AŞPA Azərbaycanı mətbuata düşmən ölkə sayır

AŞPA Azərbaycanı mətbuata düşmən ölkə sayır

28-01-2020 18:53 / Bu xəbər 609 dəfə oxundu

Azərbaycan hakimiyyətindən jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmaq tələb edilir

Avropa Şurası Parlament Assambleyası Azərbaycan hakimiyyətindən jurnalistlərə qarşı repressiyaların dərhal dayandırılmasını tələb edib.

"Turan” İnformasiya Agentliyinin məlumatına görə, yanvarın 28-də AŞPA-nın qış sessiyasında "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamə qəbul edilib. Qətnamənin müəllifi britaniyalı deputat Corc Fulkesdir.

Sənəddə Azərbaycandakı vəziyyət barədə ayrıca danışılır.

Qətnamədə Azərbaycan hakimiyyətindən söz və media azadlığının təmin edilməsi, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımların atılması tələb edilib.

AŞPA deputatları rəsmi Bakını "KİV azadlığını ciddi şəkildə məhdudlaşdıran düşmənçilik mühiti”ni kardinal olaraq dəyişdirməyə çağırıblar.

"Xüsusilə əsassız cinayət ittihamları ilə sistematik təhdid edilən və uydurma dəlillərlə azadlıqdan məhrum edilə müstəqil jurnalistləri susdurmaq məqsədilə cinayət qanunvericiliyindən istifadəni qadağan etmək lazımdır;

Jurnalistlərin və KİV işçilərinin mühakimə olunma hallarına təcili olaraq baxılmalı, bütün həbs edilən bütün azad edilməlidir;

Jurnalistlərin ölkəni tərk etməsinə qadağa qoymaqdan çəkinməli;

Müstəqil xəbər agentliklərinin vergidən yayınma və ya mənfəətin azaldılması ilə bağlı saxta ittihamlarla mühakimə olunmasına son verilməli;

Müstəqil xəbər saytlarına girişin sistematik bloklanmasına son qoyulmalı;

Yeganə müstəqil informasiya agentliyi olan Turan İnformasiya Agentliyi və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna istənilən inzibati və siyasi təzyiqlərə son qoyulmalıdır”, - hesabatda deyilir.

Sənədin sonunda qeyd olunub ki, Azərbaycan məhkəmə çəkişməsi, hökm çıxarılması və həbs cəzası baxımından jurnalistlər üçün ən düşmən ölkələrdən biridir.
 
Bildirilir ki, 2017-ci ildən jurnalistlərə və ya KİV-ə qarşı 18 cinayət işi açılıb, onların əməkdaşları isə mühakimə edilib və həbs olunub, 2019-cu ilin mayına qədər 5 jurnalist peşə fəaliyyətinə görə hələ də həbsdə olub.

"Hökmlər əsassız olaraq böyükdür, məsələn, Kend.info saytının təsisçisi, korrupsiya və insan hüquqları ilə bağlı yazıları ilə tanınan, 9 il azadlıqdan məhrum edilmiş Elçin İsmayıllının işində olduğu kimi.

Digər üç jurnalist həbsdədir: Ziya Əsədli, Fikrət Fərəməzoğlu və Əfqan Muxtarlı. Digər jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Eyni zamanda son vaxtlar 400-dən çox hökumətyönlü jurnalist hakimiyyətdən pulsuz mənzil alıb ki, bu da "ələ alma”nın bir vasitəsidir”, - sənəddə deyilir.
 
Qeyd: Jurnalist Fikrət Fərəməzoğlu 2019-cu ilin martında Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.