''Avropa Birliyində anlayırlar ki, Azərbaycanda iqtisadiyyat hakim ailənin inhisarındadır''

''Avropa Birliyində anlayırlar ki, Azərbaycanda iqtisadiyyat hakim ailənin inhisarındadır''

13-06-2019 16:31 / Bu xəbər 781 dəfə oxundu

Azər Qasımlı: "Brüssel Bakının əlinə sazişin imzalanmaması üçün bəhanə düşməməsinə çalışır”

Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Bakını Brüssel üçün "mühüm tərəfdaş” adlandırıb.

Yohannes Han bildirib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək: "Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik”.

Komissar bu barədə iyunun 13-də Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda jurnalistlərin suallarına cavab verərkən danışıb.

Yohannes Han Azərbaycanla aviasiya sazişinin bu il imzalayacaqlarına ümid etdiyini qeyd edib: "Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi, bu, iqtisadi imkanların artmasına da yardım edəcək".

Komissar iyunun 12-də Bakı ilə Brüssel arasında danışıqların final mərhələsində olduğunu bildirmişdi. Bu mənada Yohannes Hanın mövqeyi maraq doğurur.

ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı Yohannes Hanın yeni heç nə söyləmədiyini və səslənən fikirlərin uzun müddətdir təkrarlandığını bildirib. O, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerinin cari ilin əvvəlində Bakı ilə Brüssel arasında imzalanacaq saziş barədə açıqlamasını xatırladıb.

Azər Qasımlı hesab edir ki, Avropa Birliyi Azərbaycanla saziş imzalamaq istəyir: "Amma Brüssel Bakının əlinə sazişin imzalanmaması üçün bəhanə düşməməsinə çalışır. Ona görə bu tipli bəyanatlar dəfələrlə verilir. Təbii ki, onlar özləri də bəyanatlarının reallığa tam şəkildə uyğun olmadığını bilirlər. Məsələ ondadır ki, Azərbaycanda biznesin ümumi vəziyyəti, investisiya mühiti ürəkaçan deyil və Brüssel diplomatlarına bu bəllidir. 2016-cı ildən sonra Azərbaycanda idarəçilik avtoritar oliqarxiyadan ailə avtoritarizmə istiqamətlənib və bu, iqtisadiyyatda özünü bilavasitə göstərir. Bank, sığorta, qida, tikinti və digər sektorlar artıq nazir oliqarxların əlində deyil, iqtisadi sferada dairə daralıb. Avropa Birliyində də çox gözəl anlayırlar ki, Azərbaycanda iqtisadiyyat hakim ailənin inhisarındadır, aşağı hissədə bir qədər nəfəslik qalıb. Ola bilsin ki, Azərbaycan bazarına bir sıra şirkətlər buraxsınlar, amma bu da biznes mühitinin olmasına, yaxud iqtisadiyyatın şaxələnməsi anlamına gəlmir. Komissar Hanın açıqlaması isə Brüsselin indiki tərkibinin son akkordlarıdır, çünki Avropa Parlamentinə seçkilərin nəticələri yeni adamların gələcəyini göstərir. Ona görə də bu bəyanata ciddi yanaşmıram”.