Avropa Məhkəməsi daha 15 şikayətlə bağlı qərarını açıqladı

Avropa Məhkəməsi daha 15 şikayətlə bağlı qərarını açıqladı

05-09-2019 17:03 / Bu xəbər 960 dəfə oxundu

Sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş 15 şikayət üzrə qərarını elan edib.

Məhkəmənin saytında bu barədə məlumat dərc olunub.

Qərara əsasən, dövlət ərizəçilərə təzminat ödəməlidir. 

Qərardan 3 ay sonra ərizəçilərdən Elçin Həsənova, Nazim Abbaslıya 9 min, Ruslan Nəsirliyə 14 min, Vüqar Rzayevə 7200, Rasim Rzayevə 7270, İslam Həsənova 5750, Mübariz Əbdülkərimova 5750, Rauf Əbdülrəhmanlı, Əli Abdullayevə 5500, Rafiq Cəlilova 9200, Türkel Alışova 11 min, Saqif Qurbanova 11 min avro təzminat ödənilməlidir.

"Ərizəçilərdən yalnız bir nəfərə - Fuad Hacıyevə təzminat ödənilməyəcək. AİHM onun birləşmək hüququnun pozuntusunu tanıyıb, ancaq ərizəçi tərəfi maddi tələb irəli sürməyib,"- qərarı şərh edən hüquqşünas Xalid Ağəliyev öz feysbuk hesabında yazıb.
 

Xalid Ağəliyev 

Ərizəçilər müxalif partiya təmsilçiləri, ictimai-siyasi fəallardır. Onların hamısı 2009-2015-ci illər aralığında müxtəlif aksiyalarda saxlanılıblar, inzibati qaydada cərimələnib, inzibati həbsə məhkum olunublar.

Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində Konvensiya ilə qorunan işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, birləşmək azadlığı və s. hüquqlarının pozulduğunu iddia edirdilər.

Avropa Məhkəməsi yekun qərarında hesab edib ki, dövlət ərizəçilərə münasibətdə onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüquqlarına müdaxilə edib.

Avropa İnsan Hüquqları Məhkəməsi "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir.

Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlayıb.

Toplum.Tv