Atam necə öldü?

Atam necə öldü?

20-09-2017 16:43 / Bu xəbər 2808 dəfə oxundu

Onu qəzaya düşən maşından kimlər çıxardıb yolun üstünə - düz asfaltın ortasına qoyublar?

Bu il, 2017-ci il avqust ayının 4-ü, təxminən axşam saat 10-11 radələrində Masallı rayonunun Hacıtəpə kəndinin qarşısında yol-qəza hadisəsi baş verib. Xırmandalı bələdiyyəsinin sədri Elmidar Mayılovun idarə etdiyi SEAT markalı maşın kanala düşüb. 

Nəticədə Elmidar Mayılov ağır bədən xəsarəti alıb və hadisədən 1 saat sonra xəstəxanada keçinib.

Tam aydınlıq olsun deyə, hadisə baş verən ərazi barədə qısa məlumat verək. Masallı rayonunun Xırmandalı Ərazi Vahidi 3 kəndi - Xırmandalı, Hacıtəpə və Ərəb kəndlərini əhatə edir. Bu kəndlər bir bələdiyyə ətrafında birləşir - Xırmandalı bələdiyyəsində. 

Qəza nəticəsində vəfat etmiş bələdiyyə sədri Elmidar Mayılov 1962-ci ildə anadan olub, ali təhsillidir, uzun illər yaşadığı ərazidəki sovxozda kadrlar şöbəsinin müdiri, sonra da sovxoz direktoru vəzifələrində işləyib. 

2004-cü ildən bələdiyyə üzvü, 2014-cü ildən Xırmandalı bələdiyyəsinin sədri işləyirdi. 3 oğul və bir qız atası idi.

Hadisənin təfsilatını isə oğlu Pərviz Mayılovun dilindən:


- Avqustun 4-ü, axşam saat 10-11 arası, mən Bakıda olarkən mobil telefonuma zəng gəldi. Yaxın qohumumuz Elməddin Salmanov telefonla mənə bildirdi ki, atan qəzaya düşüb, ağır vəziyyətdə xəstəxanaya apardıq. 

Dərhal rayona yola düşdüm. Biləsuvara çatanda bildirdilər ki, artıq atan keçindi, ekspert müayinəsi üçün Cəlilabada aparılıb, gəl ora. Mən də gəldim.

Daha sonra hadisənin təfsilatını öyrəndim. Seyran Əliyev adlı kənd sakini, taksi sürücüsü mənə danışdı ki, 4-ü avqustda, axşam saat 11 radələrində taksi maşınımla, maşında da bir neçə nəfər olmaqla rayon mərkəzinə gedirdim. 

Gördüm ki, Hacıtəpədən Həsənli istiqamətinə olan ərazidə, düz yolun ortasında adam uzanıb. Maşını saxlayıb baxdım ki, bu, kəndimizin sakini, bələdiyyə sədri Elmidar Mayılovdur. 

O halsız, ağır vəziyyətə uzanmışdı. Həm də əynindəki köynək yarıya qədər çıxarılaraq başına keçirilib. Elə deyirdi ki, ağrıyıram. 

Həmin sürücü bir neçə dəfə Təcili Yardıma zəng vursa da, çağırışa gəlməli olanlar vəd versə də gəlməyib. Vəziyyəti belə görən Seyran atamı öz maşınına qoyaraq Masallı xəstəxanasına gətirib.

Burada məlum olub ki, atamın ayağı, qabırğaları bir neçə yerdən sınıb, daxilə güclü qanaxma olub. Xəstəxanaya çatandan 20-25 dəqiqə sonra atam keçinib.

Kənd sakinləri mənə danışdı ki, atam həmin gün Təklə ərazisindəki "Dəmir yol kafesi” deyilən yeməkxanada çörək yeyib, evə qayıdırmış. 

Obyektivlik naminə deyək ki, idarə etdiyi maşını da sürətlə sürürmüş. Hadisədə adları hallanan Qadir Qasımov (Xırmandalı Ərazi Vahidin nümayəndəsi Məhərrəm İbrahimovun kürəkəni və qardaşı oğlu) və Qeys adlı şəxs Şərəfə kəndindən toydan qayıdırmış. 

Hər biri ayrı-ayrı maşında olmaqla. Həmin şəxslərin yol boyu bir-biri ilə maşınları ötüşdürdüyü bildirilir. Yolda da bir neçə yerdə uzun "tormoz” izləri var. Onu da bildirim ki, həmin Qadir adlı taksi sürücüsü kənddə maşını çox sürətlə və təhlükəli idarə edən şəxs kimi tanınır. 

Hətta bir dəfə qəza törədib yaxın qohumunun da dünyasını dəyişməsinə səbəb olub. Günahı isə yolda dayanan maşının sürücüsünün üstünə yüklədilər.

Qəzadır, hamının başına gələ bilər. Bizim bu məsələni mətbuata çıxarmağımız isə səbəbsiz deyil. Atamın maşını qəzaya uğrayıb və kanala düşüb. 

Bəs onu kanaldan kim çıxarıb, niyə düz yolun ortasına qoyub, nəfəsi gəldiyi, danışa bildiyi halda xəstəxanaya çatdırmayıb? 

Bax, bu məqamları Rayon Polis Şöbəsinin müstəntiqi obyektiv araşdırmır. 
Müstəntiq Cahangir Cahangirov (müstəntiq bizim qonşu Həsənli kəndindəndir) bizim bu sualların cavabında bildirir ki, orada 100-dən artıq adam olub, bilmirik hansıdır. 

Amma çoxlarına bəllidir ki, hadisə olan vaxt həmin ərazidə cəmi 2-3 nəfər olub. Onlar yaralını kanaldan çıxartsalar da xəstəxanaya çatdırmayıblar. 

Həmin şəxslərin hadisə olan yolda qəza şəraiti yaradıb-yaratmaması da ciddi araşdırılmır.

Bizim ehtimallara görə, hadisəyə səbəb olan, qəza vəziyyəti yaradan, sonra da onu xəstəxanaya çatdırmayan Qadir ərazi nümayəndəsinin qohumu olduğu üçün, əlaqələrindən istifadə edir və işi ört-basdır etdirir.

Təsəvvür edin, bələdiyyə sədri qəzaya düşüb rəhmətə gedir, nə ərazi nümayəndəsi, nə rayon rəsmilərindən kimsə yasa gəlmir.
Bizim atamızın ölümünə səbəbkar olanların dəqiqləşdirilməsində israrlıyıq və bu işin qeyri-obyektiv araşdılmasına imkan verməyəcəyik. 

Bu sahədə Masallı Polis Şöbəsinin araşdırmasından ciddi narazılığımız var. Bütün əlaqədar təşkilatlara müraciət etmişik. 

Yaxın vaxtlarda, Daxili İşlər Naziri cənab Ramil Usubovun cənuba səfəri zamanı onun qəbulun düşməyə çalışacağıq.

Biz olayla bağlı Masallı Rayon Polis şöbəsinin həmin cinayət işini araşdıran müstəntiqi Cahangir Cahangirovla da əlaqə saxladıq. 

O bildirdi ki, narazı şəxsləri yaxından tanıyıram. O ailəyə hörmətim də var. Qəzadır olub. Maşını idarə edən Elmidar müəllim avtomobili yüksək sürətlə və sərxoş halda idarə edib. Onu kanaldan çıxaranların kimliyi tam dəqiqləşməsə də, həmin adamlar əslində Elmidar müəllimin bir qədər artıq yaşamasına yardımçı olublar.
 
Qarşı tərəfin iddiasına görə qəza şəraiti yaradan maşınlar yoxlanışdan keçirilib, Bakıya ekspertizaya göndərilib. Cavablar gələndə sonra qəti rəyə gələcəyik. Hazırda istintaq getdiyi üçün bütün detalları açıqlaya bilmərəm. 

İstintaqın sonunda hər şey bəlli olacaq. Qarşı tərəf də tam əmin olsun ki, iş obyektiv aparılacaq.

Abdul Əsgərli
cenubxeberleri.com