"AtaBank"da nə baş verir?

17-01-2020 16:22 / Bu xəbər 2347 dəfə oxundu

"Əmanətçilər depozitlərini nədən geri çəkə bilmirlər?"

"Ötən ilin oktyabrın 1-ə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat AtaBank ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Belə ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər". 

Bunu Azərbaycan Demokratiya və Rifah Hərkatının (ADR) sədri, iqtisadçı alim Qubad İbadoğlu feysbuk hesabında yazıb.

"Bir sözlə, AtaBank ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir. Bununla əlaqədar olaraq, bir qrup əmanətçilər əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu ildən isə Mərkəzi Banka şikayət etsələr də yenə də müsbət nəticə əldə edə bilmirlər. Əksinə, nə baş verdiyi barədə heç bir rəsmi açıqlama verilməməsi əmanətçilərin şübhələrini daha da çoxaldır", - bildirib. 

"Narahatlığını mənimlə bölüşən əmanətçilər depozitlərinin geri alınmasında qarşılaşdıqları çətinlikləri ictimailəşdirməyi xahiş ediblər. Onlar belə davam edərsən, "AtaBank"da da əmanətlərinin və cari hesablardakı vəsaitlərinin batmasından qorxurlar. Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı "AtaBank" ASC, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ən qısa müddətdə açıqlamalar verməlidir. Çünki söhbət 286.3 milyon manatlıq əmanətlərin taleyindən gedir. Odur ki, Mərkəzi Bank bununla bağlı təxirəsalınmaz tədbirlər planını elan etməlidirlər ki, əmanətçilərin narahatlığı aradan qalxın. Əks təqdirdə "AtaBank" ASC-nin maliyyə mötəbərliyini itirməsi yalnız əmanətçilərə deyil, həm də bank sisteminə növbəti zərbə olacaq", - Qubad İbadoğlu yazıb.