Avropa Komissiyasının sədri: "Yeni “Marşal planı”na ehtiyac var"

Avropa Komissiyasının sədri:

05-04-2020 17:48 / Bu xəbər 1193 dəfə oxundu

"Avropa İttifaqının koronavirus böhranından sonra iqtisadiyyatın bərpasını stimullaşdırmaq üçün "Marşal planı"nın yeni bir versiyasına ehtiyacı var”. 

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və İspaniyanın Baş naziri Pedro Sançes ayrı-ayrılıqda mediaya açıqlamalarında bildiriblər.

"Avropa artıq 70 il ərzində qarşısını ala bildiyi müharibələrdən tamamilə fərqli bir düşmənlə müharibə edir: Avropa layihəsinin gələcəyini təhdid edən görünməyən bir düşmən", -  İspaniyanın Baş naziri deyib. 

Həyat yoldaşı, anası və qayınanasının koronavirusa yoluxan  Pedro Sançez AB-nin əvvəlcədən elan edilmiş təşəbbüslərini yüksək qiymətləndirsə də, bu səylərin hələ də yetərli olmadığını bildirib: "Avropa hərbi iqtisadiyyat yaratmalı, müqavimətə və iqtisadi canlanmaya başlamalıdır. Bunun üçün, yeni Marşall Planı adlandırılmalı olan bir plan vasitəsilə bütün mümkün resursları səfərbər etməliyik. Bunun üçün bütün AB üzv ölkələrinin dəstəyi tələb olunur".

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen alman nəşrinə verdiyi müsahibədə: "Bizə Avropa üçün "Marşal planı" lazımdır. Gələcəkdə bir fəlakətin qarşısını almaq üçün bu gün milyardlarla avro sərmayə əldə etməliyik", - deyə qeyd edib.

Xatırladaq ki, "Marşal planı” 1948-ci ildə ABŞ Dövlət Katibi Corc Marşal tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelində qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Qərbi Avropa ölkəsi iştirak edib. 

"Marşal Planı” Qərbi Avropada, müharibədən sonrakı sülhün bərqərar olmasına töhfə verib. 

Planın məqsədi ABŞ bəyan etdiyi kimi Avropanın müharibə şəraitində olan iqtisadiyyatını bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından uzaqlaşdırmaq və bütövlükdə Avropanı inkişaf etdirmək idi.

Nizami 
Arqument.az