Ateistin nənəsinin Allahı – HEKAYƏ

Ateistin nənəsinin Allahı – HEKAYƏ

27-02-2016 13:24 / Bu xəbər 3158 dəfə oxundu

Arqument.Az Bəxtiyar Hidayətin yeni hekayəsini təqdim edir:

Bəxtiyar Hidayət

Ateistin nənəsinin Allahı

HEKAYƏ

Tale qara üzünü bu dar macalda da göstərmişdi. 4 il idi rəsmən paytaxda "yaşayırdı”, amma hələ paytaxtı görə bilməmişdi. Indi də görə bilməyəcəkdi. Gecə idi. gözü bu dörd ildə türmə işığına elə öyrəşmişdi ki, şəhər işıqlarından  şəhəri seçə bilmirdi. Türmənin işıqları heç vaxt keçmirdi- o, bu "işıqlı günü, işıqlı gecəni” heç düşməninə də arzulaamzdı. Amma yox, bir düşməni vardı ki, ona gözünü çıxaracaq qədər işıq arzulayardı. Türmədən elə şər qarışanda azad edilmişdi. Öz hesabına görə təxminən 5 saat artıq olmuşdu cəzası. Və bu 5 saat çəza çəkdiyi 4 ildən uzun gəlmişdi ona. Indi də belə- çıxan kimi üstündəki 30 manatın 10-nu taksiyə verib avtovağzala gəlmişdi. 10 manat da yol üçün saxlayıb, 10 manata da rayona gedəsi idi.

  Yol yoldaşı sözlü- söhbətli adam idi. Ya da içkili olduğundan üyüdüb- tökürdü. "Böyük adamlardan” birinin toyundan gəlirmiş. Bir xeyli toyu təriflədi- stolun üstündə nələr yox imiş. Adam düz əməlli adlarını da bilmirdi. Toyda hansı müğənnilər yox imiş, adam düz əməlli adlarını da bilmirdi. Boylum, bir fıstırıq olub ki gəl görəsən.

Özü də toya başqa adamın yerinə gedib, onun adını yazılıbmış siyahıya. Adam özü oğlu ölüm ayağındaymış deyə toya gedə bilməyibmiş. Yol yoldaşı daha sonra öz barəsində məlumat verdi. Qonşu "T” elində yaşayırmış. Özü də vaxtilə  iş- güc tapmırmış. Nəhayət Ədalət müəllim deyilən biri ona iş bulub. Elə bu gün də Ədalət müəllim onu göndəribmiş öz yerinə toya. Adam bunu fəxrlə deyirdi. Etibar qazanıbmış. Ailənin adamına çevrilibmiş. Onun bağ evində həm gözətçi, həm bağban, həm də qulluqçu kimi çalışırmış. Qulluqçuluq da işinin üstünə son iki ayda gəlibmiş. Ədalətin etdiyi yaxşılıqların bir qədər əvəzini də qaytarıbmış- oğluna qan veribmiş.

 Əvvəl daha rahat imiş işi. Indi Ədalət müəllim deyilən bir ağır dərdə düşübmüş. Çox hörmətli adam imiş bu Ədalət deyilən. "T” elinin "C” kəndində hamı başına and içirmiş. O kənddən kiminsə hardasa problemi oldumu Ədalətin adinı verirmiş, vəssalam. Kəndin yoluna 20 kamaz xır tökdürübmüş, kəndin qəbristanlığını setkaladıbmış. Bir- iki kasıbın da kreditini ödəyibmiş. Indi belə bir yaxşı adama Tanrı böyük, çox böyük dərd veribmiş- oğul dərdi. 

-Qardaş, birdən o Ədalət dediyin "G” şəhərinin rəisi Ədalət olar?
-Hə, hə. Keçmiş rəisi. Görürsənmi sən də tanıdın. Ay sağ ol, ay sağ ol. Alalh onun ömrünü uzun eləsin, Allah onun o bircə balasına şəfa versin. Nəzir demişəm, nəzir. 
Heyrətlə soruşdu:
-Nə oğul dərdidi elə?
-Deyiləsi deyil qardaş, deyiləsi deyil. Ey gidi dünya haaa.
Amma dedi nə dərd idi bu dərd. Bəlkə də ailəyə bu qədər yaxın olan birinin adi yol yoldaşına ailə sirrini verməsi düzgün deyildi. Amma yol yoldaşı bu sirri açıb- ağartdı. Bu da yəqin içkinin hesabına idi. Həqiqətən də çox ağır dərd imiş.

***

7-8-ci sinifdə oxuyurdu. Qəflətən Adil müəllim bir sual verdi- kim Allaha inanır?
Hamı dedi Allah var.
Adil müəllim dedi Allah yoxdu. Elm var, din əfsanədi, elm dalınca gedin.
Gəlib nənəsindən soruşdu:
-Ay nə, Adil müəllim deyir Allah yoxdu.
- Yalan deyir a malım- payım. Allah var, görk eləyir. Görklü Tanrı da deyirlər ona. Adil müəllim bilmir anası nələr çəkib? 3 qardaşını itirib onun anası. Tanrı idi eləyən hamısını, Tanrı idi eləyən. O boyda müharibədən salamat gətirib onu, indi deyir Allah yoxdu. Allah, özün saxla, Allah.
-Nə görk eləyir o Tanrı?
-Kim nə pislik eləyib, qabağına çıxardır. Adil müəllimi o boyda müharibədən salamat qaytardı, amma indi şıllaq atır imansız oğlu imansız.
-Nəyi görk eləyib görklü Tanrı, ay nənə?
-Bıy, birdimi, beşdimi a bala? Adil müəllimin xalası Qızyetər arvad bizim qarayığvalı (ərini deyirdi) tovlayıb öz qardaşı oğlunu öldürtdürmüşdü. 3 qardaşı bir- birinin dalınca beymuraz- beymuraz getdi  o dünyaya. Sən o haqq- hesabı bilməzsən, yaşından qabağın söhbətidi.  Bax,  Dosdu kişinin nişanlı qızı özünü asmadımı? 
-Noolsun axı?
- O olsun ki, Dosdu kişi müharibədə ölən qardaşının yetim- sail qızını elə vurmuşdu, qız ölmüşdü.  Bir tikə çörək götürübmüş təhnədən o bədbaxt da. 20 ildən sonra Dostu kişinin nişanlı qızı özünü asdı heç nədən. Istədiyi varmış, zorla veriblrmiş başqasına. Dostu kişi ulaya- ulaya öldü, bala. Görk eləyir, Tanrı, görk eləyir. Özünə eləməsə də adamın balasının qabağına çıxardır əməllərini.
-Adam özünü asanda Tanrı stolu təpikləmir ki?
-Gic gic danışma. Allah da var, Tanrı da var. Ağzın əyilər.
 Sonralar bu barədə çox mübahisə etmişdilər nənəsi ilə. Kənddə cavan adam ölən kimi nənəsinin Tanrısı düşürdü yadına:
-Nənə, bəs Gülüsxarın  pəhləvan oğlunu niyə öldürdü Tanrı?
-O Gülüsxara görk olsun deyə. 25 il qabaq Gülüsxar bir bic uşaq doğmuşdu. Uşağı aparıb diri- diri basdırmışdı peyinlikdə. Tanrı da 25 ildən sonra nişanlı oğlunu Ərəseydə öldürtdürüb görk elədi.
-Bəs sənin ərin niyə ömürlük həbs olundu?
-O da öz dostunu öldürmüşdü- 16 yaşlı qaçağı. Həmin Adil müəllimin xalasının tovlaması ilə. Guya qaçaq Əhməd bu qarayığvalın əmisi qızına sataşıbmış. Bu da ona çörək daşıyırmış. Heç dindirib- söylətməyib, ürəyinin başına bir güllə sıxıb. Onda bunun özünün də 16 yaşı varmış. Ömrü boyu uşaqlarının üzünü görə bilmədi əvəzində. Qurban olum Allaha, mənim dualarımı eşidib uşaqlara bir şey eləmədi. Neynədi özünə elədi.
Nənənin gözü yaşardı.
Bax belə söhbətlər çox olurdu. Hətta babasını satan adamın da cəzalandığını bildirirdi nənə:
-Gözü görə- görə iki oğlu getdi dünyadan Mizik Dursunun. Öləndə ulaya- ulaya öldü. Bundan artıq neynəsin Tanrı, a bala?
-O, qaçağı öldürmüşdü, hamı bilirdi. Daha üzünə adam qoymaq nə lazım idi?
-Ona görə tutulmamışdı. Qaçaq Əhmədin qanı batmışdı. Öz tərəfləri də maraqlıymış ölümünə. Analığına bir beşaçılan atmışdı, güllə dədəsini də, analığını da, bir körpə ögey qardaşını da qanına qəltan eləmişdi. Öz tərəfləri də ölümünü istəyirmiş Əhmədin.  Onu da bu qarayığvalın əlinnən öldürtdürdülər. Bu da ömrü boyu bəlasını çəkdi. Qaçaq Əhməd çörək gözləyirmiş, bu da güllə atıb. O hadisədən baban 20 il sonra tutuldu . Baqa işə görə- qaçaqlara çörək verdiyinə görə. 
-Yaxşı çörək verən adam olub deyəsən nişanlın.
-Qaçaqlara çörək verib həmişə. Hökmət də Mizik Dursunu qoydu üzünə. 
  -Bə müharibələrdə o qədər adam ölür birdən?
-Kənddə Nuruların uşağına kimi sürgün elədi Stalin, Bağırov. O müharibədə də Tanrı görk elədi- ikisinin də cavan oğlu öldü. Dağdı belə şeylər, dağdı ata- ana üçün. Hələ Hitlerə də görk elədi-Tanrı. Meyidi ələ gəlmədi. Lenin balşavoylara Cavad ağanı güllələtdi- Allah da ona övlad vermədi. Özünün də meyidini torpaq götürmədi. Görkdü bu dünya, görkdü.
-Sənin Allahın gedib Almaniyaya da çıxıbmış, Qızıl meydana da çıxıbmış.
-Kiri, avara oğlu avara.
 Sonra kəndin ən mötəbər admı Hüseyn kişinin də oğlunu öldürdülər.
-Ay nənə, bə İsmayılın günahı nəydi?
-A bala, Hüseyin birinci arvadı Suqranı damın altında qoyub qızıllarını da götürüb qaçmışdı. Suqraya dəsəsindən qızıl qalmışdı- ağa qızıydi. Hüseyin gedib Bakıda böyük adam oldu. Sonra kəndə gün ağladı bir az. Suqra da il on iki ay qarğayırdı. Tanrı uzun saçlının ahını yerdə qoymazdı. Hayıf elədi İsmayılı. 
Nənənin gözü yaşardı.

Beləcə harda cavan adam ölürdü- nənə buna bir izah verirdi. Allahın görk etdiyindən ağız dolusu danışırdı. Amma Allah- Allah desə də, nə namazı vardı, nə orucu. Hətta desəydin insan öləndən sonra dirilir, nənə "o mollaların uydurmasıdır, inanma” deyərdi.
O isə inanmazdı nənəsinin Tanrısına, sadəcə maraqlı idi bu haqq- hesablar. Bəlkə də ateistliyə elə nənəsinin tanrısından başlamışdı. 
Amma bir hadisədən sonra nənəsinin Tanrısına yavaş- yavaş inanmağa başladı.

  Mal dama girənə yaxın yazabuğa düyələrini oğurladılar. Gördüm deyən olmadı. Amma nənəsi arxayın idi sanki. Tapşırmışam o gözəgörünməzə deyirdi- boğazından yara çıxartsın o düyəni oğurlayıb yeyənin. Indi kənddə hansı oğrunun boğazından yara çıxsa deməli oğru o olacaqdı. Və elə də oldu.
Aradan bir ilkeçməmiş kənddə oğru kimi tanınan Ardoy Musanın boğazından yara çıxdı. Aylarla xəstəxanalarda qaldı. Boğazından çıxan şiş səs tellərini qırmışdı. 1 il ağır halda yatandan sonra ayağa dura bildi- amma boğazına nəsə bir aparat qoymuşdular. Səsi xır- xır xırıldaırdı. Bax onda nənəsinin Allahına bir balaca inanmışdı. Ardoy Musanın bir oğru yoldaşı bu qarğışları eşidib qorxmuşdu- gəlib nənəyə yalvarmışdı, sən Alalh mənə qarğama, Ardoy Musalıqdı hər şey.

***
 Aradan illər keçdi, o uşaq institutu qurtarıb rayonda məşğulluq idarəsində babat bir işə girmişdi. Arada nənəsini həmin mövzuda danışdırırdı. Ömrü boyu kənddən çıxmayan bu qoca qarı hər şeyə izahat verməyə çalışırdı. Həmişə də məsələlər Tanrının cəzası ilə qurtarırdı.
Çalışıb yaxşılıq eləmək lazim idi. Yoxsa özündən görməsə də, balasından görərdi adam.
Tamam bir ateist olan bu cavan oğlan belə fatalist yanaşmalara ürəyində gülərdi- amma nənənin xətrinə dəyməzdi.
Bir dəfə isə deməyə söz tapa bilmədi- Səni nənəmin allahına tapşırıram dedi. Kimə dedi? Həmin Ədalət müəllimə. 

***

... Bir də dosdu gəldi ki, bir az pul tap. Yaman qızlar tampışam G şəhərində. Istəsən özün də bax- adnoklassnikdə var qızlar. 
Qızlar da nə qızlar- iki göz lazım oturub xətti xalına- gül camalına, tamaşa eləyə. Ok. ru-da nömrələrini də qoymuşdular. Münasib qiymətə evdə seks xidməti göstərirdilər.
Dostu zəng edib danışdı. Iki gündən sonra görüşəsi idilər. indi başqa yerdəymişlər.

Iki gündən sonra isə, haqq- hesab daha yaddaqalan olsun deyə "bir baş şey” də istədilər. Heç pul lazım deyilmiş, hərəsi”bir baş şey” götürsə oturub kayflarını çəkəsiymişlər. O "bir baş şey” də tapıldı. Deyilən vaxtda deyilən yerdə oldular.
Xanımın biri aşağı düşdü- profilinə başqa şəkil qoyubmuş. Qardaşının xəbəri olsa başını kəsərmiş yoxsa.
Və "bir baş şey”in gətirildiyini bilən kimi:
-Gedin Cemanı da düşürüm aşağı. Başqa məkandadı məhəbbət otağımız.. .Ora gedəcəyik.
İki dost ağzının suyu axa- axa qızları gözləyirdilər ki..

Xanım getdi və daha onu görmədilər. Polis maşınından beş- altı yekəpər düşüb döyə döyə yıxdılar onları yerə. Əllərini bağlayıb sürüdülər maşına. Döyə- döyə apadılar G şəhər polis bölməsinə.
Orda da Ədalət müəllim, polkovnik Ədalət Sidqiyev özü şəxsən dindirdi onları:
-Havaxtdan çəkirsiniz?
-Çəkmirəm. Qızlar...
-Kişi olun əə, xanımı satıb türməyə getsəniz sizi orda xanım eləyərlər.
Dostu susmuşdu. O isə dilini dinc saxlaya blmirdi:
-Kişilikdən danışırsan, amma odnoklassnikin qəhbələrini səbəbinə də pul qazanırsan. Bizi sən tora salıbsan. O xanımlar da sənin adamlarındı.
Onun bu danışıqları başına bəla oldu- bir baş şey oldu 10 karobka şey. Kütləvi şəkildə satarkən polis əməliyaytçıları tərəfindən yaxalanıbmış. Şəhər sakinlərindən şahidlər də tutmuşdular. Sonra da işgəncələr. Ağzının- burnunun qanı başının qanına qarışdı. Ayaqlarınına o qədər dəyənəklə döymüşdülər, damarlar partlamışdı. Bir ay özünə gələ bilmədi. Gözləri elə çiçmidi, açılmırdı.

Kürəyinə o qədər döydülər beli zolaq- zolaq oldu. Onun bu halını dostuna göstərib qorxutdular. Səni də bu gözləyir, qol çək. Və dostu qol çəkdi. Dostuna 2 il, ona da 4 il verdilər . Məhkəmə ağır cinayətlərdəüzrə istintaq idarəsində oldu. Kimi yox, kimsəsi yox. 
Bu zaman nənəsi- Tanrıdan incimişdi- mən dedim onun (ərini deyirdi) günahını uşaqlara çəkdirmə. Sən uşaqlardan günahı uzaq elədin, nəvəyə çəkdirdin. Belə də şeymi olar?
Və yüz yaşını haqlamış nənə dünyadan Tanrıdan incik şəkildə getmişdi.
 Məhkəmə hazırlıq iclasında hər şeyi bağıra- bağıra demişdi. Növbəti iclasda Sidqiyev özü zalda idi. Fasilədə çəkdi onu bir qırağa:
-Ay gədə, uşaqlıq eləmə. Kişi ol. Gör nə qədər axmaq adamsan ki, mən pulu 3 mindən min manata endirdim. Gətirib vermədiniz. Indi 4 ildə 4-5 min pulunuz çıxacaq aşağısı. Belə də axmaqlıq olar? Axmaq müsəlman səni kimisinə deyirlər. 
-Nə istəyirsən?
-Mənim adımı çəkmə. Mənim türmədə də adamalrım var. Orda yaşatmazlar səni. Özün də nişanlısan, çöldə gözləyənin var. Get kişi kimi cəzanı çək. Yoxsa onun da başına oyun gətirdərəm. Bildinmi ay uşaq? Mənimlə oyun oynamaq olmaz, ol- maz. Bütün polis orqanlarında məndən qorxurlar. Mənim tələbə yoldaşımdı KQB-nin rəisi. Bildinmi ay cındır, bilmədinsə bil. Tayfanızı kəsərik. Kişi ol, heç kimə zərər vermə. Dalında vaqon aparma türməyə.
 Bu məqamda az qala Ardoy Musanın xır- xır səsi  ilə dedi:
- Səni nənəmin Allahına tapşırıram.
-Nəə? 
Səsini bir qədər qaldırdı:
-Səni nənəmin Allahına tapşırıram. Onun Allahı gec eləyir, güc eləyir. 
-Yaxşı, yaxşı. Mən də elə biirdim savadlı adamsan. Sizdə hərənin bir Allahımı var? 
-Görərsən, görər. 
- Sən hələ gör nənəni saxlayarmı o Allah sən qayıdana qədər. Bax elə eləmə işinin üstünə iş gətirdim. Ağıllı ol.
-Səni nənəmin Alalhına tapşırıram.

***

Nənə uzaq qohum sayılırmış. Buna görə də nənəsinin dəfninə gəlməyə icazə vermədilər. Nəsə bir inamı vardı nənəsinin Allahına. Türmədə ibratamiz bir yazı da oxumuşdu- bir amerikalının 14 yaşlı oğlunu küçədə güllə ilə öldürürlər. Məsələni eşidən o ameriaklı deyir- o güllə 14 il idi Vyetnamdan yol gəlirdi. Mən orda bir uşağı heç nədən öldürmüşdüm.
Demək Amerikada da nənəsinin Alalhı kimi Allah var idi. Amerika çox uzaqdı, ora gedincə qulağımızın dibindəki Ermənistandan danışaq. Orda da nənəsinin Allahından var imiş.
"A bala, erməniləri də cəzalandırır  Allah. İkinci hayda bizim qonşu erməni kəndində bir Qara Tatus vardı. Coğaz daşıbmış. Kopolunun persoyu kəndin uşaqlarını Coğaza atırmış. Sonra camaat baban gedər- gəlməzə gedən ili (1937-ci ili deyirdi) o Tatusu da tutdular. Tatus 10 ildən sonra qayıtdı geri. Mən də dedim Allah, elə bu? Ancaq 5-10 gün keçməmişdi Tatusun uşaqlarını Coğaz apardı. Heç meyidləri də ələ gəlmədi- 12 yaçlı qızının, 11 yaşlı da oğlunun. Tatus ulaya- ulaya öldü”.
...Ədalət Sidqiyevin gözünün ağı- qarası yeganə oğlu malvuran olub. Qanını da dəyişdirib Ədalət. Qanını ha. Nahaq qanları çox axıtmışdı əclaf. Hələ damar məsələsinə bax- mal vurmağa damar tapmırmışlar uşaqda. Elə evdəcə mal vurdururmuşlar özləri. Həm eyibləri qırağa çıxmırdı, həm də uşaq o halda deyildi. Gedib hardasa vurar, doza çox olar, o da ölər. gözü açılmırmış uşağın. Cəhənnəmə açılsın, bir ay mənim də gözüm açılmadı.

 Artıq Kürdəmirə çatmışdılar. Yol yoldaşı özü ilə yemək- içmək götürmüşdü. 100- 100 də araq atdılar. Yol yoldaşı hələ də ona söz verməmişdi- Polkovnik Sidqiyev deyir  "Q” elindən bir oğlan vardı, mənim  tifaqımı onun nənəsinin Allahı dağıtdı.  Deyir gərək onu tutulmağa qoymayaydım. Deyir özü- özünə elədi. 3-4 min manatlıq işi min manata salıb, amma o razı olmayıb.  Deyir onun səsi elədi məni- səni nənəmin Alalhına tapşırıram.
-Deyəsən hər şeyi deyirmiş sənə.
-Bə nə, bə nə. Kişi kimi etibar qazanmışam. Öz yerinə toya göndərir məni. Villasında  meşoklarla pul olub, əlimi vurmamışam.
- İndi rəisdimi yenə sənin o Sidqiyevin.
-Yox qardaş. Bu KQB-nin sədri onun tələbə yoldaşı idi. Onu tutan kimi yazıq Sidqiyevi də atdılar bayıra. Özü də lüm- lüt eləyib atdılar bayıra.  Bakıda iki villası vardı- birini uşağın qanını dəyişdirəndə itirdi, birini də prezident naziri dəyişdirəndə. Belə də hökmətmi olar? Tələbə yoldaşına görə də adammı incidərlər? Özü də o təhər adamı. Gəl bunu da içək Sidqiyevin sağlığına. Qaldır, qaldır.
- Məndən Sidqiyevə salam deyərsən.
-Əşşi, Sidqiyev hara, sən hara.
-Onu yıxan mənim nənəmin Allahı idi. Mən o Allahın sağlığına içirəm, Sidqiyevin sağlığına yox.
-Nəə?
10-12 dəqiqə sonra onların avtobusu bir xeyli siqnalladı. Bizim ateist oğlanın yanı boş qalmışdı. Sidqiyevin fanatı qaranlıqlara qarışıb qeyb olmuşdu.