Avropa Məhkəməsinin İlqar Məmmədov barəsində qərarı qəti qüvvəyə minib

Avropa Məhkəməsinin İlqar Məmmədov barəsində qərarı qəti qüvvəyə minib

07-03-2018 00:53 / Bu xəbər 2600 dəfə oxundu

Məhkəmə müraciətləri təmin etməyib

ReAl Hərəkatının sədri İlqar Məmmədovun ikinci işi üzrə Avropa Məhkəməsinin ötən ilin noyabrında çıxardığı qərar martın 6-da qəti hüquqi qüvvəyə minib və 3 ay ərzində icra edilməlidir.

Bu barədə ReAL İdarə Heyətinin üzvü Rəsul Cəfərov "Facebook” səhifəsində yazıb.

Noyabrda verilən qərara əsasən İlqar Məmmədov barəsində 7 il azadlıqdan məhrumetmə hökmü əsassız hesab edilib və onun ədalətli mühakimə hüququnun (Konvensiyanın 6-cı maddəsi) pozulması tanınıb.

Rəsul Cəfərov yazıb ki, qərardan həm İlqar Məmmədov, həm də hakimiyyət işin Böyük Palatada araşdırılması üçün müraciət etmişdilər, İlqar Məmmdov 6-cı maddə ilə birgə 18-ci maddənin də pozuntusunun tanınmasını xahiş etmiş, hakimiyyət isə ümumiyyətlə 6-cı maddənin pozulmadığını iddia etmişdi:

"Məhkəmə müraciətlərin təmin edilməməsi barədə bu gün qərar çıxardığından 2017-ci ilin noyabr qərarı (ikinci iş üzrə) qətiləşdi. Bununla da, İlqar Məmmədov barəsində azadlıqdan məhrumetmə hökmü ləğv edilməli, o faktiki azadlığa buraxılmalı və ona 10.000 avro kompensasiya ödənilməlidir”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.