AŞPA-da Azərbaycanla bağlı hesabat qəbul olunub

AŞPA-da Azərbaycanla bağlı hesabat qəbul olunub

26-04-2018 20:10 / Bu xəbər 3031 dəfə oxundu

Səməd Seyidov: ''Mənim ölkəmi rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır''

Aprelin 26-da Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqın hazırladığı hesabatın müzakirəsi keçirilib.

Azərbaycan rəhbərliyinin AŞPA üzvlərini necə korrupsiyaya bulaşdırması ilə bağlı faktların ortaya qoyulduğu araşdırma hesabatı 123 nəfər lehinə, 9 nəfər əleyhinə olmaqla qəbul olunub.

Bildirilir ki, növbəti mərhələ hesabatda adıkeçən deputatların həm Avropa Şurasında, həm öz ölkələrində qanun qarşısında cavab verməsi vacibdir. Eyni zamanda, Azərbaycanın rüşvət və hədiyyələr hesabına yayındığı məsələlərin AŞPA-da yenidən gündəmə gətirilməsi gözlənilir.

İclasda Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov, Asim Mollazadə, Sevinc Fətəliyeva və digərləri çıxış ediblər.

Səməd Seyidov hesabatda onun adının rüşvətxorluqda günahlandırılmasına etiraz edib:

"Mənim ölkəmi rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır. Bizim öz demokratiya dəyərlərimiz var. Siz bir ay bundan əvvəl bu zalda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı qəbul etdiniz, onu alqışladınız. Ancaq bu gün xalq onun ölkənin Baş naziri olmasına etiraz etdi, istefaya getməsinə nail oldu".

Asim Mollazadə hesabatı islamafobiya ilə əlaqələndirib və etirazını ifadə edib.

İclasda Avropa Şurası Baş katibi Yaqlanda sərt suallar və münasibət ünvanlanıb. Onu zamanında güclü mövqe ortaya qoymamaqda ittiham ediblər. Yaqland baş verənlərin onun üçün çox ciddi və Avropa Şurasının legitimliyi ilə bağlı məsələ olduğunu bildirib:

"Əlimdən gələni edəcəm ki, ədalətli qərarlar qəbul olunsun”.

Suallar zamanı məlum olub ki, Azərbaycanın Avropa Birliyi yanında sabiq Daimi Nümayəndəliyinin başçısı Arif Məmmədov 2011-ci ildə cənab Yaqlanda ölkəsində korrupsiyanın çox olduğunu deyib.

Müzakirələrdə Azərbaycanı yalnız türkiyəli deputatlar müdafiə edib.

Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlərin 10 ay apardığı istintaq nəticəsində aprelin 22-də 219 səhifəlik hesabat açıqlanıb. Hesabatda Azərbaycanın adı 942 dəfə çəkilib.

İstintaqı belə bir qənaətə gəlib ki, qurumun Parlament Assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, "korrupsiya xarakterli” fəaliyyətə yol verib.