Ağsu sakini: Şikayət etdiyim üçün döydülər, haqqımda cinayət işi açdılar

Ağsu sakini: Şikayət etdiyim üçün döydülər, haqqımda cinayət işi açdılar

08-01-2019 16:32 / Bu xəbər 1380 dəfə oxundu

Qarabağ döyüşçüsü başına gətirilənləri Meydan TV-yə şikayət etməsi ilə əlaqələndirir

"Meydan TV-yə şikayət etdiyim üçün polislər məni aparıb, şöbədə döydülər, başımı yardılar. Sizə demişdim axı, Ağsuda camaat quldarlıq dövründə yaşayır. Burada bir az tərpəndin, nəsə dedin, adamın dərsini yaxşıca verirlər, artıq-əskik danışanı əzişdirirlər".

Bu sözləri Ağsu rayon sakini, keçmiş Qarabağ döyüşçüsü Musa Əliyev deyir.

O, iddia edir ki, şəraitsiz evi, ağır güzəranı və işsizliyindən Meydan TV-yə şikayət etdiyi üçün ötən il, dekabrın 26-da Ağsu Rayon Polis Şöbəsinə aparılaraq, əməkdaşlar tərəfindən döyülüb:

"Yaxın adamın toyu idi. Arada bayıra çıxdım, gördüm ki, post-patrul xidmətinin bir neçə əməkdaşı toya gələnləri sorğu-sual edir. Bunlara yaxınlaşıb, soruşdum ki, niyə bura gəlmisiniz. Onlar da məndən kim olduğumu soruşdular Dedim ki, demək olar, qız atasıyam, ailəyə yaxın adamam. Onlar da cavabında bildirdilər ki, şöbəyə getməlisiniz, izahat yazmalısınız ki, toyda heç bir dava, söz-söhbət olmayıb. Xidməti maşında məni arxada oturtmaq istədilər. Etiraz etdim, dedim ki, məgər mən cinayətkaram?! Bundan sonra dedilər ki, ağsaqqal, harada istəyirsən, otur. Mən də qabaqda oturdum, şöbəyə getdik. Ora çatandan sonra ab-hava dəyişdi. Bayaqdan mənə, "ağsaqqal", "xahiş edirəm", - deyə müraciət edən adamların səs tonu dəyişdi. Məni saldılar dəmir barmaqlıqlar arasına, möhkəm əzişdirdilər, palaz kimi çırpdılar. Səbəbini soruşdum ki, niyə axı məni bu günə salırsınız? Dedilər ki, darıxma, gör, başına nə oyun açacağıq".

Şikayətçinin dediyinə görə, onu 1 sutka şöbədə saxlayıblar. Daha sonra isə oğlu Sərxan Əliyevi də şöbəyə gətiriblər: "Dekabrın 27-də səhər obaşdan evimə gedib, əsgərlikdən yeni qayıtmış 21 yaşlı oğlum Sərxan Əliyevi aldadaraq, şöbəyə aparıblar. Deyiblər ki, gedək, atanı zaminə götür, apar evə. Uşaq da polis işçisi ilə şöbəyə gedib. Orada oğlumu döyüblər, məcbur ediblər, yalandan izahat yazsın ki, guya davanı o salıb. Oğluma ciddi xəsarət yetirməyiblər, ünvanına nalayiq ifadələr işlədiblər. Uşağı məcbur ediblər ki, izahatda yaz ki, mən dava edirdim, atamın günahı yox idi. Yəni qoyublar uşağın boynuna. Çünki mən boynuma almamışdım. Uşağa deyiblər ki, izahata qol çək, atanı buraxaq, o da səni qurtaracaq. "Qol çəkməsən, atanı atacağıq həbsxanaya", - deyəndə uşaq məcburiyyətdən qol çəkib".

Məsələ ilə bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. O, Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edilir. Əgər ittiham təsdiqini tapsa, onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Şikayətçi bildirir ki, polis əməkdaşları istintaq davam etdiyi müddətdə onun barəsində həbs qəti-imkan tədbiri seçilməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinə təqdimat veriblər. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra polis əməkdaşları Şəki Apelyasıya Məhkəməsinə şikayət ediblər, lakin bu dəfə də şikayətləri təmin olunmayıb:

"Prokurorluqda bildim ki, sən demə, mən tək canımla üç nəfər polis əməkdaşını döymüşəm. Heç adlarını bilmirəm, kimlərdir. Toyun 4 saatlıq çəkilişi montaj olunmadan, kameraqarışıq prokurorluğa təqdim olundu. Onlar da baxdılar, heç nə tapmadılar. Müstəntiq oğlumdan soruşur ki, toyda kiminlə savaşmısan? Oğlum da cavab verdi ki, bilmirəm. Toydan görüntüləri qoydular ki, göstər görək, dalaşdığın adam kimdir? Uşaq da lal-dinməz durub, baxır. Müstəntiq sual verir ki, ay bala, davanı salan hansı adam idi? Uşağım da deyir ki, mən kimin üzünə durum, axı heç kimlə savaşmamışam? Müstəntiq də oğluma ifadəsində niyə elə yazdığını soruşanda, uşaq dedi ki, məni dubinkayla vurdular, söydülər, hədə-qorxu gəldilər. İzahatı yazdılar, sonra da məcbur etdilər ki, qol çək. Dedilər ki, qol çəkməsən, atanı buradan birdəfəlik yollayacağıq Gəncə həbsxanasına, tutacağıq. İş hazırda məhkəmədədir, araşdırırlar. Axı mən heç nə etmədiyim halda şöbəyə aparılıb, niyə döyülməliyəm, şərlənməliyəm? Şikayət etdiyim üçün, məni şərləyirlər. Pis güzəranımdan danışan kimi, başıma bu oyunu açdılar. Uşağımı da aparıblar ki, mənim ağzımı bağlasınlar".

Ağsu Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, polisin qanunsuz əməlləri ilə bağlı hazırda araşdırma aparılır: "Həmçinin Musa Əliyevə qarşı da polisə müqavimət maddəsi ilə cinayət işi qaldırılıb. Biz nə polisi müdafiə edirik, nə də Musa Əliyevi. Çalışırıq ki, obyektiv araşdırma aparaq. Görək həqiqətən də hadisə vaxtı nə baş verib. Hazırda istintaq gedir. Təfərrüatları ilə bağlı məlumat verə bilmərik".

Musa Əliyevin vəkili Səbuhi Rəcəbov məsələ ilə bağlı danışmaq istəməyib. O, "hələ dəqiq nəsə söyləmək mümkün deyil", - söyləməklə kifayətlənib. 

Ağsu Rayon Polis Şöbəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.