Avropa Şurası Azərbaycana təzyiq göstərməlidir

Avropa Şurası Azərbaycana təzyiq göstərməlidir

27-08-2016 11:46 / Bu xəbər 800 dəfə oxundu

Son zamanlar Azərbaycan hakimiyyəti yenə də insan haqlarının kobud şəkildə pozulması ilə bağlı beynəlxalq tənqidlərlə üzləşir.

Bunlardan ən çox diqqəti çəkən REAL hərəkatının lideri İlqar Məmmədovla bağlı məsələdir.

Artıq uzun müddətdir ki, onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin konkret qərarınınolmasına baxmayaraq, müxalifət lideri hələ də dəmir barmaqlıqlar arxasında qalır.

Keçmişlərdə hakimiyyətinin öz təmsilçisi olmuş sabiq səhiyyə naziri Əli İnsanovla əlaqədar məsələ isə yenidən gündəmə gəlib.

Belə ki, Əli İnsanov haqqında da Avropa İnsan Haqları Məhkəməsinin qərarının olmasına baxmayaraq, o nəinki azad edilməyib, üstəlik bu günlərdə ona qarşı uzunmüddətli həbsxana cəzası ilə nəticələnə biləcək yeni ittihamlar irəli sürülüb.

Həbslər divan tutulması alətidir

AzadlıqRadiosunun bu məsələ ilə bağlı sorğusunu cavablandıran İnsan Haqları Evi Fondunun (The Human Rights House Foundation - HRHF) hüquq müdafiəsi məsələləri üzrə direktorlarından Florian İrminger deyib ki, təşkilat hələki Əli İnsanovun işi bağlı hərəkət etməyə macal tapmayıb.

Bununla belə, cənab İrminger bildirib ki, təşkilat "Azərbaycanda sınma nöqtəsi” (Breaking Point in Azerbaijan) hesabatında hakimiyyətin həbslərdən insan haqları, siyasi fəallıq və fərqli düşüncənin cəzalandırılması üçün alət kimi istifadə etməsindən yazılıb.

"Biz həmçinin İlqar Məmmədov işi ilə bağlı məsələyə baxmışıq, - yazır cənab İrminger, - Biz dəfələrlə onun azad olunmasına çağırmışıq. Siz həmçinin bizim Azərbaycanda qanunsuz həbslər barədə ən son qiymətləndirməmizlə də tanış ola bilərsiniz”.

Yeni hücum dalğası

Florian İrminger yazır ki, referendum ərəfəsində Natiq Cəfərli, Elşən Qasımov, Toğrul İsmayılov, Bəxtiyar Hacıyev və Elgiz Qəhrəman da daxil fəalların və jurnalistlərin tutulub saxlanması, vətəndaş cəmiyyəti və müxalifət üzərinə məhz referendumla bağlı yeni hücum dalğasının başlanmasından xəbər verir.

"Mən bir daha demək istəyiəm ki, qanunsuz həbslərdən müxalifətin susdurulması üçün istifadə edilir” – yazır İrminger.

Florina İrminger həmçinin təşkilatın Şərqi Avropa və Qafqaz üzrə regional meneceri Ane Tusvik Bonde-un Azərbaycandakı hazırkı vəziyyət barədə yazdıqlarından iqtibas edir:

"Referendum kampaniyası zamanı hər bir şəxsə öz rəyini sərbəst və təhlükəsiz şəkildə istifadə etmək azadlığı verilməlidir… – yazıb Bonde, - Əvəzində biz vətəndaş cəmiyyəti və müxalifət üzərinə birbaşa referendumla bağlı yeni hücum dalğasının şahidi oluruq”.

Avropa Şurası susmamalıdır

Cənab İrminger Avropa Şurasının bu məsələlərə münasibəti barədə yazır ki, Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətindən, hələ o həbsdə olduğu vaxt hüquqşünas İntiqam Əliyev də daxil müəyyən adamların məhbus edilməsi, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı informasiya tələb edib.

Florian İrminger yazır ki, burada başlıca problem Azərbaycan hakimiyyətinin bu kimi məsələlərin çözümündə əməkdaşlıq etmək istəməməsidir.

Başlıca problem Azərbaycan hakimiyyətinin bu kimi məsələlərin çözümündə əməkdaşlıq etmək istəməməsidir
Cənab İrminger xatırladır ki, Azərbaycan hökuməti hələ Avropa Şurasına üzv qəbul olunarkən, ölkə daxilində qanunsuz həbslərə son qoyulacağına dair öhdəlik götürsə də, bu öhdəliyə indiyədək əməl etməyib.

"Biz inanırıq ki, Nazirlər Komitəsi bunu özünün qəbul edəcəyi qətnamədə xüsusi qeyd etməlidir” – yazır İrminger.

Florian İrminger düşünür ki, baş katib və Avropa Şurasının Azərbaycandakı təmsilçiliyi Bakı üzərinə təzyiqlərini artırmalıdır.

Onun fikrincə, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ölkədəki vəziyyət barədə hesabat verməli, habelə vətəndaş cəmiyyətinin müstəqilliyinə dəstək göstərməklə, vicdan məhbuslarına baş çəkməklə Avropa Şurasının dəyərlərini müdafiə etdiyini göstərməlidir.