayılovun onun haqqında "Facebook” səhifəsində yazdığı "dələduz” ifadəsinə görə CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəyib. 

A.İsmayılov isə bildirir ki, iş adamının dələduzluq əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar aparılıb, M.Həsənli üç gün saxlanılıb. A.İsmayılovun sözlərinə görə, prokurorluqda və BMCMİ-də hüquqlarını müdafiə etdiyi türk iş adamı, "Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Orala 1 milyon 300 min dollar ödəməli olması haqda etirafdan, üzləşmədə həmin vəsaiti ödəyəcəyinə dair vəddən sonra M.Həsənli buraxılıb, onun haqqında cinayət işi başlanmayıb.

M.Həsənli isə bildirir ki, belə hal olmayıb.

Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev sorğu əsasında prokurorluqdan və BMCMİ-dən M.Həsənli haqqında materialların surətlərini alıb. Hakim iyulun 5-də keçirilən məhkəmədə sənədləri elan edib. Sənədlər əsasən, M.Həsənli haqqında cinayət işinin başlanmasından imtinaya dair qərarlar, həmçinin "Siyəzən Broyler”in İdarə Heyətinin sədri Barış Alpayın prokurorluğa məktubu da əlavə olunub. B.Alpay məktubda yazır ki, rəhbərlik etdiyi şirkətin "Emre Piliç”in sahibi Ömür Orala olan 3 milyon 800 min dollarlıq borcunu M.Həsənli vaitəsilə göndəriblər. O isə vəsaitin bir hissəsini çatdırmayıb. Nəticədə Ömür Oral "Siyəzən Broyler”i məhkəməyə verib.

Məhkəmədə A.İsmayılov bildirib ki, bu sənədlər tam deyil. O, Ömür Oralla M.Həsənli arasında üzləşmə protokollarının da prokurorluqdan alınması barədə vəsatət qaldırıb.

M.Həsənli isə A.İsmayılovun yalan danışdığını bildirib və onun məhkəmə zalında həbs olunmasını xahiş edib: "Mənim barəmdə heç bir hökm yoxdur. Mənim 3 sutka saxlandığım haqda dedikləri də yalandır. Hər kəsin canını boğazına yığıb. Nə qədər şər-böhtan demək olar? Xahiş edirəm, elə indicə bunu həbs edin, bizi qurtarın”.

A.İsmayılov isə M.Həsənlini ədliyyə naziri Fikrət Məmmədov və prezidentin köməkçisi Əli Həsənovun himayə etdiyini, bu səbəbdən onunla bağlı şikayətlərin obyektiv araşdırılmadığını, onun məsuliyyətdən kənarda saxlandığını bildirib.

İyulun 4-də isə Səbail Rayon Məhkəməsi Aslan İsmayılovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə 1500 manat cərimələmişdi.