Avropa Məhkəməsindən İlqar Məmmədovla bağlı daha bir qərar... - Ekspertlər şərh edir

Avropa Məhkəməsindən İlqar Məmmədovla bağlı daha bir qərar... - Ekspertlər şərh edir

16-11-2017 19:13 / Bu xəbər 1595 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun əsas şikayəti ilə bağlı qərarını açıqlayıb. 

Məhkəmə qərarda 6-cı maddənin (ədalət mühakiməsi hüququ) pozuntusunu müəyyən edib və 18-ci maddənin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) ayrıca araşdırılmasına ehtiyac olmadığını qeyd edib.

Məsələyə münasbət bildirən REAL Hərakatının İdarə Heyətinin üzvü Erkin Qədirli Toplum Tv-yə deyib ki, qərarda İlqar Məmmədovun buraxılması barədə heç bir qeyd yoxdur. 

"Məhkəmə qərarında dövlətlərə konkret tapşırıq verilə bilməz”.

Hüquqşünas Səməd Rəhimli isə deyir ki, 18-ci maddənin 6-cı maddə ilə birgə tətbiqi kimi mühüm məsələ üzrə AİHM-in vahid təcrübəsi yoxdur.

Onun sözlərinə görə, bundan əvvəl bəzi işlərdə Palatalar bu qənaətə gəlib ki, 18-ci maddə 6-cı maddə kontekstində baxıla bilməz: "Bəzilərində isə mahiyyətcə baxıb, pozuntu müəyyən etməyib. Yəni məhkəmənin öz təcrübəsində bu məsələ problematikdir və açıq qalıb. Mühüm məsələ üzrə vahid təcrübə olmayanda, bu, Böyük Palata tərəfindən həll edilməlidir. Belə olanda işə baxan Palata öz təşəbbüsü ilə işi birbaşa baxılması üçün Böyük Palataya göndərməli idi. Birgə xüsusi rəy (həmin xüsusi rəy etiraz edən deyil, qərarla razılaşan xüsusi rəydir) verən hakimlər qeyd edirlər ki, bu cür göndərmə işin uzanmasına səbəb olacaqdı və İlqar Məmmədovun həbsdə olmasını nəzərə alaraq onun üçün "ədalət gecikəcəkdi" (qərarın özündə də 261-ci paraqraf, bu məsələnin açıq qalması qısa və ümumi formada qeyd edilib). Əgər İ.Məmmədov istəsə, bu məsələdən, yəni 18-ci maddəyə ayrıca qiymət verilməsi üçün Böyük Palataya şikayət verə bilər”.

Səməd Rəhimli əlavə edib ki, mənəvi kompensasiya isə Konvensiyanın 6.1-ci maddəsinin, yəni ədalət mühakiməsinin prosessual pozuntularına görə müəyyən edilib, İlqar Məmmədovun həbsinin davam etməsinə görə deyil: "Azərbaycan işlərində bu maddəyə görə mənəvi kompensasiya Pənah Hüseyn və başqalarının işi üzrə müəyyən edilmişdi - 10 min avro. Yəqin məhkəmə hesab edib ki, bu pozuntular həmin iş üzrə pozuntularla eyni xarakterli olduğu üçün həmin qərarla müəyyən edilmiş məbləğdə və meyarda kompensasiya yetərlidir. Maddi kompensasiya üçün isə ümumi formada qeyd edib ki, səbəbli əlaqə müəyyən etmir. Xərclərlə bağlı hissədə isə sübut təqdim edilmədiyini qeyd edib. Ona görə Azərbaycanla bağlı əvvəlki 6-cı maddə presedentlərini nəzərə alanda mənəvi kompensasiya az deyil, həminki işlərlə eynidir”.

İlqar Məmmədovun vəkili Fuad Ağayev Meydan TV-yə deyib ki, məhkəmə bununla onların haqlı olduğunu birmənalı şəkildə müəyyən edib.

Onun sözlərinə görə, 18-ci maddəyə gəlincə, birinci işdə bu maddənin 5-ci maddə ilə bir yerdə - azadlıq hüququnun pozuntusu müəyyən olunmuşdu: "Ona görə məhkəmə hazırkı işdə həmin maddənin tətbiqi müzakirə edilmədi. Amma 6-cı maddənin ciddi şəkildə pozuntusunun müəyyən edilməsi İlqar Məmmədovun bir daha dərhal azad edilməsini aktuallaşdırır”.

Vəkil bu qərardan sonra hərəkətləri hakimiyyətdən gözlədiyini dedi: "Məhkəmənin qərarı ilə İlqar Məmmədova 10 min avro məbləğində kompensasiya verilməlidir. Bu qərarda İlqar Məmmədovun dərhal azadlığa buraxılması barədə göstəriş yoxdur. Biz bu məsələni qaldırmışdıq. Mən Avropa Məhkəməsinin motivlərinin nə olduğunu bilmirəm. Ola bilər ki, birinci qərarda dərhal azadlığa buraxılması qoyulduğundan ikinci qərarda qeyd etməyiblər".

Fuad Ağayev bildirib ki, Avropa Məhkəməsi İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulduğunu bir çox aspektlərdə müəyyənləşdirib, yəni ədalətli məhkəmə araşdırılması aparılmayıb: "Bundan başqa məhkəmə Konvensiyanın 13 və 14-cü maddələrinin pozulduğunu müəyyənləşdirib. Biz məsələ qoymuşduq ki, İlqar Məmmədovun hüquqları onun siyasi baxışlarına görə pozulub. Bu dəfə Avropa Məhkəməsi şikayətimizi qəbul edilən sayıb. Amma hesab edib ki, 6-cı maddənin pozuntusunu qəbul etməklə 14-cü maddənin pozuntusunun olub-olmaması məsələsinə baxmağa ehtiyac yoxdur. Biz isə ehtiyacın olduğunu düşünürük".

"Kompensasiyanın az olmasına gəlincə, mülkiyyətə dair işləri kənara qoymaq şərtilə onun apardığı işlərdə kompensasiya məsələsi o dərəcədə aparıcı rol oynamır. Kompensasiyanın məbləği nə qədər olması vəkildən və ərizəçidən çox jurnalistləri maraqlandırır”, - vəkil vurğulayıb.

İlqar Məmmədov Real Hərakatının sədridir. 

O, 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. 

Avropa İnsan Hüquqları Məhkəməsi haqqında bəraət çıxarsa da, Azərbycan hökuməti onu azadlığa buraxmır.
 
Gülzar N. Məmmədli