AŞPA Gültəkin Hacıbəyli barədə qərarı dəyişib

AŞPA Gültəkin Hacıbəyli barədə qərarı dəyişib

06-09-2018 19:38 / Bu xəbər 1091 dəfə oxundu

Ona qoyulan qadağa aradan qaldırılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İmmunitetlər və Prosedur Qaydaları Komitəsi iyun ayının 28-də sabiq deputat, Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli haqqında qəbul etdiyi qərarı ləğv edib.

Məlumatı Meydan TV-yə Gültəkin Hacıbəyli verib.

O, deyib ki, AŞPA-nın İmmunitetlər və Prosedur Qaydaları Komitəsi sentyabrın 3-də Parisdə keçirilən ilk iclasında bu barədə qərar qəbul edib:

"Mənə isə məlumatı sentyabrın 5-də komitənin katibliyinin rəhbəri Valerie Klamer çatdırıb, sadəcə, komitənin fəaliyyəti qapalı olduğundan qərarları dərhal açıqlanmır”.

Sabiq deputat bildirib ki, o, iyunda haqqında qəbul edilən qərarın səbəbini tam araşdırmasa da, komitəyə müraciət edib: 

"Görünür, komitə nə qədər ciddi səhv etdiyini anlayıb. Məni dəfələrlə AŞ PA-da nümayəndə heyəti vasitəsilə Azərbaycanla bağlı istintaqa dəvət etsələr də, məlumat verilməyib. Amma sonradan başa düşüblər ki, 2010-cu ilə qədər deputat olan bir insanı 2012-2015-ci illərdəki korrupsiya olayları haqda sorğulamaq bir az məntiqə ziddir. Bütün hallarda üzvü olmadığım halda adımın siyahıya salınması sual doğurur. Düzdür, AŞ PA tərəfindən ittiham olunmamışam, sadəcə, qiymətli məlumatlara malik olan şahid kimi dəvət edilirdim”.

G.Hacıbəyli deyib ki, reallıq ondan ibarətdir ki, 2012-2015-ci illərdə deputat olmamışamsa, məndə qiymətli məlumatlar ola bilməz.

"Prosesdən məlumatlıydım, ancaq prosesin içində olmadığımdan əsas şahid kimi çıxış edə bilməzdim. Görünür, AŞ PA-nin haqqımdakı qərarı ləğv etməsində bu gerçəklik rol oynayıb”.

Milli Şura yetkilisi əgər onu yenidən şahid kimi istintaqa dəvət etsələr, gedəcəyini söyləyib: "Əlbəttə, töhfəm olarsa, məmnuniyyətlə prosesdə iştirak edərəm, amma dəvətlər gizlədilməsə”.