Avropa Məhkəməsi Azərbaycanı Natiq Cəfərliyə görə cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı Natiq Cəfərliyə görə cərimələdi

07-11-2019 15:57 / Bu xəbər 1480 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi Respublikaçı Alternativ Partiyasının (ReAl) icraçı katibi Natiq Cəfərli ilə bağlı qərarını açıqlayıb.

Avropa Məhkəməsi Natiq Cəfərlinin həbsini siyasi motivli sayıb və Azərbaycan hökumətinin 17.000 avro cərimələyib. 

Bu məbləğin 15 min avrosu Natiq Cəfərliyə çatacaq, 2 min avro isə vəkil xidmətləri üçün nəzərdə tutulub.

Natiq Cəfərli Toplum TV-yə  deyib ki, qərar onların gözləntiləri çərçivəsindədir: "Bütün qaldırılmış iddialar təmin edildi və 18-ci maddə ilə, yəni həbsin siyasi motivli olduğu, hakimiyyətin mənim siyasi fəaliyyətimdən narazı olduğu üçün həbs etdiyi qərarda təsbit olundu. Hökumətin yaxın 2 ayda  bununla bağlı apelyasiya şikayəti vermək şansı var. Amma mən düşünmürəm ki, bunu edəcəklər. Çünki qərar o qədər açıq və sərt yazılıb ki, son 3 ildə, kommunikasiya getdiyi dövrdə hakimiyyətin ona etiraz edilə biləcəyi normal arqumentləri olsaydı, göndərərdilər”. 

Natiq Cəfərli 12 avqust 2016-cı ildə həbs olunub.

O, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə  4 ay müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub. Lakin 1 aydan sonra həbsdən azad edilib.