Avropa Şurasını bezdirən hakimiyyət Avropa İttifaqı ilə yaxınlaşarmı?

Avropa Şurasını bezdirən hakimiyyət Avropa İttifaqı ilə yaxınlaşarmı?

27-11-2017 01:00 / Bu xəbər 1618 dəfə oxundu

Samir Kazımlı

Normalda Avropa Şurasına üzv olan ölkələrdə siyasi məhbuslar olmamalıdır, seçkilər demokratik, azad və ədalətli keçirilməlidir. 

Avropa Şurasını Avropaya inteqrasiya etmək istəyən ölkələr üçün ilkin mərhələlə saymaq olar. Sonra Avropa İttifaqı gəlir. 

Hazırda Azərbaycan hakimiyyəti az qala Avropa Şurasını yaranmasına peşman edə. Azərbaycan hökuməti demək olar ki, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin xeylisini və əsaslarını yerinə yetirməyib və yetirmək niyyətində də deyil. 

Azərbaycan Avropa Şurasına üzv olandan sonra ölkədə bir dəfə də olsun demokratik, azad və ədalətli seçki keçirilməyib, hüquq-mühafizə orqalarında və məhkəmələrdə vəziyyət yaxşılaşmayıb. Siyasi məhbus problemi qalmaqda davam edir, hazırda ölkədə 150-yə yaxın siyasi məhbus var. 

Avropa Məhkəməsinin qərarları ilə bağlı ancaq kompensasiya hissəsi icra olunur. Məsələn, Avropa Məhkəməsi seçkilərdəki pozuntularla bağlı onlarla qərar çıxardıb. Həmin qərarlara görə hökumət şikayətçilərə pul kompensasiyalarını ödəsə də, seçki pozuntularına yol verilməsi Avropa Məhkəmələrinin qərarları ilə sübut olunan  dairə və məntəqələrdə seçki pozuntusuna yol vermiş dairə və məntəqə üzvləri oradan kənarlaşdırılmayıblar. Və növbəti seçkilər həmin tərkibdə keçirilib. 

Bu misalları başqa sahələrdə də göstrmək olar. Son zamanlar kompensasiya ilə bağlı da problemlər yaradılır.

Bundan əlavə Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin Respublikaçı Alternativ hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədovun azad edilməsi ilə bağlı qərarını, bu qərarın icra edilməsi ilə bağlı Avropa Şurasının baş katibinin və Avropa Şurası Nazirlər Komitəsinin ona yaxın çağırışına əməl etmir. 

İlqar Məmmədov həm də 2007-ci ildən etibarən Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktorudur, yəni Avropa Şurasının rəsmi işçisidir. Deməli, Azərbaycan hakimiyyəti Avropa Şurasının işçisini rahat şəkildə günahsız yerə tuta və həbsdə saxlaya bilir. 

Üstəlik, Avropa Şurası Parlament Assambleyasının rəhbərliyində olan şəxsləri və bəzi deputatları pulla ələ ala, Avropa Şurasını oradan çıxmaqla hədələyə də bilir.

Belə bir siyasət həyata keçirən hakimiyyət Avropa İttifaqı ilə yaxınlaşa bilərmi, buna maraqlıdırmı? Əsas suallardan biri də bu olmalıdır. 

Bəlkə də, Azərbaycan hakimiyyəti iqtisadi və digər məsələlərlə bağlı Avropa İttifaqı ilə yaxınlaşmaq istəyər, amma onun qarşısına yuxarıdakı problemlər – insan haqları, azad seçki haqda məsələlər qoyulmasa.

Deməli Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişini imzalamamağa, Avropa İttifaqı ilə yaxınlaşmaq istəməməsinə səbəblərindən biri də odur ki, Azərbaycan hakimiyyəti hələ də insan haqları və azad seçki ilə bağlı müsbətə doğru addım atmaq niyyətində deyil. 

Azərbaycan hökuməti Avropa İttifaqı ilə yaxınlaşdıqca, onunla sazişlər imzaladıqca, avtomatik olaraq Azərbaycan hökumətinin Avropa İttifaqı qarşısında öhdəliyi yarana bilər. Öhdəliklərə əməl edilmədiyi halda isə, öhdəliklərə əməl edilməsi ilə bağlı tələblər meydana çıxa bilər.

Avropa Şurası ilə müqayisədə Avropa İttifaqının təzyiq və ya sanksiya rikçaqları daha geniş və təsirlidir. Bunu Azərbaycan hakimiyyəti anlayır və başını sanksiya kötüyünə qoymaq istəmir.

Amma Azərbaycan hakimiyyəti anlamalıdır ki, başını o kötükdən nə qədər yayındırsa da, bir gün kötük özü gəlib o başın altında dayanacaq. Onda isə gec olacaq. 

Ona görə də vaxtında Avropaya inteqrasiya etmək və insan haqları ilə bağlı müsbətə doğru addımlar atmaq lazımdır. Ola bilsin ki, bu hakimiyyətə sərf etmir, amma ölkəmizin gələcəyi üçün bunlar mütləq lazımdır.  

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.