Ağsu sakini: ''Silahlı vergi işçiləri bizi mühasirəyə aldı''

Ağsu sakini: ''Silahlı vergi işçiləri bizi mühasirəyə aldı''

16-08-2018 13:09 / Bu xəbər 1890 dəfə oxundu

Əlizadə Atakişiyev həyətyanı sahəsindən yığdığı sarımsağı qablaşdırarkən başına gələnlərdən danışır

"Bir yekə avtobusla və 5-6 minik maşını ilə gəlmişdilər. Əvvəlcə yaxınlığımızdakı zavoda girdilər, sonra keçdilər biz tərəfə… Necə ki, zavodu mühasirəyə almışdılar, eləcə də bizi mühasirəyə aldılar. Bellərindəki silahları görəndə qadınlar qorxdu”.

Bunu Meydan TV-yə Ağsu rayonunun Gursulu kənd sakini Əlizadə Atakişiyev deyir. Onun sözlərinə görə, iyulun 23-də fermada sarımsaq qablaşdırarkən silahlı vergi işçiləri fermanı mühasirəyə alıb və içəridən çıxmağa imkan verməyiblər. Vergi işçiləri iddia ediblər ki, həmin qadınlar burada qanunsuz əmək fəaliyyətinə cəlb olunublar və vergidən yayınırlar.

"Hamısı silahlı idi"

"Demək olar ki, hamısı silahlı idi. Demirəm ki, üstümüzə silah çəkiblər, başımıza silah dirəyiblər, ancaq silahlı gəlmişdilər, qadınlar da çox qorxdular. Məsələ ondadır ki, biz öz həyətimizdə sarımsaq əkmişdik və sarımsağı sahədən toplamışdıq. Ancaq həyətdə çürüyürdü, ona görə də zavod rəhbərliyindən icazə aldıq, yeni tikilən, ancaq istifadə olunmayan fermada bizə yer verdi, tanışların köməkliyi ilə orada sarımsağı qablaşdırmağa başladıq. Həmin qadınlar hamısı ailəmizə yaxın insanlardır və sadəcə, kömək edirdilər. Vergi işçiləri onlara yazdırmaq istəyirdilər ki, guya qanunsuz əmək fəaliyyəti ilə məşğul olublar”, - Əlizadə Atakişiyev deyir.

Onun sözlərinə görə, qadınlar izahatlarında ailəyə yaxın olduqlarını və sadəcə, qablaşdırma işlərində kömək etdiklərini yazıblar. Avqustun 12-də - istirahət günü olmasına baxmayaraq, vergi işçiləri yenə gəlib, həm qadınlardan, həm də Əlizadə Atakişiyevdən növbəti dəfə yazılı izahat alıblar.

"11 min 40 manat…"

"Qadınlar yenə həyətimizdən toplanan sarımsağı kömək məqsədilə qablaşdırdırdıqlarını yazdılar. Bununla belə, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti məni 11 min 40 manat cərimələdi. Üstümə də qərar göndəriblər ki, avqustun 23-nə kimi pulu dövlətin büdcəsinə ödəməliyəm. Belə çıxır ki, heç kim həyətində, məhəlləsində qohum-qonşularla toplaşıb bir iş görə bilməz”, - Əlizadə Atakişiyev bildirir.

Şikayətçi deyir, onsuz da ailənin yükünü çəkə bilmir, bir tərəfdən də hökumət onu haqsız yerə 11 min 40 manat yükləyib:

"85 yaşlı xəstə anama baxıram, azyaşlı övladım və həyat yoldaşım epilepsiyadan əziyyət çəkir, dərmanlarını ala bilmirəm. Evimiz başımıza uçur, 2 ildir ki, Fövqəladə Hallar Nazirliyindən gəlib baxış keçiriblər, "bu evdə yaşamaq həyatınız üçün təhlükəlidir” deyib, çıxıb gediblər. Bilmirəm dolanışığımın dərdini çəkin, yoxsa Vergilər Nazirliyinin mənə yüklədiyi 11 min 40 manatın…”

Hadisə zamanı orada olan qadınlardan bir neçəsi də Meydan TV-yə qohumlarına yardım etdiklərini deyib.


Vergilər Nazirliyi şikayəti araşdırdığını deyib

Meydan TV Vergilər Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışsa da, mümküm olmayıb. Nazirliyin katibliyinin direktoru Nigar Alimova Əlizadə Atakişiyevə bildirib ki, şikayəti araşdırılır.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əlizadə Atakişiyevə göndərdiyi qərarda qeyd olunur ki, o, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan 11 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edib. Buna görə də vergi məsuliyyətinə cəlb edilib və ona qarşı 11 min manat ayrıca, 40 manat ayrıca, ümumilikdə 11 min 40 manat maliyyə sanksiyası tətbiq edilıib. Həmin məbləğin avqustun 23-dək büdcəyə ödənilməsi tələb olunur.

Əlizadə Atakişiyev Prezident Administrasiyasına, vitse-prezident Mehriban Əliyevaya, Baş nazirə, kənd təsərrüfatı nazirinə və vergilər nazirinə müraciət edib.