AXCP tərəfdarı olan siyasi məhbusda koronavirus əlamətləri var

AXCP tərəfdarı olan siyasi məhbusda koronavirus əlamətləri var

18-05-2020 15:34 / Bu xəbər 1320 dəfə oxundu

13 saylı koloniyada həbs cəzası çəkən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli özündə koronavirusun əlamətləri olduğunu bildirib. Bu barədə onun qardaşı Taleh Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, Saleh mayın 16-da zəng edib və deyib ki, bədənində səpkilər əməml gəlib, ağzında dad yoxdur.

"Həkimlər bildirirlər ki, bu, koronavirusa yoluxmanın ilkin əlamətləridir. Koloniyada yüksək hərarəti olan xəstələr çoxdur. Artıq iki həftədir ki, test aparılmır. İki həftə öncə infeksiyaya yoluxmuş xəstələri aparıblar. Ancaq həmin xəstələrlə əlaqədə olanları yoxlamırlar. Koloniyada məhbuslar üçün dərman, ərzaq, sabun və paltar qəbul edilmir. Məhbuslar qış paltarlarında qalıblar. Paltarlarını dəyişə bilmirlər, ərzaq və siqaret məsələsində çətinlik çəkirlər”, - Rüstəmli bildirib.

Xatırladaq ki, AXCP tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və qalmaqallı "AXCP-nin qanunsuz maliyyələşdirilməsi” işi üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, siyasi məhbus kimi tanınıb.

Mayın 12-də Ədliyyə Nazirliyi  həbsxanalarında 33 nəfərin yoluxmuş olduğunu bildirib. Mayın 15-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbəri Ramin Bayramlı 46 nəfərin yoluxduğunu bildirib. Lakin məhkumların doğmalarının sözlərinə görə, təkcə 13 saylı koloniyada ən azı 96 nəfər yoluxub.
 
turan.az