Aynur Elgünəş Baş Prokurorluğa çağırıldı

Aynur Elgünəş Baş Prokurorluğa çağırıldı

10-07-2017 18:10 / Bu xəbər 1355 dəfə oxundu

Müstəqil jurnalist Aynur Elgünəş iyulun 11-i saat 14:00-da Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Toplum Tv-yə  jurnalistin özü məlumat verib.

A.Elgünəş bildirib ki, onu müstəntiq Əli Babayev çağırıb.

Çağrılmanın səbəbi kimi Meydan TV və Əfqan Muxtarlı işi göstərilib. 

İki həftə öncə  vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin Meydan TV-nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.

Bundan əvvəl Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalistlər Xədicə İsmayıl, Sevinc Vaqifqızı, Aytac Əhmədova, İzolda Ağayeva və Natiq Cavadlı, İslam Şixəli Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Jurnalist Ə.Muxtarlı mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.