AXCP üzvlərinin şikayəti təmin edilməyib

AXCP üzvlərinin şikayəti təmin edilməyib

07-11-2019 16:04 / Bu xəbər 1074 dəfə oxundu

Noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində AXCP-nin həbsdə olan üzvlərindən daha iki nəfərin – Fuad Qəhrəmanlı və Aydın İsayevin şikayətlərinə baxılıb. 

Meydan.TV bu barədə məlumat yayıb.

Onların hər ikisi oktyabrın 31-də həbs olunub. İkisini də küçədə telefonla danışarkən söyüş söyməkdə və intizama dəvət edən polisin tələbinə tabe olmamaqda ittiham edilirlər. Həm F.Qəhrəmanlıya, həm də A.İsayevə Nəsimi Rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbs cəzası verilib.

Fuad Qəhrəmanlı və Aydın İsayev eyni gündə, eyni idarənin əməkdaşları tərəfindən, amma fərqli məkanlarda tutulublar. İşlərinə də ayrı-ayrılıqda baxılıb.

F.Qəhrəmanlının apelyasiya şikayətinə hakim Namiq Məmmədov baxıb. F.Qəhrəmanlı məhkəmədə bildirib ki, onu Koroğlunun heykəlinin yanında saxlayıblar: "Mülki geyimlilərin məni izlədiyini gördüm, telefonumu da söndürdüm. Çünki bundan əvvəl cəbhəçilərin hamısının "telefonla danışarkən söyüş söyməyə görə” həbs olunması təcrübəsi vardı. Belə çıxır ki, cəbhəçilər hamısı telefonla danışanda söyüş söyür, dərhal polis peyda olur, onun da tələbinə tabe olmurlar. Bu qədər qeyri-ciddilik, bu qədər absurd olar?! Bununla hüquq-mühafizə orqanları özlərini biabır edir. Elə məhkəmələr də onlar kimi, sifarişlə biabırçı qərarlar verirlər. Oturduğum yerdə yaxınlaşıb dedilər ki, "bizimlə getməlisən”. Mən də getdim və bu biabırçı protokolu tərtib elədilər ki, guya telefonla danışanda söyüş söymüşəm, bunlar məni intizama dəvət edib. Nəsimi Rayon Məhkəməsində dedim ki, araşdırma aparmaq istəyirsinizsə, həbs olunduğum yerdə olan kameraların görüntülərinə baxın, mobil operatordan cavab alın ki, mən o vaxt telefonla danışmışam, yoxsa yox. Təbii ki, eləmədilər. Çünki məhkəmə deyil, teatrdır. Azərbaycandakı rejim repressiya siyasətində məhkəmələri siyasi qırmanca çevirib”.

F.Qəhrəmanlı bildirib ki, onun həbsində məqsəd Milli Şuranın 2 noyabra təyin etdiyi, sonradan ləğv olunan mitinqdə iştirakının qarşısını almaq idi. Çünki indiyədək əksər mitinq və piketlərin təşkilatçılarından biri olub. Onun sözlərinə görə, fəalları həbs eləməklə hökumət həm də insanlarda qorxu yaratmaq məqsədi güdür: "Yanılırlar, çünki tək biz deyilik, ölkədə bu rejimə qarşı böyük narazılıq var. Bizi həbs eləməklə də artan narazılığın qarşısını almaq mümkün olmayacaq”.

F.Qəhrəmanlı əlavə edib ki, apelyasiya məhkəməsindən də ədalət gözləntisi yoxdur. Amma bu işi Avropa Məhkəməsinə aparmaq üçün yerli məhkəmələri keçmək vacibdir, ona görə şikayət verib: "Siz də obyektiv qərar vermək iqtidarında deyilsiniz. Gedib-qayıdcaqsız, deyəsəksiniz ki, şikayət təmin olunmur, qərar qüvvədə qalır”.

Az sonra F.Qəhrəmanlının dediyi kimi olub – hakim Namiq Məmmədov bir neçə saniyəlik müşavirədən qayıdaraq, Nəsimi Rayon Məhkəməsinin 30 sutkalıq qərarının qüvvədə saxlandığını elan edib.

Bakı Apelyasiya Məhkəməsinin başqa bir hakimi Faiq Qasımov isə AXCP fəalı Aydın İsayevin şikayətinə baxıb. O da bildirib ki, partiya üzvü kimi keçirilən mitinqlərdə iştirak edir və həbsi 2 noyabr mitinqində iştirakının qarşısını almaq məqsədi daşıyıb.

A.İsayevin sözlərinə görə, onu oktyabrın 31-də axşam saat 8 radələrində Respublika sarayının yaxınlığında dörd nəfər saxlayıb. Əvvəlcə Nəsimi Rayon Polis İdarəsinə, oradan da bu rayonun 22-ci polis bölməsinə aparıblar. Orada küçədə söyüş söyməsi, polislərin əmrinə tabe olmaması haqda protokol tərtib olunub. Lakin o, protokolu imzalamayıb. Ertəsi gün də Nəsimi Rayon Məhkəməsinə aparılıb, haqqında 30 sutkalıq həbs qərarı çıxarılıb.

"Hakim obyektiv araşdırma aparmayıb, yalnız polislərin dediklərinə əsaslanaraq qərar verib. Nə kamera görüntülərinə baxılıb, nə mobil telefon danışıqları araşdırılıb. Ona görə xahiş edirik, siz bu məsələləri araşdırasınız”, - deyə vəkil Fəxrəddin Mehdiyev hakimə müraciət edib.

Hakim Faiq Qasımov isə vəsatətləri və apelyasiya şikayətini təmin etməyib.