ATV-də rəhbərlik dəyişdi, bir neçə nəfər işdən qovuldu

ATV-də rəhbərlik dəyişdi, bir neçə nəfər işdən qovuldu

26-09-2017 18:06 / Bu xəbər 3454 dəfə oxundu

Sentyabrın 26-da Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

"Teleqraf.com” yazır ki, gedənlərin içərisində ATV dizayn qrupunun rəhbəri, rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır. Vitse-prezident Rauf Dadaşov və "ATV Səhər” proqramının aparıcısı Turan İbrahimov da kanalı tərk ediblər. 

V.Qaradağlının yerinə Azər Xəlilov təyin edilib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu kollektivə təqdim edib.

"Vəzifəmin icrasına başlamışam”

A.Xəlilov APA-ya artıq vəzifəsinin icrasına başladığını deyib:

"Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən artıq vəzifəmin icrasına başlamışam. Hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir.

Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək”.

A.Xəlilov buna qədər CBC telekanalının rəhbəri olub. Yeni sədr müxtəlif illərdə "Turan" agentliyində, BBC radiosunda və ATV kanalında çalışıb. O, telejurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşıdır.  

"Kimsə işdən getmək istəyirsə, öz işidir"

Azər Xəlilov işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilmədiyini bildirib.

O deyib ki, kimsə işdən getmək istəyirsə, öz işidir: "Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.

Yeni sədr bildirib ki, Turan İbrahimovun aparıcısı olduğu "ATV Səhər” verilişinin yayımı dayandırılıb: "Verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu "Yoxlama” verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq”.

"CBC telekanalının bağlanması xəbəri doğru deyil”

"Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil".

Bunu "Report"a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib. Onun sözlərinə görə, "Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi TV-nin təsisçilərinin səlahiyyətindədir: "Təsisçilərin qərarı ilə televiziya rəhbəri olmuş Vüqar Qaradağlının vəzifəsindən azad edilib, yerinə Azər Xəlilovun təyin olunması adi haldır. Burada qeyri-adi heç nə yoxdur".

T.Məmmədov CBC televiziya kanalının yayımının dayandırılması barədə gəzən söhbətlərə də münasibət bildirib. O, bu məlumatların doğru olmadığını deyib: "Televiziyanın rəhbəri başqa yerə gedirsə, bu, kanalın bağlanması demək deyil".

Turan İbrahimov problemi

"Qafqazinfo” yazır ki, kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, "qaldıqları yerdən davam etmələri” məsələni daha da kəskinləşdirib. 

"Azxeber.com” isə yazır ki, yay tətilindən əvvəl Turan İbrahimovun kəskin ritorikası və hakimiyyətə dərs keçmək cəhdləri ölkə rəhbərliyi tərəfindən anti-iqtidar mövqeyi kimi dəyərləndirilib və kanalın prezidenti Vüqar Qaradağlıya məsələ ilə bağlı ölçü götürülməsi barədə bir neçə dəfə tapşırıq verilib. 

Sayt yazır ki, bir həftə öncə yenidən efirə qayıdan T.İbrahimov "26-lar” kafesi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu kəskin tənqid və təhqir edib.

"Məlumata görə, Hacıbala müəllim də ona qarşı aparılan çirkin kampaniyanı, T.İbrahimovun "millət dərslərini” xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, həftə ərzində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadınin hədəfə götürülməsi, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirilməsi, bir sözlə, özündən müştəbeh birisinin dövlət başçısını təbliğ etmək adı altında hakimiyyətə "ağıl və millət dərsləri” keçmək cəhdini əzmlə davam etdirməsi də diqqətdən yayınmayıb”, – sayt yazır.

Arqument.Az