Aygün Səmədzadənin son sualına təəssüfləndiyi müsahibə

Aygün Səmədzadənin son sualına təəssüfləndiyi müsahibə

10-11-2015 14:38 / Bu xəbər 2462 dəfə oxundu

Dekabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin Heydər Əliyev adına Sarayda sənət gecəsi keçiriləcək. 

Konsert öncəsi bəstəkar Ölkə.az-ın suallarını cavablandırıb.

- Aygün xanım, necəsiniz?

- Maraqlı sualdır (gülür).

- (zarafatyana) Cavabınız bu idi?

- Hazırda bilmirəm necəyəm (gülür). Yəni məqsədə doğru gedirəm, edəcəyim iş həm gözəl nəticə verməlidir, həm də çox məsuliyyətlidir. Bəlkə də ona görə beləyəm. Tarix yaxınlaşdıqca həm həyəcanım artır, həm də səbirsizliklə gözləyirəm o günü. Bu gün necə olduğumu bilməməyimi izah edə bildim? (Gülür)

- İzah edə bildiniz. Elə yeri gəlmişkən, istərdim dekabrın 1-də Heydər Əliyev adına Sarayda keçiriləcək "Biri varmış, biri yoxmuş" adlı sənət gecəniz barədə danışaq. Bu gecənin keçirilməsi hansı zərurətdən irəli gəldi?

- Sizcə, müəllif gecələrinin keçirilməsinə zərurət yoxdur?

- Demədim ki, zərurət yoxdur. Soruşdum ki, hansı zərurətdən yarandı?

- Yazdıqlarımı bir yerə toplayıb təqdim etmək, dinləyicilərə "son illər ərzində bunları da etdim" demək zərurəti yaranıb yəqin.

- Konsertin adı da bir qədər nağılvaridir. Deyə bilərikmi, dinləyicilərinizi dekabrın 1-də yaxşı mənada nağıl kimi bir gecə gözləyir?

- Əvvəlcədən vədlər vermək istəməzdim. Amma deyə bilərəm ki, musiqimi dinləmək üçün bir musiqili nağıl gecəsi olacaq.. Təbii ki, bu bir rəmzi addır.

- Bilirik ki, həm də yaxşı rəqs etmək bacarığınız var. Ola bilərmi ki, sevənlərinizə konsertdə də belə bir sürpriziniz olsun?

- İnsanlar bütün bacarıqlarını böyük səhnələrə çıxarsalar, nə baş verər görəsən? Əsərlərimdə rəqs edəcək peşəkar rəqqaslar var. Əhvalım yaxşı olsa, səhnə arxasında rəqs edərək yaradıcı heyəti sevindirə bilərəm.

- Sənət gecəsinə mahnılarınızı, əsərlərinizi ifa etmiş bütün sənətçilər dəvətli olacaqlar?

- Xeyr, bütün sənətçiləri dəvət etsəm, gərək konsert daha bir neçə saat uzansın. Həm də məsuliyyət və canlı ifa məsələsi var. Dəvət edərkən bunları da düşünmək lazımdır.

- Kimlər dəvət olunacaqlar?

- Adlarla tamaşaçı yığmaq fikrindən uzağam. Ona görə də nə afişada, nə anonslarda iştirak edəcək müğənnilərin adı yoxdur. Hər halda yaradıcılığıma bələd olanlar konsertdə kimlərin olacağını təxmin edə bilərlər.

- Son illərdə sənət adamları solo konsertdən imtina ediblər demək olar ki. Səbəb isə maliyyədir. Sizin konsertin maliyyə dəstəkçisi özünüzsünüzmü?

- Ailəm.

- Bir az da yumor hissinizdən danışaq. Bu qədər lirik bəstələrin müəllifinin həm də güclü yumor hissi var...

- Belə deyirlər.

-Bildiyimə görə xeyli lətifələr bilirsiniz...

- Lətifəyə gülürəm, amma yadımda qalmır. Düşünürəm ki, nəyəsə gülmək qabiliyyəti özü bir xoşbəxtlikdir. Gülməyi bacarmayan, içi sevinməyən adamlar var. Nə yaxşı ki, onlardan deyiləm. Yoxsa bu lirik mahnılarla tək qalardım. Çünki insanlar ünsiyyətdə pozitiv istəyir. Yəni dost-tanış haradasa oturansa şikayət yox, zarafat etsinlər (gülür). Onsuz da bu dünyanın dərd yükünü çəkməyə kimsənin gücü çatmaz.

- Yumor hissi və lirika. Təzadlı olsa da, maraqlıdır. Daxilinizdə bunlardan hansının yükü daha ağırdır?

- Tarazlaşdırmağa çalışıram, istəmirəm hansısa qalib və ya məğlub olsun. Lirika musiqimdə yaşayır, yumor xasiyyətimin bir hissəsində (gülür). Xasiyyətimin o biri hissəsində çox ciddi, hətta zəhmliyəm.

- Uşaqlığınız Bakının ən maraqlı kəndlərindən olan Buzovnada keçib. İndi də Buzovada yaşayırsınız. Bu illər ərzində sizin üçün nələr dəyişib kəndinizlə bağlı?

- Mən şəhərdə doğulub böyümüşəm. Tətillərim və istirahət günlərim Buzovna ve Bilgəhdə-ata-ana yurdumda keçib. İndi buradayam və müəyyən saatlarda şəhərin səs-küyündən uzaq oluram. Bir haşiyə çıxım. İnsanlar ən çətin və xoşbəxt anlarında ən doğma yerə ehtiyac duyur. Mənimçün bu yerlər, Xəzərin qumlu sahili, kəndimiz, İçərişəhər və Bakının mərkəz ərazisi çox doğmadır. Sualınızın cavabına gəlincə, hər şey dəyişib. Bakı kəndi muzeylərdəki rəsm əsərlərində qalıb artıq. İstər memarlıq, istərsə də sakinlərin siması və xarakteri. Bilirsiz ən çox darıxdığım səs hansıdır? Küçələrdə dəmir çarxlı taxta arabalar gəzərdi "morojjnı" deyərək qışqıraraq. Uşaqlar o səsi elə gözləyirdilər ki. Qəpik-quruşla hamı səs gələn tərəfə qaçırdı.

- (zarafatyana) Deməli, o vaxtdan iştahınız yaxşı olub.

- Bəli, ən sevdiyim də dondurmadır.

- Sizə görə Bakı kəndlərindəki hansı adət-ənənə əvəzolunmazdır və digər yerləri bu mənada üstələyir?

- Sizə bir söz deyim. Mən təmiz bakılı olsam da, yerlipərəst deyiləm. Yəni insanlara yerə görə yox, qabiliyyətinə görə hörmət edirəm. Bu baxımdan da yerindən asılı olmayaraq, gözəl adət-ənənələrə hörmətlə yanaşıram. Amma bakılıların və xüsusən buzovnalıların bişirdiyi paxlavaya, qutaba, naxış vurduğu şəkərburaya çatan olmaz (gülür).

- Bəs deyirlər qutabı coratlılardan yaxşı bişirən yoxdur?

- Corat qutabı ayrıdır. Hər baxımdan əslisi bizdədir (gülür).

- Sonra da deyirsiniz ki, yerlipərəst deyiləm. Bir az da mətbəxdən danışaq. Bayaq da dediyiniz kimi iştahınız yaxşıdır. Bəs bişirməklə aranız necədir? Sizin "ifanızda" xüsusən gözəl alınan bir təam varmı?

- Müsahibələrdə mətbəx mövzusunu o qədər də sevmirəm. Mətbəxlə bağlı qadınlarımız sənətlə məşğul olanlardan daha çoxdur. Məncə az olanlara veriləcək sualların mövzusu da fərqli olmalıdır.

- Yəni belə çıxır ki, mənə irad tutursunuz?

- İrad deyil. Ümumiyyətlə, bu suala münasibətimdir. Efirlərdəki mətbəx verilişlərinə münasibətimdir. Düşünürəm ki, müğənnini, bəstəkarı, şairi, aktyoru imkan daxilində sırf sənətlə bağlı verilişlərə çağırsınlar.

- Heç vaxt mətbəx verilişlərində iştirak etməmisiniz?

- Bir dəfə olmuşam, o da 7-8 il əvvəl. Bilmədən və müdaxilə etmədən izləmişəm. Çünki qurbağa bişirirdilər (gülür). Yəni məsləhət verməyə də sözüm olmadı.

- Aygün xanım, istərdim yenidən sənət barədə danışaq. Belə fikirlər var ki, istedad varsa, təhsil olmasa da olar. Sizcə təhsili olmadan bəstəkar olmaq mümkündür?

- İstedad varsa, mümkündür. Belə hallar hər zaman olub. İstedad yoxdursa, nə qədər oxusan da, nə qədər səslənsə də, ürəklərdə bəstəkar kimi qalmayacaqsan. Amma təhsilin tərəfdarıyam. Çünki istedad və savad bərabərliyi qələbədir.

- Adətən tanınmış, vəzifəli şəxslərin övladlarının qazandığı uğur elə də ciddi qəbul olunmur. Hətta övlad nə qədər istedadlı, intellektual olsa belə buna qulp qoyanlar tapılır. Və siz də həm tanınmış, həm də yetərincə nüfuzlu bir şəxsin-millət vəkili Ziyad Səmədzadənin qızısınız. Aygün Səmədzadə olmağınızda atanızın rolu nə dərəcədə olub?

- Siz mənim uğurlarımı ciddi qəbul etmirsiz? Adətən dediniz. Amma bizim ən gözəl atalar sözümüz budur. Ot kökü üstündə bitər.

- Mən sizə sual verdim, uğurlarınıza münasibət bildirmədim. Adətən isə həmişə demək deyil.

- Mənim ən böyük uğurum elə atamın qızı olmağımdır. Çünki valideyni biz seçmirik. Əsl-nəcabət, kübarlıq deyilən anlayışlar var ki, bunları cəmləşdirən bir ailədən gəlmək özü böyük bir xoşbəxtlikdir. O ki qaldı qulp qoyanlara, paxıl adamlar həmişə olub və olacaq. Onların neqativi belə bizə yaratmağa təkan verir. İncəsənət elə bir sahədir ki, burada ya varsan, ya da yox. Vəzifə, pul, var-dövlətlə gündəmdə qala bilərsən. Amma sənətə sevgi və rəğbət sənətin özündən yaranır, atanın vəzifəsindən deyil. Mənim atam hər şeydən əvvəl alimdir və bu günə qədər yazı masasının üstü yazılarla, tədqiqatlarla dolu olan böyük alim. Alim övladı olmağın çox işıqlı tərəfləri var. Bu işıq hər zaman mənimlədir.

- Səhv etmirəmsə, bəstələrinizi satmırsınız və istədiyiniz vaxt qadağa qoya bilirsiniz. Bu ehtiyacsızlıqdan irəli gəlir, yoxsa yaradıcılığınıza olan aşırı həssas münasibətdən? Yaxud da xarakterinizdəki kaprizlə bağlı ola bilərmi?

- Mahnılarımın lazımi dəyərini bilən yoxdur. Səsi olanın pulu, pulu olanın səsi olmur. Müğənnilər əvvəlcə mahnı istəyi ilə ağlayır. Sonra mahnılar hesabına karyeralarında maşın, bağ, ev mərhələlərinə çatır və "gündəmlik mahnılar"a keçirlər. Yəni söhbət ehtiyacsızlıqdan getmir. Hər kəs zəhmətinə qiymət verir və hörmət istəyir. O ki qaldı qadağalara, mahnının hüquqları biz müəlliflərdə olur. O hüququ satın ala biləcək bir müğənni yoxdur Azərbaycanda. Bəlkə də var. O da yəqin alacağı başqa şeylərin planını cızır (gülür).

- İndi bir mahnının qiyməti təxminən 3-5 min manat arasındadır. Əgər bəstələrinizi qonorar qarşılığında yazsaydınız, qiymət neçə olardı?

- Olar belə sual verməyəsiniz. Mən camaatın cibindəkini saymıramsa, onların nə ehtiyacı bunu bilməyə?

- Mən demirəm ki, cibinizdə nə qədər pul var? Soruşuram ki, bir bəstənizə görə hansı qonorarı tələb edə bilərsiniz? Yəni satacağınız halda...

- Cavab verdim artıq.

- Aygün xanım, son olaraq sizi sevənlərə, dinləyicilərə deyəcəkləriniz varsa, buyurun.

-Musiqidə kadensiya deyilən bir şey var-sona gətirən akkordlar. Sizin son sualınız heç mənim yaradıcılığıma görə olmadı. Bilirəm, bunu yazmayacaqsınız, amma deyim. Hər şeyi maddiyata bağlamaq olmaz axı. Mən mahnılarımı bağışlaya da bilərəm, qonorar hesabına verə də bilərəm. Bunu müğənni, menecer və mən bilməliyəm.

- Sizi sevənlərə deyəcəkləriniz elə yaradıcılıqla bağlı sualdır. Çünki sizi tanıyanların böyük qismi yaradıcılığınıza görə tanıyır. Deməli, son sual da yerində idi.

- Təəssüf...

Arqument.Az