Avropa Şurası: Azərbaycanda qadın məhkumların sayı 83 faiz artıb

Avropa Şurası: Azərbaycanda qadın məhkumların sayı 83 faiz artıb

05-12-2018 13:31 / Bu xəbər 1044 dəfə oxundu

Azərbaycanda hər 100 min nəfərə 249 məhkum düşür.

"Turan” Avropa Şurasının dekabrın 4-də dərc edilmiş "Avropada həbsxanalar" adlı hesabatına istinadən bu məlumatı yayıb.

Hesabatda 2005-ci ildən 2015-ci ilədək dövr müqayisə olunur. Göstərilən illərdə Avropada əhali sayına düşən məhkum sayı sabit qalıb. 2005-ci ildə şərqdən qərbə doğru getdikcə göstəricilər azalmağa başlayıb:

"Amma istisnalar da var. Məsələn, İngiltərə, Uels, İspaniya və Portuqaliyada məhkumların sayı çoxdur, Xorvatiya, Yunanıstan, Sloveniya və Türkiyədə azdır”.

Bildirilib ki, 2015-ci ildə Azərbaycanda 100 min adama 249,3 məhkum düşüb. Gürcüstanda hər 100 min nəfərə 274, Ermənistanda 129, Rusiyada 440 məhbus düşür:

"2005-ci illə müqayisədə 2014/15-ci illərdə Azərbaycanda bəzi göstəricilər üzrə azalma müşahidə olunub. Belə ki, cəzaçəkmə müəssisələrinə girənlər 24 faiz, 10 min məhkuma düşən ölüm halları 38 faiz, intihar halları 70 faiz azalıb. Ancaq məhkumların ümumi sayında 23 faiz, həbsxanalardakı sıxlıqda 25 faiz, qadın məhkumların sayında 83 faiz, əcnəbi məhkumların sayında 12 faiz artım olub”.

Eyni zamanda, qeyd olunub ki, nəzarətçilərin sayı 3 dəfə, həbsxana administrasiyasının saxlanma xərcləri 11 faiz artıb.